Məhkəmə qərarları › İş №2(011)-5008/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5008/2023

18.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5008/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh tərəfindən tərtib edilmiş aktlara əsasən hesablanmış 6171,88 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun evində qaz sayğacı 2010-cu ildə quraşdırılmışdır. Bundan sonra 2013-cü ildə həmin sayğacı Cavabdeh əməkdaşları çıxartdılar ki, bir aydan sonra yeni sayğac qoyacaqlar. . İddiaçı sayğacı olmadığı dövrdə sahə nəzarətçisinə 250 manat pul vermişdir ki, sayğac quraşdırsın. Lakin həmin şəxs ona kənar xətt qoşdu və bir aydan sonra sayğacı quraşdıracağını bildirdi. Lakin yeni sayğacı ancaq 2020-ci ildə quraşdırdılar və iddiaçıya 2500 manat məbləğində borc hesablandı. Bundan sonra iddiaçıya 2022-ci ildə də borc hesablandı. Həmin borcla bağlı ona bildirdilər ki, borc kompüterdə yatmışdır deyə, borcu təkrar yazdılar. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçının etirafından da görünür ki, o, təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir. Odur ki, Cavabdeh tərəfindən hesablanmış borclar əsaslıdır. İşin halları İddiaçı məxsus ünvanda quraşdırılmış qaz sayğacı 03 may 2013-cü il tarixində dövlət yoxlamasına göndərilməsi üçün Cavabdeh əməkdaşları tərəfindən yeni sayğac quraşdırılmadan çıxarılmışdır. Ünvanda yeni mexaniki sayğac 19 mart 2020-ci il tarixində quraşdırılmışdır. Sayğac quraşdırılan zaman tərtib edilmiş ******* saylı aktda ünvanda 1 ədəd 4 qözlu plitənin və 1 ədəd qeyri standart su qızdırıcısının olduğun qeyd edilmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatına əsasən müəyyən edilmişdir ki, 2013cü ildə sayğac çıxarılandan sonra, ünvana təbii qazdan istifadə edilməsi üçün kənar xətt qoşulmuşdur. İddiaçıya 2022-ci ilin iyun ayına təbii qazdan istifadəyə görə ümumilikdə 6171,88 manat məbləğində borc hesablanmışdır. 2018-ci ilin yanvar ayına təbii qazdan istifadəyə görə abonentin borcu olmamışdır. Belə ki, iddiaçının da qeyd etdiyi kimi, həmin tarixədək evdə yaşayış olmamışdır. Lakin 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək abonent barəsində hər ay təbii qazdan sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə istifadə etdiyinə görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, aktlara əsasən iddiaçıya ümumilikdə 4217,40 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB tərəfindən aktlara əsasən itirilmiş qazın həcmi hesablandığı zaman, iddiaçıya məxsus fərdi yaşayış evində 1ədəd 4 gözlu plitənin və 1 ədəd qeyri standart su qızdırıcısının quraşdırıldığı halda, hesabat əsassız olaraq digər qaz qurğuları üzrə də aparılmışdır. Bundan başqa iddiaçıya 2020-ci ilin mart ayında quraşdırılmış sayğacın mexaniki və elektron göstəriciləri arasında fərq olduğuna görə 2020-ci ilin iyun ayı üzrə əlavə 2462,10 manat məbləğində də borc hesablanmışdır. Lakin abonent saldosunda həmin fərq öz əksini tapmamış, 2020-ci iyun ayı üzrə sərfiyyat sayğacın mexaniki göstəricilərinə əsasən 294 m3 hesablanmışdır və sərfin məbləği 29,40 manat təşkil etmişdir. 2020-ci ilin aprel ayından 2022-ci ilin iyun ayınadək ünvanda istifadə edilmiş qazın sərfiyatına görə ümumilikdə 1328,78 manat borc yarandığı halda, iddiaçı tərəfindən həmin dövrə görə təbii qazın dəyəri üzrə cəmi 160 manat məbləğində ödəniş edilmişdir. Nəticədə 2020-ci ilin aprel ayından iddiaçının istifadə etdiyi təbii qaza görə borcu 1168,78 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək iddiaçıya məxsus ünvanda sayğacsız təbii qazdan kənar xətt vasitəsilə istifadə edilmişdir. İddiaçı Cavabdeh əməkdaşlarının təqsirinə görə yaşayış evində təbii qazdan sayğacsız istifadə etməyə məcbur olduğunu iddia etsə də, məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, həmin dövr ərzində iddiaçı tərəfindən ünvanda Cavabdeh tərəfindən sayğacın quraşdırılmasını təmin etmək məqsədi ilə hər hansı tədbir görülməmiş, iddiaçı yaranmış vəziyyətdən sui-istifadə edərək 2 il 3 ay ərzində hər hansı ödəniş etmədən təbii qazdan istifadə etmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, həmin dövrə görə hesablanmış borcun tamamilə silinməsi ağlabatan deyildir. Məhkəmə iddiaçıya məxsus fərdi evdə 1 ədəd 4 qözlu plitənin və 1 ədəd qeyri standart su qızdırıcının olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən sayğacda təbii qazdan istifadə edildiyi dövr üzrə təbii qazın sərfiyyatı bu iki qurğunun maksimal saatlıq qaz sərfi, eyni zamanda, 8 saatlıq və 18 saatlıq iş rejimi əsas götürülməklə hesablanmalıdır. Belə olan halda qeyd edilən dövr üzrə təbii qaza görə borc 2624,4 manat məbləğində müəyyən edilməli (1,2 (PG4) x 6 x30 =216 m3; 1,4 (QSSQ) x 18 x 30 =756 m3; (756 m3 + 216 m3) x 27 ay =26244 m3; 26244 x 0,10 manat = 2624,4 manat), həmin dövr üzrə hesablanmış qalan 1593,0 manat məbləğində borc isə silinməlidir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, iddiaçıya 2020-ci ilin may ayı üzrə 2462,10 manat məbləğində borc da qanunsuz hesablanmışıdr. Belə ki, cavabdeh tərəf həmin borcun iddiaçının ünvanında quraşdırılmış sayğacın mexaniki və elektron göstəriciləri arasında yaranmış fərqə görə hesablandığını bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının evində mexaniki sayğacın quraşdırıldığı, abonent saldosunda sayğacın təkcə mexaniki göstəricilərinin qeyd edildiyi və həmin ay üzrə cəmi 294 m3 qazın sərf edildiyi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, qaz sayğacının göstəricilərinə uyğun hesablanmayan 2462,10 manat məbləğində borc əsassızdır və silinməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı ümumilikdə 6171,88 manat borcun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı həmin məbləğə iddiaçı tərəfindən 2020-ci ilin aprel ayından sonra istifadə etdiyi lakin dəyəri ödənilməyən qaza görə 1168,78 manat məbləğində borcun da daxil olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 2020-ci ilin aprel ayından 2022-ci ilin iyun ayınadək olan dövr üzrə 1168,78 manat məbləğində borc iddiaçıya aid olduğuna görə iddiaçı qeyd edilən məbləğdə borcun silinməsini tələb etməkdə haqlı deyildir. Odur ki, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən İddiaçı 4055,10 manat məbləğində borc əsassız və qanunsuz hesablanmışdır. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 4055,1 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 60,55 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********10000) üzrə İddiaçı hesablanmış 4055,10 (dörd min əlli beş manat on qəpik) manat məbləğində borc silinsin. 60,55 (altmış manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İBdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar