Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-501/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 iyul 2023-cü il tarixə 1.307,29 manat gecikdirilmiş əsas, 279.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 599.86 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1.486,77 manat, ümumilikdə 3.673,66 manat borc və ödənilmiş 56.74 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 26 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19.088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19.088 manatın 13.300 manatı əsas məbləğ təşkil edir. 14 sentyabr 2020-ci il tarixdə X2, X1 və İddiaçı MMC arasında MAS-2395 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri M.Gülməmmədov öz üzərinə götürmüşdür. 24 noyabr 2020-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS- 2395 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh lizinq verən qarşısında götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə üzrə sonuncu ödəniş 01 aprel 2023-cü il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 iyul 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1.486,77 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-2395 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 iyul 2023-cü il tarixə ümumilikdə 2.186,89 manat məbləğində gecikmə borcu yaranmışdır. İddiaçı hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 iyul 2023-cü il tarixə 1.307,29 manat gecikdirilmiş əsas, 279.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 599.86 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1.486,77 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 448.40 manat, ümumilikdə 4.122,06 manat borc və ödənilmiş 61.23 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi X7 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə “Khazar SD” markalı, ağ rəngli avtomobil 13.300 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19.088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 14 sentyabr 2020-ci il tarixdə X2, X1 və İddiaçı MMC arasında MAS-2395 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri M.Gülməmmədov öz üzərinə götürmüşdür. 24 noyabr 2020-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-2395 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 26 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Avtomobil 29 iyul 2023-cü il tarixdə iddiaçıya təhvil verilmişdir. İddiaçı MMC Servis tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Khazar SD” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ehtiyat hissələri 717.60 manat, ümumi xidmət haqqı 640 manat, Ə.D.V.-si 129.17 manat, ümumilikdə 1.486,77 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh 26 may 2020ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsi üzrə 29 iyul 2023-cü il tarixə 1.307,29 manat gecikdirilmiş əsas, 279.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 599.86 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.186,89 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən lizinq obyekti olan avtomobilə ziyan dəyib-dəyməməsinin, o cümlədən dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə kompleks məhkəmə ekspertizası (mühasibatlıq və əmtəəşünaslıq) təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 24 aprel 2024cü il tarixli 9/721 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 06 may 2020-ci il tarixli MAS-2395 saylı “Daxili lizinq” müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 29 iyul 2023-cü il tarixə banka olan əsas borcunun 2.691,66 manat, faiz borcunun 164.98 manat olduğu müəyyən olunur. Nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC tərəfindən 11 avqust 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2020-ci il buraxılışlı “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1.357 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarların surətindən görünür ki, “Khazar SD” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 və X5 barəsində protokol tərtib edilmiş və həmin şəxslər cərimə edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcu nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin borcunu əks etdirən 19 sentyabr 2023-cü il tarixli, 2402 nömrəli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, Cavabdeh 1.307,29 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın 279.74 manat mükafat borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 24 aprel 2024-cü il tarixli 9/721 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, cavabdehdən müqavilə üzrə faiz borcuna görə 164.98 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın 599.86 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 599.86 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 130 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyekti olan avtomobilə dəymiş 1.486,77 manat zərərin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 24 aprel 2024-cü il tarixli 9/721 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 1.357 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin inzibati xəta haqqında protokollara görə ödənilmiş 448.40 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq obyekti olan “Khazar SD” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı müxtəlif vaxtlarda inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sözügedən protokollar “Khazar SD” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3, X5 və X4 tərəfindən idarə edildiyi vaxt həmin şəxslər barəsində tərtib edilmişdir. İddiaçı iddiasının əsasında onu göstərmişdir ki, inzibati xətanı cavabdeh törətmişdir. Halbuki yuxarıda istinad olunanlardan da göründüyü kimi inzibati xətalar cavabdeh tərəfindən törədilməmişdir. Odur ki, iddiaçının həmin inzibati xəta haqqında protokollara görə ödənilmiş vəsaiti Cavabdeh tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26 may 2020-ci il tarixli MAS-2395 saylı daxili lizinq müqaviləsinə əsasən 1.307,29 manat əsas, 164.98 manat mükafat, 130 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 1.357 manat olmaqla, ümumilikdə 2.959,27 manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 57.14 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 57.14 manat dövlət rüsumunun 40.56 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 16.58 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 150 manatın 106.50 manatı Cavabdeh, 43.50 manatı İddiaçı MMC-dən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26 may 2020-ci il tarixli MAS-2395 saylı daxili lizinq müqaviləsinə əsasən 1.307,29 (bir min üç yüz yeddi manat iyirmi doqquz qəpik) manat əsas, 164.98 (bir yüz altmış dörd manat doxsan səkkiz qəpik) manat mükafat, 130 (bir yüz otuz) manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 1.357 (bir min üç yüz əlli yeddi) manat olmaqla, ümumilikdə 2.959,27 (iki min doqquz yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat pul vəsaiti və 40.56 (qırx manat əlli altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan 16.58 (on altı manat əlli səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 106.50 (bir yüz altı manat əlli qəpik) manatı Cavabdeh, 43.50 (qırx üç manat əlli qəpik) manatı İddiaçı MMC-dən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-501/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-501/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver