Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5023/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – iddiaçıya məxsus ünvan 1inə (kod: **********01180) əsassız olaraq hesablanmış 7225,20 manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-512 saylı sahə ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan smart tipli qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra iddiaçı smart kartından pul tutulmalarının aparıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, guya iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən olunduğu üçün iddiaçıya iki akt üzrə ümumilikdə 7225,20 manat məbləğində cərimə hesablanmışdır. Sayğaca müdaxilə dedikdə iddiaçıya bildirmişlər ki, guya iddiaçı istifadəsində olan qaz sayğacının daxilində yerləşən çıxış plastmas borusunu deşmiş və buna görə iddiaçıya xx.xx.2019-cu il tarixdə ******* saylı aktla 486 manat cərimə hesablanmışdır. Qaz sayğacı iddiaçının yaşayış evindən kənarda iddiaçının mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən sayğac çıxarılarkən sayğacın plombları üzərində olmuşdur. Belə olan halda sayğacın daxilinə müdaxilə etmək qeyri mümkündür. İddiaçı istifadəsində olan qaz sayğacına müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir. Cərimənin digər 6739,20 manat hissəsi isə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən guya iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmışdır. İddiaçı təbii qazdan qanunsuz istifadə etməmişdir. Sədə məntiqlə fikirləşəndə müəyyən etmək olar ki, əgər istehlakçı sayğacdan kənar təbii qazdan istifadə edirsə qanunsuz xətt ləğv ediləndən sonra sayğac vasitəsilə istifadə edilən qaz həcmi artmalıdır. Lakin iddiaçıya məxsus abonent saldosuna baxdıqda aydın görmək olur ki, cavabdeh tərəfindən guya müəyyən edilmiş qanunsuz qaz xətti xx.xx.2020-ci il tarixdə ləğv edilmiş amma iddiaçının aylıq sərfiyyatı sayğaca əsasən daha da aşağı düşmüşdür. Belə ki, 2020-ci ilin dekabr ayınadək iddiaçının orta aylıq sərfiyyatı 50-70 manat təşkil edirdi, lakin saxta akt tərtib edildikdən sonra isə sərfiyyatı 20-30 manata düşmüşdür. İddiaçı hesab edir ki, cavabdeh aylıq sərfiyyatında yaranmış fərqə görə barəsində heç bir hüquqi əsası olmayan saxta akt tərtib etmiş və əsassız borc hesablanmışdır. Fərdi yaşayış evinə 6739,20 manat məbləğində cərimənin hesablanması ağlabatan deyil və heç bir hüquqi məntiqə sığmır. İddiaçının bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları iddiaçının bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Bundan başqa akta əsasən hesabanmış borcun hansı meyarlara, qanuna əsasən hesablandığı müəyyən deyil. Belə ki cavabdeh 270 gün götürülməklə 24 saat ərzində hesabat aparmışdır. 270 gün ərzində 24 saat təbii qazdan istifadə edilməsi mümkün deyil. Buradan da cavabdehin saxtakarlığını aydın görmək olar. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, iddiaçı istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmiş və nə sayğaca müdaxilə nə də ki təbii qazdan qanunsuz istifadə halına yol verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə quraşdırılmış qaz sayğacı İddiaçı adınadır. Abonentin saldosundan görünür ki, sayğaca müdaxiləyə görə 486 manat, təbii qazdan istifadəyə görə isə 6739,20 manat olmaqla ümumilikdə 7225,20 manat borc hesablanmışdır. Cavabdeh İB tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş aktdan görünür ki, həmin ünvanda sayğacdankənar təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Halbuki, iş üzrə məhkəmə yerində müayinə təyin edilmiş və ünvan 1 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 7225,20 manat məbləğində borc iddiaçıdan tələb edilmiş, lakin göstərilən hal məhkəmə araşdırılması zamanı və ünvana keçirilmiş yerində müayinə nəticəsində öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcu əsassız sayır. Nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən normativ aktın müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan əsassız hesablanmış cərimənin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya əsassız olaraq hesablanmış 7225,20 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 92,25 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 92,25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanı (Abonent kodu: **********01180) üzrə İddiaçı hesablanmış 7225,20 (yeddi min iki yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. 92,25 (doxsan iki manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-5023/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5023/2022
15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver