Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-504/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və pulun geri qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 5.308,67 manat məbləğində borcun İddiaçı hesab kodundan (kod:**********00191) silinməsi və qeyriqanuni tutulmuş 1.045,49 manat məbləğin İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh İB tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, döngə 3, ev 19 ünvanına İddiaçı iştirakı ilə küçədə SMART G-4 tipli, 1102AQ**********5 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, **********00191 nömrəli kod verilmiş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmiş, lakin abonent ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. Sayğac quraşdırıldıqdan 1 ay sonra əsassız olaraq abonentin hesab koduna 107 manat, növbəti aylarda və illərdə 92.40 manat, 24 manat və 290.80 manat borc yazılmışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus, ünvan 1 ünvanındakı 1102AQ**********5 nömrəli qaz sayğacına abonentin iştirakı ilə baxış keçirilmiş, qaz sayğacının istismar müddəti bitdiyi səbəbindən yeni, SMART G-4 İTRON DİAFRAQMA tipli, 1802AZ**********20 nömrəli sayğacla əvəz etmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 15:20 radələrində, abonentin və ailə üzvlərinin mənzildə olmasına baxmayaraq, abonentin iştirakı olmadan Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında quraşdırılmış sayğaca baxış keçirərkən guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xətti ləğv edimiş, 42336 m³ itirilmiş qazın dəyərinin hesablanmasına dair Cavabdeh İB-nin nümayəndələri Mirzəyev Nizami, Sarıyev Anar və Dəmirov Natiq tərəfindən ******* nömrəli akt tərtib edilmiş, abonentin evdə olduğunu biləbilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 30 dekabr 2022-cı il tarixli, "X1"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 5.080,32 manat borc hesablanmışdır. birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil etibari sübut kimi qəbul edilə bilməz, çünki sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hans İstiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə aid deyil, kanat xətt qonşuya aiddir. Abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxila edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halım həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin akt abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana baxış keçirilən zaman abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin aktdan xəbərləri olmayıb. Akt birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim olunmamış abonent və qonşular həmin aktı imzalamamışdır, imzalanmamış həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı üçün hamin akt etibarsız hesab edilməlidir, akt tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin Cavabdeh İB aktın abonentə təqdim olunmasını sübut edə bilmir. Cavabdeh İB-nin tərtib etdiyi akta əsasən guya sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İBnin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları iddiaçıya təqdim edə bilmir. Abonentin imzası olmayan həmin akt isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Hazırkı halda iddiaçı cavabdehdən məhz iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Təbii qazdan sayğacdan kənar hər hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə M qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Məhkəməyə təqdim edilmiş akt birtərəfli qaydada tərtib olunmuş və heç kim həmin aktı imzalamamışdır. Abonent tərəfindən və ya onun ailə üzvləri tərəfindən imzalanmamış həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. xx.xx.2024-cü il tarixli gasrepdən məlum olur ki, abonent xx.xx.2011-ci ildən xx.xx.2024-cü il tarixə qədər 20407 m³ qaz sərfiyyatı etmiş, 3725 manat ödəniş etmiş, lakin qeyri-qanuni borca görə abonentin hesab kodundan 1045,49 manat tutulma olmuş və cari borcu 5308.67 manat qeyd olunmuşdur. Göründüyü kimi, abonent 13 il ərzində 3725 manatlıq qaz sərfiyyatı etmiş, lakin cavabdeh bir akt ilə onun hesab koduna 5308,67 manat borc hesablamışdır. Lakin xx.xx.2024-cü il tarixli Abonentin Saldosuna əsasən xx.xx.2023-cü il tarixə qədər abonentin hesab koduna 2540,16 manat məbləğində borc yazılmışdır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddianın məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün xx.xx.2018-ci il tarixdə sayğac quraşdırılmışdır. İş materiallarında olan ******* saylı 08 dekabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə borc tələb edilmişdir. İş materiallarından görünür ki, iddiaçının abonent hesabına 2018-ci ilin dekabr ayında 426.60 manat və 2022-ci ilin dekabr ayında 5.080,32 manat olmaqla, ümumilikdə 5.506,92 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 09 dekabr 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Abonentin saldosundan görünür ki, cavabdehin abonent koduna borc hesablanmışdır. İddiaçı 5.308,67 manat borcun silinməsini və 1.045,49 manat pulun ona geri qaytarılmasını xahiş edir (iddia tələbinin ümumi qiyməti 6.354,16 manat). İş materiallarına əlavə edilmiş abonentin Gasrep sistemi vasitəsilə verilmiş hesabdan çıxarışından görünür ki, abonentin hesabından ümumilikdə 1.048,69 manat borca görə tutulmalar aparılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki işə tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçının abonent koduna 2018-ci ildə 426.60 manat borcun hesablanmasına əsas olan hal məhkəmə araşdırmasına müəyyən edilməmiş, buna dəlalət edən hər hansı sübut cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçının abonent koduna 2018-ci ilin dekabr ayında 426.60 manat və 2022-ci ilin dekabr ayında 5.080,32 manat olmaqla, ümumilikdə 5.506,92 manat borc hesablansa da, iddiaçı 5.308,67 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə işə verilmiş iddia tələbi həcmində baxmalı olduğundan iddiaçının abonent hesabına hesablanmış 5.308,67 manat məbləğində cərimənin silinməsini qanuni hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. İş materiallarının araşdırılması zamanı iddiaçının abonent kodundan borca görə 1.048,69 manat tutulmaların aparıldığı müəyyən edilsə də iddiaçı borca görə aparılmış 1.045,49 manat tutulmaların ona geri qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə verilmiş iddia tələbi həcmində baxmalı olduğundan iddia bu hissədə də təmin edilməli, cavabdehin iddiaçının abonent hesabından tutduğu 1.045,49 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı **********00191 saylı abunə koduna hesablanmış 5.308,67 manat məbləğində cərimə borcu silinməli, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 1.045,49 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 83.54 manat məbləğində dövlət rüsumu, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 manat Cavabdehndən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00191 saylı abunə koduna hesablanmış 5.308,67 (beş min üç yüz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 1.045,49 (bir min qırx beş manat qırx doqquz qəpik) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Cavabdehndən 83.54 (səksən üç manat əlli dörd qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 (altmış dörd) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-504/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-504/2025
31.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver