Məhkəmə qərarları › İş №2(011)-505/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-505/2024

17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-505/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********73000) dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt ləğv edilməklə əsassız hesablanmış 401.25 (dörd yüz bir manat iyirmi beş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ evi 873 ünvanında yerləşən (abonent kodu: 10**********730) evdə qaz sərfıyyatı üzrə yazılmış 401,25 manat borc və 1296 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı, təxminən 2 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 873 nömrəli bağ evi əldə etmişdir və hazırda həmin ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Ev alınan zaman orada Fransa istehsalı olan İtron tipli “Smart Payment” qaz sayğacı olmuş və bu müddət ərzində qaza görə ödənişi kart vasitəsilə həyata keçirmişdir. Bir neçə gün əvvəl sərf olunan qaza görə daxil olmuş bildirişdən ona məlum olmuşdur ki, qaza görə 412.17 manat borcu var. Məbləğ həddindən çox olduğundan səbəbini öyrənmək üçün Cavabdehnə müraciət etmişdir. Onların iddiaçıya təqdim etdiyi sənədlərdən (məktub və aktlar) məlum olmuşdur ki, bildirişdə qeyd olunan məbləğdən 6.48 manat iddiaçının sərf etdiyi qazın pulu, qalan 401.25 manat isə borc kimi qeyd olunub. Həmin sənədlərdən o da məlum olmuşdur ki, 02 iyun 2023-cü il tarixdə Cavabdeh əməkdaşları iddiaçıya məxsus bağ evində quraşdırılmış “Smart Payment” qaz sayğacını iddiaçının xəbəri və iştirakı olmadan mexaniki qaz sayğacı ilə əvəz etmiş və iddiaçının qaz sayğacını özləri ilə aparmışlar. Evdə mövcud olan qaz sayğacının evdən kənarda hasarın üzərinə qurulmuş, işlək vəziyyətdə olub, plombası yerində olub, hər hansı bir müdaxilə edilməmişdir, sayğac “Smart Payment” qaz sayğacı olduğundan kart vasitəsilə ödəniş edilmişdir, kart olduğundan iddiaçının sayğaca müdaxilə etməsi qeyri mümkündür və son bir ildə 970 manat pul ödəmişdir. 20 iyul 2023-cü il tarixdə Cavabdeh əməkdaşları iddiaçının iştirakı olmadan bağ evində quraşdırılmış “Smart Payment” qaz sayğacına (abonent kodu: 10**********730) baxış keçirilmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, güya ki sayğacın çıxış plastmas borusu deşilib, sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib. Sonradan məlum olmuşdur ki, qaz sayğacı aparıldıqdan sonra qaz sayğacına baxış keçirilmiş və qaz sayğacında deşik olduğunu müəyyən etmişlər. Bununla bağlı qeyri qanuni akt tərtib edilərək iddiaçının abonent koduna Cavabdeh tərəfindən əlavə olaraq 1296 manat borc yazılmışdır, hazırda əsassız yazılmış hər iki məbləğin silinməsini xahiş edirlər. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 873 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixində tam pay mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, 10**********730 abonent kodu üzrə sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, 10**********730 abonent kodu üzrə “...sayğacın çıxış plastmas borusu deşilib, sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qaz həcmini qeyd etmir” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ evi 873 ünvanına məxsus abonent koduna (10**********730) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 10800 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan MSK 14-2-2/3-5-6105/Q001 nömrəli Aktdan görünür ki, 1405AZ**********66 nömrəli sayğac üzrə yoxlamanın nəticəsi kimi “sayğaca baxış keçirildi, sayğacın çıxış plastmas borusu deşilib, sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib, sayğacın yaddaş arxivi oxundu, xx.xx.2023-cü il tarixində ALARM-1 rejimi aşkar olunmayıb, Xətalar normadan artıqdır sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir, sayğac istismara yararsızdır” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, Bakı, Sabunçu, Bilgəh qəsəbəsi, bağ evi 873 ünvanı üzrə 10**********730 saylı abonent hesabına 07/2023-cü il tarixi üzrə “Qalıq və aktlar” qrafasında 1296 manat borc, “Ödəniş” qrafasında “-401,25” manat yazılmışdır. İş materiallarında olan “Gasrep” sənədindən görünür ki, Albalılıq qəsəbəsi, Bağ massivi, bina 0000, mənzil 8730 ünvanı üzrə 10**********730 saylı abonent kodu üzrə 06/2023-cü ildə 401,25 manat borc göstərilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 873 ünvanında yerləşən ev İddiaçı məxusdur, həmin mənzilə təbii qazdan istifadə edilməsi məqsədilə qaz sayğacı quraşdırılmışdır və 10**********730 abonent kodu həmin ünvana aiddir, həmin sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “...sayğacın çıxış plastmas borusu deşilib, sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qaz həcmini qeyd etmir” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 873 ünvanı üzrə 10**********730 saylı abonent hesabına 07/2023-cü il tarixi üzrə “Qalıq və aktlar” qrafasında 1296 manat borc, “Ödəniş” qrafasında “-401,25” manat yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, əvvəla, Akt əsasında 07/2023-cü il tarixə yazılmış 1296 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmiş, ikincisi, 07/2023-cü il tarixi üzrə “Ödəniş” əsasında yazılmış “-401,25” manat məbləğin yaranmasına əsas verən hər hansı sübut iş materiallarından görünmür və bu hallar cavabdeh tərəfindən də əsaslandırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 1697,25 (1296-(-401,25)) manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: 10**********730) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1697,25 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla 36,98 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 873 ünvanına aid 10**********730 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1697 (min altı yüz doxsan yeddi) manat 25 (iyirmi beş) qəpik borc silinsin. Cavabdehndən 36 (otuz altı) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar