Məhkəmə qərarları › İş №2(011)-5050/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5050/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5050/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB-nin X5 İstismar İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib etdiyi xx.xx.2022-ci il tarixdə ******* nömrəli aktın ləğv edilməsi və akt əsasında hesablanmış 4406.40 manat borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Şəhəri, Nizami Rayonu, X4, ev 60-da qeydiyyatda olmaqla faktiki olaraq Sabunçu rayonu, Ramana qəsəbəsi 2-ci sahəsində yaşayır və **********00081 saylı kod əvvəlki ev sahibi Dilbər Nağıyevanın adına olan xx.xx.2023-cü il tarixdən qaz istehlakçısıdır. Yaşadığı ev xx.xx.2023-cü il tarixdən mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. İddiaçı bildirir ki, həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir, qaz sayğacı iddiaçının evinə 2023-cü ilin 18 yanvar ayında qoyulmuş və heç bir problem də olmamışdır. “Azəriqaz" X2 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. Zenner tipli G-4 markalı **********8 nömrəli sayğac qoyulduqdan sonra "Azəriqaz" X2 RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərək 4406 manat 40 qəpik borc yazıblar. Son bir ay ərzində iddiaçı qaz borcumu ödəyərkən iddiaçıya məlum oldu ki, ''Azəriqaz" İstehsalat Biriliyinə guya 4406 manat 40 qəpik borcu vardır. İddiaçı borcun nədən yarandığını örənmək üçün “Azəriqaz" X2 RQİİ-nə getmiş və orda bildirmişlər ki, qazdan guya qanunsuz istifadə etmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Mənim belə bir aktdan xəbərim olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının “Qazdan istifadə Qaydalarfnın 3.1.11 bəndini əsas gətirərək "Azəriqaz" X2 RQİİ-si tərəfindən iddiaçıya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2022ci il tarixdə ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Aktın tərtib edilməisndən xəbəri belə olmamışdır. Cərimə aktına əsasən dəymiş ziyanın bərpasına dair tələbnamə sənədi tərtib edilmiş, Dövlət laboratoriya aktı "əsas səbəb" kimi götürülərək, təqsirli şəxs müəyyən edilmədən, 36 gün üçün mənə 36720 m3 həcmində itirilmiş qaz, yəni 4406 manat 40 qəpik məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı hesab edir ki, X5 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib etdikləri xx.xx.2022-ci il tarixli ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022 saylı ******* saylı aktın surətindən görünür ki, abonent mənzildə qeydiyyatsız qazdan istifadə edir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Binə qəsəbəsi, Ramana, Dekorativ tinglik ünvanına (Abonent kodu:**********01031) Zenner G4 markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, abonentə 2023-cü ildə 4406.40 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiqlədiyi xx.xx.2022-ci il tarixli 3M-1234 reyestrli torpağın istifadə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2/ ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin istifadə hüququ dövlət tərəfindən İddiaçı xeyrinə yüklü edilmişdir. Hüquqların qeydiyyat tarixi xx.xx.2023 İş materiallarında olan xx.xx.2023-cü il tarixli 142251 saylı müqavilədən görünür ki, Cavabdeh İB ilə Dilbər Nağıyeva arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli 93 nömrəli məktubundan görünür ki, İddiaçı faktiki olaraq xx.xx.2023-cü il tarixindən yaşadığı əvvəlki şərti adı Bakı şəhəri, Sabuçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ünvan hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2 ünvanı ilə eynidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2 ünvanında faktiki olaraq xx.xx.2023-cü il tarixindən yaşayır, onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2 ünvanı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ünvan eynidir, xx.xx.2023-cü ildə Dilbər Nağıyeva ilə Cavabdeh İB arasında qazın alqısatqısı barəsində müqavilə bağlanılmış, elə xx.xx.2023-cü il tarixində qeyd edilən ünvana qaz sayğacı quraşdırılmış, iddiaçının qeyd edilən ünvandan istifadə hüququnun qeydiyyat tarixi xx.xx.2023-cü il olmuşdur, xx.xx.2022-ci ildə qeyd edilən ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman abonentin qeydiyyatsız təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4406.40 manat məbləğində borc tələb edilmişdi. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub, olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən sayğacsız qazdan istifadə halının aşkar edilməsinə baxmayaraq iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsinin də inandırıcı və ağlabatan deyildir, lakin eyni zamanda nə vaxtdan sayğacsız işləməsi müəyyən edilmədiyindən cavabdeh tərəfindən orta sərfiyyat düzgün hesablanmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, məhkəmənin qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Beləliklə ödəniləcək məbləğin 4406.40 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Aktlardan da göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş sayğacdan kənar xəttdən evin daxilində hansı qaz işlədicilərinin qidalanmasını araşdırmamışdır. Məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat olduğundan, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 12 x 30= 432 m3 , QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat olduğundan, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 3 x 12 x 30= 1080 m3, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat olduğundan, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.4 x 12 x 30= 504 m3, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat olduğundan, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.5 x 12 x 30= 540 m3 müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə qazın hər m3 üçün qiymətinin 12 qəpik olduğunu nəzərə alaraq hesab edir ki, dəymiş ziyanın həcmi 306.72 manat ((432 x 0,12 = 51.84)+( 1080 x 0,12 = 34.56)+(504x0.12=60.48)+(540x0.12=64.8) müəyyən edilməlidir. Odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2) ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********01031 olan) hesablanmış 4099.68 (4406.40 -306.72=4099.68) manat borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 4099.68 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 60.99 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanı üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması”na dair xx.xx.2022-ci il tarixli ******* saylı akt ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dekorativ tingliyi 2) ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********01031) hesablanmış 4099.68 (dörd min doxsan doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 60.99 (altmış manat doxsan doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar