Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5054/2021 20.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın hesabından iddiaçının xeyrinə əksik verilmiş sahə üçün 15.360 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında 31 may 2018-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 12 fevral 1997-ci il tarixdə verilmiş 30/4217 qeydə alma nömrəsi ilə 366 nömrəli kitabın 52767-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ üzrə məxsus mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı mənzilin (faktiki 44 kv.m) sahəsinə 25 faiz əlavə edilməklə tam təmirli bir ədəd 55 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin sökülən ərazidə iddiaçının həyat yoldaşı X1 da adına ümumi sahəsi 89 kv.m. olan 4 otaqlı mənzil olmuşdur və ona da 25 faiz əlavə olmaqla 110 kv.m. sahə əvəzinə iki ədəd 55 kv.m. mənzilin tam təmirli verilməsini üzərinə öhdəlik kimi götürmüşdür. Mənzillər bölüşdürülərkən onlara verilməli olan üç ədəd hər biri 55 kv.m. olan mənzilləri bir mərtəbədə və yanaşı olması mümkün olmadığı üçün iddiaçı onlara verilməli olan üç ədəd mənzilin təmirindən imtina etmişdir və həyat yoldaşı X2 verilən iki mənzilə bitişik olan 65.8 kv.m. olan mənzilin ona verilməsini xahiş etmişdir. Bununla əlaqədar iddiaçı cavabdehlə 09 yanvar 2020-ci il tarixdə YMD 054 saylı əlavə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən 10.8 kv.m. əksik sahə təşkil etmişdir. İddiaçı üç təmirli mənzilin pulundan imtina etdiyi üçün 55 kv.m. x 3 ədəd=165 kv.m. x 100 manat=16.500 manat təşkil etmişdir. Həmin məbləğdən 3.540 manat cavabdeh tərəfindən qaytarılmışdır. İddiaçı mənzil və onların açarlarının 26 aprel 2021-ci il tarixdə təhvil-təslim aktını imza edərək 5-ci mərtəbədə yerləşən 28,29 və 30 saylı mənzillərin açarlarını qəbul etmişdir. Bundan sonra o, təhvil aldığı mənzillərin sahəsini ölçmüşdür və məlum olmuşdur ki, 55 kv.m. olan hər bir mənzil 43 kv.m.-dir, 65.8 kv.m. olan mənzil isə 53 kv.m-dir. Cavabdeh iddiaçıya 12.8 kv.m. sahə az vermişdir. Hər bir kv.m. sahəsi ona 1.200 manata satdığı üçün əksik verilən sahənin dəyəri 15.360 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 31 may 2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış və "xxxx" MTK ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin faktiki 44 kv.m. sahəsinə 25% əlavə etməklə tam təmirli bir ədəd 55 kv.m. mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə öz mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MTK-nə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh MTK ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin (faktiki 44 kv.m) sahəsinə 25% əlavə etməklə tam təmirli bir ədəd 55 kv.m. mənzilin əvəzinə, tərəflərin birgə gəldikləri razılaşmaya əsasən bir ədəd təmirsiz 65.8 kv.m. mənzilin İddiaçı verilməsini öhdəsinə götürmüşdür. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona razılaşma şərtlərinə əsasən 65.8 kv.m. sahəli ev təhvil verilməli olduğu halda 53 kv.m. sahəsi olan mənzil təhvil verilmişdir. Hazırkı halın aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən tikintitexniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 07 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi, 18 saylı evin 30 saylı mənzilinin faktiki ümumi sahəsinin 54.2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan 30 saylı mənzilin faktiki (əmsallar tətbiq dilmədən) ümumi sahəsi 57.8 kv.m. təşkil edir. (tikililərin ayrı-ayrılıqda sahələri bu şəkildə müəyyən edilmişdir: 1 saylı tikilinin sahəsi 6 kv.metr, 2 saylı tikilinin sahəsi 4 kv.metr, 3 saylı tikilinin sahəsi 3.7 kv.metr, 4 saylı tikilinin sahəsi 13.3 kv.metr, 5 saylı tikilinin sahəsi 25.7 kv.metr, 6 saylı tikinti sahəsi 5.1 kv.metr) Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni təhvil verməyi, digər tərəf isə bunun müqabilində öz mülkiyyətində olan mənzili söküntü üçün qarşı tərəfə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəlik dedikdə bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməsi, məsələn, pul ödəməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi və i.a. və ya müəyyən hərəkətdən çəkinməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə mənzilin sahəsini müəyyən edərkən ekspert rəyinə istinad etməyi və mənzilin faktiki sahəsi ilə bağlı aparılan hesablamaları əsas götürməyi zəruri hesab edir. Beləliklə rəyə əsasən istinad edilən mənzilin faktiki sahəsi 57.8 kv.m. təşkil edir. Yuxarıda istinad edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzil 65.8 kv.m. deyil, 57.8 kv.m. təşkil etdiyindən cavabdeh tərəfindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə sözügedən yaşayış sahəsinin hər kv.metrinin 1.200 manatdan hesablanmalı olması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh MTK arasında olan öhdəliklər müqavilə əsasında yaranmışdır. Həmin müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1.200 manat müəyyən edilmişdir. Odur ki, əksik verilmiş 8 kv.metr sahə üzrə hər kv.metr üçün 1.200 manat hesablamaqla (8 x 1.200) cəmi 9.600 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə Cavabdeh MTK-dan tutulmalıdır. Qeyd edilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 9.600 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 9.600 (doqquz min altı yüz) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5054/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5054/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver