Məhkəmə qərarları › İş №2(011)-5066/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5066/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5066/2020 01.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı "borcun ödənilməsi" tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1095 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən cavabdehə 10 ay müddətinə ümumi qiyməti 1553 manat dəyərində olan “Galanz kondisioneri”, “Hisense paltaryuyan” maşını satmışdır. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən, hər ay üçün 86,28 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 458 manat ödəniş etmiş, qalan 1095 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alqı-satqı müqaviləsinin 11.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətinin pisləşməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, iddiaçının sahibkarlıq fəaliyyətinə ciddi ziyan vurmuşdur. İddiaçı hesab edir ki, onunla cavabdeh arasında bağlanmış müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaratmış və ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, alıcı Cavabdeh ilə satıcı "xxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2018-ci il tarixli ******* saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı alıcıya 18 ay müddətinə hissə-hissə ödəniləcək ümumi qiyməti 1553 manat dəyərində olan “Galanz kondisioneri” və “Hisense paltaryuyan” maşını satmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 1553 manat əsas borcundan bu günədək 458 manat ödəniş etmiş, 1095 manat əsas borcu qalmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Satılmış əşyaların təhvil verilməsi haqqında ******* saylı Aktdan görünür ki, alıcı ümumi dəyəri 1553 manat təşkil edən malı alıcıya təhvil vermiş, alıcı isə həmin malları satıcıdan təhvil almışdır. İş materiallarından görünür ki, "xxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilməklə ondan ******* saylı xx.xx.2018-ci il tarixli bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1095 manat əsas borcunun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin Xətai rayon Məhkəməsinə verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh iddiaçı "xxxxxxxxxxxxxxx” MMC-dən ümumi qiyməti 1095 manat dəyərində olan “Galanz kondisioneri” və “Hisense paltaryuyan” maşını almış, lakin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən ümumilikdə ödənilməmiş 1095 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat Cavabdeh alınaraq iddiaçı "xxxxxxxxxxxxxxx” MMCyə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360--cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1095 (min doxsan beş) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul alınaraq iddiaçı "xxxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar