Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5071/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi birlikdə 2006-cı il tarixdən hal-hazıradək yaşayırlar. Ev təbii qazla təmin olunarkən cavabdeh tərəfindən “Smart” tipli sayğac quraşdırılmış və ona da D2012989-AB saylı Smart Payment kartı verilmişdir. “Smart” tipli sayğacın quraşdırıldığı tarixdən uzun illərdir ki, istifadə olunur və sayğacda bir problem yox idi. Məlum olduğu kimi “Smart” tipli sayğacın istismarı yalnız Smart karta qaz yüklədikdən və həmin qaz sayğaca köçürüldükdən sonra mümkün olmur. Sayğacdakı qaz qurtardıqda isə qaz xətti bağlanır və qazdan istifadə etmək mümkün olmur. Bu halda yalnız Smart karta yenidən qaz yükləyib onu Smart tipli sayğaca köçürdükdən (yüklədikdən) sonra qaz xətti açılır və qazdan istifadə etmək mümkün olur. Başqa sözlə Smart tipli sayğac istifadəçisinin istifadə etdiyi qaza görə hər hansı məbləğdə borcunun yaranması mümkün deyildir. Yəni smart kart vasitəsilə nə qədər qaz yüklənirsə, o qədər gələcək. Yüklənilən qaz qurtardıqdan sonra yüklənməsə qaz da olmayacaq. İstifadəsində olan Smart tipli sayğacın hər hansı bir problemi olmadığı halda, cavabdehin əməkdaşları onun və ailə üzvlərindən heç birinin evdə olmadığı bir vaxtda istifadəsində olan Smart tipli sayğacı, buna hər hansı zərurət olmadan və ona heç bir məlumat vermədən, gizlicə söküb götürmüş, yerinə isə işlənmiş köhnə 28025503 saylı mexaniki sayğac quraşdırılmışlar. Mexaniki sayğacın 19 aprel 2023-cü il tarixdə quraşdırılmasına baxmayaraq, elə həmin tarixdə üzərində 5939 m3 qaz istifadə olunduğu göstərilmişdir. Söküb apardıqları sayğacın üzərində 70-80 m3 qaz var idi. Hətta sayğacın yerləşdiyi qutunu çox kobud şəkildə doğrayıb yararsız vəziyyətə salmışlar. Smart tipli sayğac sökülüb götürülərkən onun qaza görə hər hansı məbləğdə borcunun olmamasına baxmayaraq, elə həmin gün quraşdırılmış mexaniki tipli sayğacda guya 5939 m3 borcun qeyd olunması olduqca müəmmalı, təəccüblü və qanunsuzdur. Mexaniki sayğac quraşdırıldıqdan sonra sayğacın üzərindəki rəqəmlərə əhəmiyyət verməmişdir. İddiaçı təbii olaraq düşünmüşdür ki, cavabdehin əməkdaşları bu dərəcədə qanunsuzluq etməzlər. Yəni, smart tipli sayğacın sökülüb yerinə elə həmin gün də mexaniki sayğacın quraşdırılması ilə bir anda abonentin 5939 m3 borcunu süni olaraq yaratmaq kimi olduqca qanunsuz bir hərəkəti etməzlər. Lakin iddiaçının ünvanına xx.xx.2023-cü il tarixli bildiriş gəldikdə və həmin bildirişdə demək olar ki, az bir fərqlə eyni rəqəmin, yəni ödəniləcək məbləğin 5193.60 manat olduğunu gördükdə başa düşmüşdür ki, onun heç bir problemi olmayan, tamamilə işlək vəziyyətdə olan Smart tipli sayğacını ona və ailə üzvlərindən heç birinə məlumat vermədən, gizlicə və qanunsuz olaraq söküb götürüb, yerinə hardasa başqa yerdə işlənmiş və borc yığılmış mexaniki tipli sayğacı quraşdırmaqla cavabdeh həmin, yəni başqa yerdə istifadə edilmiş qaza görə ödənişi qanunsuz və əsassız olaraq ondan tutmaq istəmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində sonradan quraşdırılmış 28025503 saylı mexaniki sayğacın sökülüb götürələrək ondan əvvəl mövcud olmuş “Smart” tipli sayğacın yerinə quraşdırılması, sayğacın yararsız hala saldıqları qutusunun dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına və ona 28025503 saylı mexaniki sayğac əsasında hesablanmış 5193.60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 5193.60 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanına aid sayğaca baxış keçirilmiş “sayğacın çıxış plastmas borusunda dəlik aşkar olundu” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı (abonent kodu: **********20000) cəmi borcu 5193.60 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 6 ünvanında istifadədə olan 0.02383 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155 kv.metr yaşayış, 550.4 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətində “sayğacın çıxış plastmas borusunda dəlik aşkar olundu” qeyd edilsə də, aktda sayğacda hansı qüsurun olması qeyd edilməmiş, eyni zamanda cavabdeh iddiaçının yaşadığı fərdi yaşayış evinə dair hesablanmış 5193.60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus evə hesablanmış 5193.60 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********20000) hesablanmış 5193.60 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5071/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5071/2023
06.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver