Məhkəmə qərarları › İş №2(011)-5072/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5072/2025

24.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5072/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Bejbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı X4, İddiaçının vəkili X1, Cavabdeh X5 iştirakları ilə İddiaçı X4 cavabdeh X7 qarşı “atalığın müəyyən edilməsi və aliment” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı X10 cavabdeh X7 qarşı iddia ərizəsi ilə müracitə edərək, 10 avqust 2020-ci il tarixdə anadan olmuş X11 və 30 avqust 2021-ci il tarixdə anadan olmuş X8 atasının X12 olması barədə və ondan hər iki uşağın saxlanılması üçün hər ay uşaqlar 18 yaşına çatana qədər 492 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Cavabdehin yaxın qohumu olan dayısı Aftandil qonşuluqlarında yaşayır. Valideynləri yəni anası ilə dayısı arvadı Yeganə vasitəsi ilə cavabdehlə tanış olmuşdur. Həm valideynləri həm də cavabdehlə özü ailə qurmaq qərarına gəlmişlər. 2019-cu ildə toy etmək qərarına gəlsələr də cavabdehin dayısı vəfat etməsi səbəbindən toy mərasimini və nikah qeydiyyatını 2020-ci il tarixə təxirə salmışlar, lakin hamılıqla qız oğlan tərəfli olaraq birgə razılıqlarına əsasən 2019-cu il tarixdə gəlin qismində cavabdehin yaşadığı ünvana köçüb orada yaşamağa başlamışdır. Cavabdehlə olan birgə faktiki nikahlarından 10 avqust 2020-ci il tarixdə Leyla adında birinci uşağı və 30 avqust 2021-ci il tarixdə Rüstəm adında 2-ci uşağı anadan olmuşdur. Cavabdeh nikah münasibətlərini və uşaqların doğum qeydini qeydiyyata almaqdan imtina etmişdir və imtinanın səbəbini onunla izah etmişdir ki,hərgah bu hüquqi faktlar müvafiq dövlət qurumunda qeydə alınsa sosial müavinət ala bilİməyəcək. Lakin cavabdeh və onun anası sosial müavinətlə bağlı məsələni xeyirlərinə həll edə bilməmişdir, həmçinin nikahın və uşaqların doğum qeydinin qeydiyyata almaqdan imtina etmişlər. Cavabdeh və onun valideynləri 2022-ci ilin əvvəllərində guya xəstə olmağı səbəbindən uşaqları ilə birlikdə iddiaçını evdən çıxarmışdır. Cavabdehin göstərişinə görə doğuşdan sonra hər iki uşağın soyadını Xanəliyeva soyadını atasının adını isə Ramin kimi göstərmişdir. Qanunla müəyyən edilmiş qaydada uşaqlara münasibətdə atalığın müəyyən edilməsini cavabdehdən tələb etsə də o bundan qəti olaraq imtina etmişdir. Qeyd etdiyi kimi adları qeyd olunan hər iki uşağın atası cavabdehdir. 2022-ci ilin əvvəllərindən hazırki vaxta qədər yəni 2 ildən çox olan bir müddətə uşaqların saxlanılmasında hər hansı bir formada iştirak etmir. Hesab edir ki, uşaqların saxlanılması xərclərinə cavabdeh cəlb edilməlidir, onda olan məlumata görə cavabdeh işləmir, müntəzəm gəlirləri yoxdur, buna görə də hesab edir ki, ondan alınacaq aliment məbləği sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə hesab edir ki,10 avqust 2020-ci il tarixdə anadan olmuş Leyla və 30 avqust 2021-ci il tarixdə anadan olmuş Rüstəm adlı uşağın atasının cavabdeh X5 tanınması və adı qeyd edilən hər iki uşağın saxlanılması üçün ondan hər ay uşaqlar 18 yaşına çatanadək 492 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları İddiaçı X10 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh 4 ildir ki, uşaqların saxlanılmasına heç bir kömək etməmişdir. Atanın iştirakı ilə uşaqlara şəxsiyyət vəsiqəsinin alınması lazımdır. Əlavə aliment tələb etmir, qanunvericiliyə uyğun olaraq uşaqlar üçün minimum yaşayış xərclərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçının vəkili X6 məhkəmə iclasında izahatında bildirmişdir ki, qarşı tərəfin uşaqların atası olmasını faktını təsdiq edəcək kifayət qədər sübutlar mövcuddur. Aliment barədə razılığa gəlmək istəsəydi cavabdeh tərəfindən məhkəməyədək hər hansı bir hərəkət edilməmişdir. Cavabdehdən əlavə tələbləri yoxdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X12 məhkəmə iclasında izahatında uşaqların atası olduğunu etiraf etmiş, lakin iddia tələbinə aliment hissəsində etiraz etmişdir. İş materiallarına əlavə edilmiş: AZ İV 497663 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “X17”, anası “X10” qeyd edilmişdir. AZ İV 646808 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “X17”, anası “X10” qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 783751 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ünvan 3n verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X16” publik hüquqi şəxsinin 9/441 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəflər şöbəyə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi elektron çxıarışdan görünür ki, 83C5YVY000300 saylı əmək müqaviləsinə əsasən X15 400 manat əmək haqqı alır. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X12 10 avqust 2020-ci il təvəllüdlü X11 və 30 avqust 2021-ci il təvəllüdlü X8 atası olduğunu qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, X10 tərəfindən 100 manat dövlət rüsumu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 özünün 10 avqust 2020-ci il təvəllüdlü X11 və 30 avqust 2021-ci il təvəllüdlü X8 ataları olmasını etiraf etdiyindən və fakt iş materialları ilə tam sübut olunduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Məhkəmə eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Buna görə də iddia tələbi tam təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 xx.xx.2020-ci il tarixində Bakı şəhərində X2 anadan olmuş qadın cinsli uşağın – X9 və xx.xx.2021-ci il tarixində Bakı şəhərində X2 anadan olmuş kişi cinsli uşağın – X8 atası olması müəyyən edilməli, X3 xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, iddiaçı ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulma müddəti xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 496x12=5952 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 79,52 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 79,52 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X5 xx.xx.2020-ci il tarixində Bakı şəhərində X2 anadan olmuş qadın cinsli uşağın – X9 və xx.xx.2021-ci il tarixində Bakı şəhərində X2 anadan olmuş kişi cinsli uşağın – X8 atası olması müəyyən edilsin. X3 xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. X3 79,52 (yetmiş doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Alimentin tutulması müddəti xx.xx.2025-ci il tarixdən müəyyən edilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar