Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-508/2022 14.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi X5in iştirakı ilə, Ərizəçi X5in – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi X5- bacısı 17 noyabr 1986-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacısı daun xəstəsidir, o, öz hərəkətlərinin mənasını dərk etmir, özünü idarə edə bilmir. Ərizəçi bacısının qəyyumu təyin edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə tələbi irəli sürülmüş X6 17 noyabr 1986-cı il tarixdə anadan olmuşdur. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8480/2021 saylı 29 noyabr 2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-psixiatriya ekspertizası keçirilməsi qərara alınmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 60 saylı, 13 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, X4 daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) (F72) müəyyən edilir. Bunu anamnestik məlumatlar –erkən yaşlarından psixofiziki inkişafdan xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında 1-ci qrup əlil olması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi və sair sübut edir. Bunları nəzərə alaraq, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi Podxvatilin Yevgeniy X1rdaşı olduğundan, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizələrindən 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. 17 noyabr 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi X5in ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-508/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-508/2022
14.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver