Məhkəmə qərarları › İş №2(011)-508/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-508/2025

29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-508/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 820.80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Naximov küç, 2-ci Zeytun yolundakı ev iddiaçıya məxsusdur. Xətai rayonu, Naximov küç, 2-ci Zeytun yolundakı evə dair Cavabdeh İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində həmin fərdi yaşayış sahəsinə smart kart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Mənzildə quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə bildirmişlər ki, sayğaca müdaxilə olunub. Nəticədə abonent koduna itirilmiş qaz sərfıyyatına görə 820.80 manat borc yazılıb və bu pulu ödəməlidir. İddiaçı borcun səbəbini soruşduqda bildirmişlər ki, mənzildə quraşdırılan sayğac əvəz edilərkən çıxarılan sayğac laboratoriyaya göndərilmiş və rəyə əsasən sayğacın çıxış plasmas borusu deşilmişdir. Mənzildə quraşdırılan qaz sayğacına heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzərət edilməli idi. “Azəriqaz’’ İB tərəfindən akt təqdim edilmişdir. Kart vasitəsi ilə həmişə ödəniş etmişdir və heç bir çətinlik olmayıb. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında 12 sentyabr 2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26 fevral 2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi əsas gətirilərək ona 2021-ci ilin fevral ayında 820.80 manat cərimə yazılmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10 mart 2025-ci il tarixli 3/156 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının abonent hesabına 2021-ci ilin fevral ayında hesablanmış 820.80 manat məbləğində borcun silinməsini qanunauyğun hesab edir. Eyni zamanda, iş materiallarında olan aktla müəyyən edilmişdir ki, iddiaçının hesabına cərimənin yazılmasının əsası onun qazdan sayğacsız istifadə etməsi halı olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı qazın alğı-satqısı barədə 12 sentyabr 2017-ci il tarixli müqaviləni məhkəməyə təqdim edərək yaşadığı ünvanda qaz sayğacının quraşdırıldığını göstərmişdir. Odur ki, iddiaçının təbii qazı sayğacsız olaraq talaması halı öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı **********00030 saylı abunə koduna 2021-ci ilin fevral ayında hesablanmış 820.80 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 manat cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00030 saylı abunə koduna 2021-ci ilin fevral ayında hesablanmış 820.80 (səkkiz yüz iyirmi manat səksən qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 (altmış dörd) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar