Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5083/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi, cərimə borcunun silinməsi, pulun hesaba geri qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İB tərəfindən İddiaçı qarşı qanunsuz olaraq tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, akt üzrə əsassız olaraq hesablanmış 1.944 manat məbləğində cərimə borcunun silinməsi, borcun hesablandığı gündən etibarən 08/2020-ci il tarixinə kimi tərəfindən aparılmış ödənişlərdən borca tutulan 428 manat məbləğində pulun və həmçinin qaz sayğacının dəyəri olaraq tərəfindən “Cavabdeh” İB-nin hesabına ödənilmiş 236 manat məbləğində pulun, ümumilikdə 664 manat məbləğində pul vəsaitinin hesabına geri qaytarılması öhdəliyinin “Cavabdeh” İB-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Cavabdeh” İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alğı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. İstifadəsində olan fərdi yaşayış evinə “Cavabdeh” İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini də təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı qaz sayğacı quraşdırılmışdır. Daha sonra “Cavabdeh” İB-nin nümayəndələri iddiaçının mənzilinə gələrək, yaşayış evindən bir neçə metr uzaqlıqda olan qaz sayğacını başqa bir qaz sayğacı ilə əvəz edib köhnə sayğacın laboratoriyaya göndərilməli olduğunu iddiaçıya bildirmişlər. Aradan 2 aya yaxın müddət keçdikdən sonra iddiaçının smart qaz kartına cərimə borcu yerləşdirilmişdir. Səbəbini araşdırarkən laboratoriyanın rəyinə əsasən qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olduğu iddiaçıya məlum olmuşdur. İddiaçıya 1.944 manat məbləğində cərimə yazılmışdır. Qaz sayğacının dövlət yoxlamasında iddiaçının iştirakı təmin olunmamış, qaz sayğacının çıxış plastmas borusunun deşilməsində onun heç bir təqsiri olmamışdır. xx xxxxxxx 2018-ci il tarixli ABB-nin Sabunçu filialı tərəfindən verilmiş qəbzin surətindən görünür ki, qaz sayğacının quraşdırılması haqqı olaraq iddiaçı tərəfindən “Cavabdeh” İB-nin hesabına 120 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1.944 manat borc tələb edilir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evinə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Həmin aktda göstərilmişdir ki, sayğaca baxış keçirilən zaman onun çıxış plastmas borusunun deşildiyi aşkarlanmışdır. İddiaçıya yazılan cərimə məbləğindən sonra onun balansına yüklədiyi məbləğlərin 50 % miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir. Belə ki, 2018-ci ilin oktyabr ayına abonentin 1.944 manat borcu mövcud olmuşdur. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin avqust ayınadək abonentin hesabından 428 manat məbləğində tutmalar aparılmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı xx xxxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixlərdə X1 filialı vasitəsi ilə cavabdehin hesabına 236 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh” İB tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi hissəsinə qiymət verərək, belə hesab edir ki, həmin akt heç bir hüquqi nəticə yaratmadığından və onun qüvvədə qalması heç bir əhəmiyyət kəsb etmədiyindən iddia tələbi həmin hissədə təmin edilərək akt ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.944 manat borcun silinməsi və sayğac dəyərinə görə iddiaçının ödədiyi 236 manat pulun ona geri ödənilməsi barədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 428 manat mələğində pul iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” İB tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli akt ləğv edilməli, akt üzrə əsassız olaraq hesablanmış 1.944 manat məbləğində cərimə borcu silinməli, sayğac dəyərinə görə iddiaçının ödədiyi 236 manat pul ona geri ödənilməli və iddiaçının abonent hesabından əsassız yazılmış borcun ödənilməsi üçün tutulmuş 428 manat məbləğində pul iddiaçının abonent hesabına geri qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli akt ləğv edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 1.944 (bir min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin. İddiaçının sayğac dəyəri olaraq ödədiyi 236 (iki yüz otuz altı) manat pul ona geri ödənilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5083/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5083/2020
20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver