Məhkəmə qərarları › İş №2(011)-5099/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5099/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5099/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızınınsədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1.371,97 manat məbləğində borcun, 300 manat məbləğində cərimə, ümumilikdə 1.671,97 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və iddiaçı “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, M902-07758 saylı məhsulların alğı-satqı müqaviləsinə əsasən “xxxxxxxxxxxxxx” MMC-dən xx xxxxx 2019-cu il tarixindən xx xxxxx 2019cu il tarixinədək nisyə götürdüyü pendir və kərə yağları üzrə 1.401,97 manat məbləğində borcu yaranmışdır. Cavabdeh yaranmış 1.401,97 manat məbləğində borcdan xx xxxx 2020-ci il tarixdə 30 manat məbləğində pul vəsaitini “xxxxxxxxxxxxxx” MMC-yə nağd şəkildə ödəniş etmişdir. Cavabdehin bu günə borcu 1.371,97 manat təşkil edir. Borc cavabdeh tərəfindən təsdiq edildikdən sonra dəfələrlə müraciət etmələrinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh 1.371,97 manat borcunu hələ də ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin olunmasını xahiş etdi. O, öz izahatında borcunun olduğunu, lakin tələb olunan miqdarda olmadığını və tələb edilən məbləği birdəfəyə ödəmək imkanının olmadığını, hər ay 50 manat olmaqla ödəniş edə biləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli məhsulların alğısatqı müqaviləsi bağlanmış, cavabdehin xxxxxxxxxxxxxx” MMC-dən xx xxxxx 2019-cu il tarixindən xx xxxxx 2019-cu il tarixinədək nisyə götürdüyü pendir və kərə yağları üzrə 1.401,97 manat məbləğində borcu yaranmışdır. Müqaviləyə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 1.371,97 manat borcu yaranmışdır. Cavabdeh xx xxx 2019-cu il tarixli 22 saylı Üzləşmə Aktında və xx xxxxxx 2019-cu il tarixli izahatında “xxxxxxxxxxxxxx” MMC-yə 1.401,97 manat borcunun olduğunu öz imzası ilə təsdiq etmişdir. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəməiclasında müəyyən edildi ki, “xxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış məhsulların alğı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinəəsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 300 manat dəbbə məbləği azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.371,97 manat məbləğində əsas borc, 3 manat cərimə olmaqla, cəmi 1.374,97 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.371,97 (bir min üç yüz yetmiş bir manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 3 (üç) manat cərimə olmaqla, cəmi 1.374,97 (bir min üç yüz yetmiş dörd manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar