Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-510/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 işirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X2 yerləşən fərdi yaşayış üzrə **********00062 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşilməsi və hesablama mexanizminin qazın həcmini qeyd etməməsi barədə qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 4320 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2021-ci ilin dekabr ayı üzrə 432 manat məbləğində borcunun olması qeyd olunmuşdur. İddiaçının etdiyi ödənişlərdən cavabdeh tərəfindən borca görə 205,50 manat pul tutulmuşdur.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X2 yerləşən ona məxsus fərdi evə (Abonentin kodu: **********00062) hesablanmış 432 manat borcun cavabdeh tərəfindən silinməsi və smart karla ödədiyi puldan borc kimi tutulmuş cəmi 205,50 manat pulun ona geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qeyd edilən ünvanda fərdi tikilmiş bağ evi ona məxsusdur. Təxminən bir ildən bundan qabaq qaz sayğacının işləmədiyini göıüb qaz idarəsinə məlumat vermişdir. Həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər sayğac quraşdırılmışdır. Həmin sayğaca o və ya ailə üzvləri tərəfindən heç bir müdaxilə edilməmişdir. Eyni zamanda evdən kənarda quraşdırılmış qaz sayğacına görə o, heç bir məsuliyyət daşımır. Bundan başqa həmin bağ evi onun tərəfindən yalnız yay aylarında bağ kimi istifadə edilir. Cavabdehin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, onun sayğacda problem olub və o, bununla bağlı əlavə sərfiyyat pulunu ödəməlidir. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Cavabdehin əməkdaşları ona qaz sayğacının zədələndiyini və bu səbəbdəndə 432 manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının etdiyi ödənişlərdən 205,50 manat məbləğində pul borca görə çıxılmışdır.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
17. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
18. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
22. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Həmçinin iddiaçının etdiyi ödənişlərdən borca görə tutulma baş vermişdir.
23. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.
24. Təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdeh iddiaçıya qazdan istifadə qaydalarını pozmağa görə akt tərtib edə və əlavə qaz sərfiyyatına görə borc tələb edə bilməzdi. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
26. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 432 manat borcun silinməsi hissəsində qismən təmin edilməlidir.
27. Belə ki, iş materiallarından olan abonent saldosu ilə müəyyən edilir ki, 2021ci ilin yanvar ayından başlayaraq iddiaçının ödədiyi vəsaitdən borca görə 2022-ci ilin noyabr ayınadək ümumilikdə 205,50 manat pul tutulmuşdur. İddiaçı isə borc görə ondan tutulmuş pulun geri qaytarılmasını da tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, borca görə iddiaçıdan tutulmuş pul vəsaiti çıxıldıqdan sonra qalan 226,50 manat borc iddiaçının abonent hesabından silinməli, iddiaçının ödədiyi vəsaitdən tutulmuş 205,50 manat pul isə ona geri qaytarılmalıdır.
28. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
29. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X2 yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00062) dair İddiaçı hesablanmış 226,50 manat məbləğində borc silinsin. 205,50 manat pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı
-