Məhkəmə qərarları › İş №2(011)-5107/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5107/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5107/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Cavabdeh qarşı borc tələbi barədə iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 12.09.2019-cu il tarixli müqaviləyə əsasən 184 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən 951 manat ödənilməmiş hissə, 95 manat cərimə borcu, 02.02.2020-ci il tarixli müqaviləyə əsasən 237,2 manat ödənilməmiş hissə, 23,8 manat cərimə borcu, ümumilikdə 1509 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 12.09.2019-cu il, 11.10.2019-cu il və 02.02.2020-ci il tarixli müqavilələrə əsasən məişət əşyaları almış və nəticədə 1509 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 12.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 360 manat olan “Samsung Galaxy A10” telefon üçün ümumilikdə 202 manat olmaqla, ondan 184 manat ödənilməmiş hissə, 18 manat cərimə, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1260 manat olan “Demir Döküm” kombi üçün ümumilikdə 1046 manat olmaqla, ondan 951 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, 02.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 301,2 manat olan Hoffmann tozsoran, Perilla Liana ütü masası üçün ümumilikdə 261 manat olmaqla, ondan 237,2 manat ödənilməmiş hissə, 23,8 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 549 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli, 00906695 saylı müqaviləyə əsasən "xxxx" MMC “Samsung Galaxy A10” telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 30 manat məbləğində olmaqla, cəmi 360 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, 00973905 saylı müqaviləyə əsasən "xxxx" MMC “Demir Döküm” kombi satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 70 manat məbləğində olmaqla, cəmi 1260 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.02.2020-ci il tarixli, 20074162 saylı müqaviləyə əsasən "xxxx" MMC Hoffmann tozsoran, Perilla Liana ütü masası satmış və cavabdeh həmin əşyaya görə 0 manat ilkin ödəniş etməklə qalan məbləği ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 25,1 manat məbləğində olmaqla, cəmi 301,2 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İşin materiallarında olan 19.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 12.09.2019-cu il tarixli müqavilə üzrə 184 manat əsas, 18 manat cərimə, 11.10.2019-cu il tarixli müqavilə üzrə 951 manat əsas, 95 manat cərimə, 02.02.2020-ci il tarixli müqavilə üzrə 237,2 manat əsas, 23,8 manat cərimə məbləğində borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan tələb edilən məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 12.09.2019-cu il tarixli, 00906695 saylı müqaviləyə üzrə əsas borca görə 184 (yüz səksən dörd) manat, cərimə borcuna görə 18 (on səkkiz) manat, cəmi 202 (iki yüz iki) manat məbləğində pul vəsaiti Cavabdehdan alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11.10.2019-cu il tarixli, 00973905 saylı müqavilə üzrə əsas borca görə 951 (doqquz yüz əlli bir) manat, cərimə borcuna görə 95 (doxsan beş) manat, cəmi 1046 (min qırx altı) manat məbləğində pul vəsaiti Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 02.02.2020-ci il tarixli, 20074162 saylı müqavilə üzrə əsas borca görə 237,2 (iki yüz otuz yeddi manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 23,8 (iyirmi üç manat səksən qəpik) manat, cəmi 261 (iki yüz altmış bir) manat məbləğində pul vəsaiti Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar