Məhkəmə qərarları › İş №2(011)-512/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-512/2023

02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-512/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh İB-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İBnin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1.192,32 manat və 708,48 manat olmaqla, ümumilikdə 1.900,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində əsasən ilin isti vaxtlarında öz ailəsi ilə birlikdə yaşayır. İddiaçı vaxtlı-vaxtında həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan 31 yanvar 2022-ci il və 31 mart 2022-ci il tarixlərdə həmin ünvana baxış keçirmiş, həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiklərini aşkar etmişdirlər. Buna görə də ayrı-ayrı vaxtlarda akt tərtib edərək iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə 1.192,32 manat və 708.48 manat məbləğində əsassız borc yazmışdırlar. İddiaçıya məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan birliyin əməkdaşları iddiaçıdan məlumatsız akt tərtib etmiş, bu akt əsasında əsassız borc yazmışdırlar. Sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəmin həmin aktlara əlavə olunan fotoşəkillər iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyriqanuni istifadə halı mövcud olmamışdır. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 1.846,30 manat məbləğində dəymiş maddi zərərin əvəzi və Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmadan öncə, daha dəqiqliklə 01/2022 və 03/2022-ci il tarixlərdə “təbii qazdan istifadə qaydalarını pozmaqla təbii qazdan qanunsuz istifadə etdiyi üçün” barəsində 2 dəfə akt tərtib edilmiş və Cavabdeh İB-yə ümumilikdə 1.900,80 manat məbləğində maddi zərər vurduğu müəyyən edilmişdir. İddiaçı daha sonra 28 iyun 2022-ci il tarixdə Cavabdeh İB-yə müraciət etmiş, 28 iyun 2022-ci il tarixdə onunla təbii qazın alğı-satqısına dair müqavilə bağlanmış, faktiki yaşadığı ünvana abonent hesabı verilmiş, həmin abonent hesabında 28 iyun 2022-ci il tarixinə mövcud olan 1.900,80 manat məbləğində borcu yazılı ərizə ilə qəbul etmiş, həmin borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün ünvanına quraşdırılmış smart qaz sayğacının kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İddiaçı 2022-ci il tarixdə həmin borcdan ümumilikdə 54,50 manat məbləğində ödəniş etmişdir. Hazırda onun Cavabdeh İB-yə ödənilməmiş 1.846,30 manat borcu qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış keçirilən zaman təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilə 1.900,80 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçının yaşadığı evə 2022-ci ilin iyun ayında qaz sayğacı quraşdırılmışdır. İddiaçının verdiyi izahatlarla müəyyən edilmişdir ki, iddiaçı 2022ci ilin əvvəllərindən o evdə yaşamağa başlamışdır. İddiaçı izahatında bildirsə də qazdan istifadə etməmiş, elektrik enerjisindən istifadə edərək ehtiyaclarını qarşılamışdır, lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq iddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edərək, Cavabdeh İB tərəfindən yazılmış cərimələri qəbul etdiyini və hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, nə qədər ki, iddiaçının özü 2022-ci ilin əvvəlindən istinad olunan ünvanda yaşadığını təkzib etmir və orada ehtiyaclarını qarşılamaq üçün elektrik enerjisindən istifadə etdiyini sübuta yetirə bilmir, onun qaz sayğacı olmadan qaz xəttinə qoşulması halı istisna edilmir. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, iddiaçıdan tələb edilən məbləğ tənasübsüz surətdə yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə aparmasına, yəni heç bir hesablama düsturuna rast gəlinməmişdir, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Həm abonentin adına verilmiş saldoda, həm abonentlə Cavabdeh İB arasında bağlanmış qazın alğı-satqısı barədə müqavilədə abonentin evində qazla işləyən alətlərdən yalnızca dörd gözlü plitə olması müəyyən edilir. Belə olan halda qaz plitəsinin qış ayları üçün 1.900 manat sərfiyyatı olması ağlabatan deyildir. Odur ki, məhkəmə cərimə məbləğini 400 manat həddində müəyyən etməyi ağlabatan hesab edir. Abonentin saldosundan görünür ki, o, yazılmış cərimə məbləğlərinə 54.50 manat məbləğində ödəniş etmişdir. Yekunda abonentin ödədiyi vəsait məhkəmə tərəfindən müəyyən edilmiş cərimə məbləğindən çıxılmalı və qəti olaraq abonentin cərimə məbləği 345.50 manat həddində müəyyən edilməlidir. Beləliklə, yuxarıda istinad olunanlara əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Qarşılıqlı iddia üzrə Cavabdeh İB-nin ödədiyi rüsumun İddiaçı tutulması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən Cavabdeh İB tərəfidən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddianın təmin edildiyi hissədə İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İB tərəfindən 39.05 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş rüsumun 8 manatı İddiaçı tutulub Cavabdeh İB-yə ödənilməli, qalan 31.05 manat isə Cavabdeh İB-nin özünə aid edilməlidir. İş materiallarında olan eskpertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatıın dəyəri 65 manat müəyyən edilmişdir. Odur ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manatın 32.50 manatı İddiaçı, qalan 32.50 manatı isə Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı **********00013 saylı abonent hesabında mövcud olan borcdan 400 (dörd yüz) manat saxlanılmaqla qalan 1.446,30 (bir min dörd yüz qırx altı manat otuz qəpik) manat silinsin. İddiaçı Cavabdeh İB-yə 54.50 (əlli dörd manat əlli qəpik) manat ödəməsi nəzərə alınaraq yekunda 345.50 (üç yüz qırx beş manat əlli qəpik) manat məbləğində cərimə borcu olduğu müəyyən edilsin. İlkin və qarşılıqlı iddialar qalan hissədə rədd edilsin. Ödənilmiş 39.05 (otuz doqquz manat beş qəpik) manat dövlət rüsumunun 8 (səkkiz) manatı İddiaçı tutulub Cavabdeh İB-yə ödənilsin, qalan 31.05 (otuz bir manat beş qəpik) manat isə Cavabdeh İB-nin özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatın 32.50 (otuz iki manat əlli qəpik) manatı İddiaçı, qalan 32.50 (otuz iki manat əlli qəpik) manatı isə Cavabdeh İB-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar