Məhkəmə qərarları › İş №2(011)-5135/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5135/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5135/2025 18.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Cavabdeh iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “əmlak hüquqlarının bərpası və sair” tələblərinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İlkin iddia tələbi üzrə İddiaçı MMC ilkin iddia tələbi üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 3 ay (90 gün) müddətinə hesablanmaqla 3 ay (90 gün) müddətinə hesablanmaqla 2290 (iki min iki yüz doxsan) manat lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 876 (səkkiz yüz yetmiş altı) manat, cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tərəfimizdən ödənilmiş 616 (atı yüz on altı) manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 850 (səkkiz yüz əlli) manat, cəmi 4632 (dörd min altı yüz otuz iki) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 66.32 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “öhdəliyin üzərinə qoyulması və pul” tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1" MMC tərəfindən qanunsuz olaraq alınmış Chevrolet Malibu markalı, **-YF- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh Akif (Akifoviç) oğluna qaytarılması, bu mümkün olmadıqda başqa eyni buraxılış tarixli, eyni keyfiyyətli, uyğun markalı avtomobilin əvəlki ödənişlər nəzərə alınmaqla müvafiq lizinq şərtlərilə ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya lizinq müqaviləsi ilə əlaqədar cavabdehə indiyədək ödədiyi 12000 (on iki min) manat vəsaitin Cavabdeh Akif(Akifoviç) oğluna qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin əsassız tələbi ilə tələb edilən “üç aylıq ödənilməmiş lizinq haqqının və avtomobilin texniki vəziyyətinin pisləşməsi adı altında digər xərclərin əsassız hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh Akif(Akifoviç) oğluna dəymiş maddi -500 manat vəsaitin (vəkil nümayəndəyə ödənilmiş haqq) və mənəvi ziyanın-1000 manat qiymətləndirilərək, cavabdehdən tutularaq, Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında 11,12.2024-cü il tarixdə 302/2024 saylı “daxili maliyyə lizinq müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2019-cu il olan, qara metallik rəngli “Chevrolet Malibu” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 23000 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh oğluna daxili maliyyə lizinq müqaviləsinə əsasən Müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 730 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı öz öhdəliklərini yerinə yetirmiş və buraxılış ili 2019-cu il olan, qara metallik rəngli “Chevrolet malibu” markalı nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktı barədə tərəflər akta imza etmişlər. Cavabdeh isə öhdəliklərə əməl etməmiş və “daxili maliyyə lizinq müqaviləsi” ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Nəticədə, cavabdehin müqaviləyə əsasən 3 ay (90 gün) müddətinə hesablanmaqla 2290 (iki min iki yüz doxsan) manat lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 876 (səkkiz yüz yetmiş altı) manat ( 730 % 2 =14.6 x 60= 876 manat) borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya maddi ziyan vurmuşdur. Avtomobil cavabdehdən yararsız vəziyyətdə alınmışdır. Cavabdeh avtomobili saz vəziyyətdə saxlamamış və avtomobilin texniki funksional vəziyyətinin bərpası məqsədilə tərəflərindən avtomobilin təmir xərcləri çəkilmiş və bu xərclərin cəmi 850 manat etmişdir. Cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə AYN ******* (32 manat), İXP ******* (144 manat), AYN ******* (21 manat), EQ 26968853 (10 manat), EQ 27055130 (400 manat) və EQ 27888013 (9 manat) cərimə olunmuş (cəmi 616 manat) və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir, (ödənişlər və inzibati xətalar haqqında cərimələrin qərarları ilə bağlı sübutlar iddia ərizəsinə əlavə edilir). Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (lizinq alan) ilə direktor X3 şəxsində İddiaçı MMC (lizinq verən) arasında 11 dekabr 2024-cü il tarixdə lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, 23.000 (iyirmi üç min) manat qiymətləndirilmiş Chevrolet Malibu markalı **-YF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 36 ay müddətində iddiaçıya lizinqə verilmişdir. Müqviiənin şərtlərinə görə iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 722 (yeddi yüz iyirmi iki) manat ödəməlidir. İddiaçı avans olaraq cavabdehə müqavilə bağlanılan tarixdə 6.000 (ailtı min) manat ödəmiş və 4000 (dörd min) manat isə kasko sığorta üçün ödəmiş, bundan sonra isə xx.xx.2025-ci il tarixdə dekabr və yanvar ayları üçün 1460 (bir min dörd yüz altmış) manat və fevral ayı üçün qabaqcadan 600 (altı yüz) manat, gecikmə üçün xx.xx.2025-ci il tarixdə 200 (iki yüz) manat, 21 fevralda 130 manat ödəmişdir. xx.xx.2025-ci il tarixdə 200 (iki yüz) manat, 26 mart tarixində isə 530 (beş yüz otuz) manat ödəmişdir. xx.xx.2025-ci il tarixdə 600 (iki yüz) manat ödəmiş və 130 (yüz otuz) manat borc qalmışdır. xx.xx.2025-ci il tarixdə isə polis təzyiqi ilə qanunsuz olaraq avtomobili iddiaçıdan alınmışdır. Göründüyü kimi iddiaçı müqavilə şərtlərinə uyğun olaraq lizinq haqqını vaxtlı-vaxtında ödəmiş, yalnız bəzi hallarda cüzi gecikdirmə halı olmuşdur. Lakin bu gecikmə ardıcıl iki ay olmamış, nə müqavilənin şərtlərinə, nə də ki, mülki qanunvericiliyin tələblərinə əsasən lizinq müqaviləsinin ləğv edilməsinə əsas verən hallar yaranmamışdır. Buna baxmayaraq, cavabdeh İddiaçı MMC müqavilə şərtlərini kobud şəkildə pozaraq 11 may 2025-ci il tarixdə polis təzyiqi vasitəsilə qeyd olunan nəqliyyat vasitəsini iddiaçıdan almışdır (məlumata görə həmin avtomobil artıq başqa şəxsə satılmışdır). Daha sonra iddiaçıya 12 may 2025-ci il tarixdə bildiriş göndərilərək, əsassız şəkildə guya üç aylıq ödənilməmiş lizinq haqqı tələb edilmişdir. Bundan başqa iyul 2025-ci il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, guya ödənilməmiş üç aylıq lizinq ödənişinin, 2290 (iki min iki yüz doğsan) manat, gecikdirmə faizi kimi 876 (səkkiz yüz yetmiş altı) manat, inzibati xətalara görə 616 (altı yüz on altı) manat, nəqliyyat vasitəsinə dəymiş ziyana görə 850 (səkkiz yüz əlli) manat məbləğində olmaqla, cəmi 4632 (dörd min altı yüz otuz iki) manat vəsaitin iddiaçıdan tutulmasını istəmişdir. Sözsüz ki, cavabdehin bu iddiası əsassızdır. Yuxarıda qeyd etdiyi kimi ödənişlər cüzi gecikdirmə olmaqla tərəfindən vaxtlı vaxdında icra olunmuş, avtomobilə hər hansı ziyan dəyməmişdir. Cavabdehlə iddiaçı arasında olan ödəniş forması nağd şəkildə aparılmış və ödəniş müqabilində iddiaçıya sənəd olaraq qarşı tərəfdən qaimə sənədi yazılıb verilmişdir. İddiaçı həmin qaimələri nəqliyyat vasitəsinin günlüyünün içərisində saxlayırdı. Nəqliyyat vasitəsi qeyri qanuni olaraq polis təzyiqi ilə iddiaçıdan alınanda həmin qaimələr də cavabdehin əlinə keçmişdir. Cavabdeh sonradan qaimələrin deyilən yerdə guya olmadığını bildirmişdir. Ona görə də iddiaçı etdiyi ödənişləri bilavasitə təsdiq edən sənədə malik deyildir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının mülkiyyət və istifadə hüququ kobud şəkildə pozulmuş, iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, cavabdeh tərəfindən daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişinin, inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş məbləğin və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin Cavabdeh tərəfindən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək və qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, haqqında cinayət işi olduğuna görə iddianı iddiaçıdan sonra vermişdir. Həmçinin müvafiq ödənişlər etdiyini bildirmiş və hazırda heç bir borcu olmadığını və ödənişləri tamamilə etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili İsgəndərov X2 Siruz Akifoviç tərəfindən edilən ödənişlərin çekləri və qaimələri hazırda əldə etmək mümkün deyil, buna səbəb isə nəqliyyat vasitəsinin iddiaçı tərəfindən götürülməsi və ödənilmiş 12000 manatın isə mənimsənilməsidir. Sübutları məhkəməyə təqdim etməmələrinin səbəbi isə Cavabdeh həbsdə olması olmuşdur, buna görə də ödənişlə bağlı qəbzləri təqdim etmək mümkün olmamışdır. Həmçinin nümayəndə qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış 302/2024 saylı “daxili maliyyə lizinq müqaviləsi”-nə əsasən buraxılış ili 2019-cu il olan, qara metallik rəngli “Chevrolet Malibu” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 23000 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh oğluna daxili maliyyə lizinq müqaviləsinə əsasən Müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 730 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. 11 dekabr 2024-cü il tarixli 302/2024 saylı Daxili lizinq müqaviləsindən görünür ki, Lizinq obyeKti Lizinq verən tərəfindən Lizinq alana təhvil verilməsinə qədər Lizinq alanın bu müqavilə üzrə bütün ödənişləri avans sayılır. 8.4. Lizinq verənin hesablaşma hesabına Lizinq alandan növbəti lizinq ödənişləri daxil olduqda, Lizinq verən onları ilk növbədə müqaviləyə müvafiq olaraq hesablanmış dəbbə pulu və/və ya cərimə üzrə borcun, qalan məbləği isə növbəti lizinq ödənişinin ödənilməsinə yönəldə bilər. Lizinq ödənişlərinin və ya avansın silinməsi növbəliliyi aşağıdakı kimidir: a)Hesablanmış dəbbə pullarının silinməsi; b)Servis haqqlarının, obyektin əldə ediləsi ilə bağlı digər əlavə xərclərin silinməsi; c)Sığorta haqqlarının silinməsi (əgər nəzərdə tutulubsa); d)Lizinq verənin mükafatının silinməsi; e)Lizinq obyektinin əsas dəyərinin silinməsi; İş materiallarında olan lizinq ödənişləri cədvəlindən görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən 6000 manat avans ödənişi edilmişdir. 19 may 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh icarə haqqına görə 2290 manat, günlük gecikmə faizi 876 manat, DYP cəriməsi 614 manat, avtomobil üçün çəkilən digər xərclərə görə isə 850 manat borcu vardır. İş materiallarında olan “SMS-radar” bildirişlərindən görünür ki, ilkin iddia tələbi üzrə İddiaçı MMC tərəfindən ümumilikdə 616 manat pul vəsaiti Cavabdeh törətdiyi inzibati xətalara görə ödənilmişdir. İddiaçı MMC tərəfindən verilmiş kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh tərəfindən 1360 manat ödəniş edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2-ci maddəsinə görə Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3-cü maddəsinə görə Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə daxili lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə görə “Chevrolet Malibu” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 23000 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən Müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 730 manat olmaqla) ödəmək şərtilə verilmişdir. Mülki iş materialları ilə təsdiq edilir ki, müqavilə bağlandıqdan sonra Cavabdeh tərəfindən 6000 manat avans məbləği ödənilmişdir. Həmin müqavilə əsasında Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Həmçinin mübahisə predmetini təşkil edən avtomobil xx.xx.2025-ci il tarixdə iddiaçıdan alınaraq, İddiaçı MMC-yə təhvil verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nəzərə alaraq ki, mübahisəli avtomobil cavabdehin faktiki sahibliyində cəmi 5 ay olmuşdur, və cavabdeh tərəfindən müqavilə bağanarkən 6000 manat avans ödəniş edilmişdir, iddiaçının ilkin tələbləri “daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 3 ay (90 gün) müddətinə hesablanmaqla 3 ay (90 gün) müddətinə hesablanmaqla 2290 (iki min iki yüz doxsan) manat lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 876 (səkkiz yüz yetmiş altı) manatın cavabdehdən tutulması hissəsində əsassız olduğu üçün təmin ediməməlidir. Bununla yanaşı mülki iş üzrə sübutların araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tələb edilmiş cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Bu səbəbdən ilkin iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı tərəfindən inzibati xətalara görə ödənilmiş 616 manat pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə hesab edir ki, həmin tələblər əsassız olduğundan və sübularla təsdiq edilmədiyindən təmin edilməməlidir. Belə ki, Cavabdeh aşağıdakı tələləbləri irəli sürmüşdür: 1.Cavabdeh “X1" MMC tərəfindən qanunsuz olaraq alınmış Chevrolet Malibu markalı, **-YF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh Akif (Akifoviç) oğluna qaytarılması, bu mümkün olmadıqda başqa eyni buraxılış tarixli, eyni keyfiyyətli, uyğun markalı avtomobilin əvvəlki ödənişlər nəzərə alınmaqla müvafiq lizinq şərtlərilə ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya lizinq müqaviləsi ilə əlaqədar cavabdehə indiyədək ödədiyi 12000 (on iki min) manat vəsaitin Cavabdeh Akif(Akifoviç) oğluna qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması Məhkəmə nəzərə alır ki, Cavabdeh tərəfindən ödənilmiş 12000 manat pul vəsaiti müqavilənin şərtlərinə görə ödənilmişdir, həmin məbləğə avans ödəniş, sığora haqqı və aylıq ödənişlər daxildir. Məhkəmə belə qənaətə gəlir ki, müqavilənin şərtləri Cavabdeh tərəfindən pozulduğuna görə avtomobilin və ya ödənilmiş məbləğin geri ödənilməsi tələbi təmin edilməməlidir. 2-ci tələb - cavabdehin əsassız tələbi ilə tələb edilən “üç aylıq ödənilməmiş lizinq haqqının və avtomobilin texniki vəziyyətinin pisləşməsi adı altında digər xərclərin əsassız hesab edilməsi – məhkəmə hesab edir ki, bu tələb deyil, cavabdehin ilkin iddia tələbinə etirazıdır. 3-cü tələb - cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh dəymiş maddi zərər - 500 manat vəsaitin (vəkil nümayəndəyə ödənilmiş haqq) və mənəvi ziyanın- 1000 manat qiymətləndirilərək, cavabdehdən tutularaq, Cavabdeh ödənilməsi. Məhkəmə hesab edir ki, vəkilə ödənilmiş haqqla və mənəvi zərər tələbi ilə bağlı sübutlar təqdim edilmədiyinə görə bu tələblər də təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən inzibati xətalara görə cərimə qismində ödənilmiş 616 manat pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “əmlak hüquqlarının bərpası və sair” tələblərinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 66.32 manat. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 66.32 manat dövlət rüsumunun 15% yəni 10 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan 85% yəni 56,32 manat ilkin iddia tələbi üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q Ə T E T D İ: İlkin iddia tələbi üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. İlkin iddia tələbi üzrə Cavabdeh inzibati xətalara görə ödənilmiş 616 manat pul vəsaiti tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “əmlak hüquqlarının bərpası və sair” tələblərinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 66.32 manat dövlət rüsumunun 15%, yəni 10 manat Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilsin, qalan 85%, yəni 56,32 manat ilkin iddia tələbi üzrə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar