Məhkəmə qərarları › İş №2(011)-5146/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5146/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5146/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “nəqliyyat vasitəsinin qaytarılması və pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Volkswagen Touareg” markalı, (minik, buraxılış ili 2011, tip-universal, mühərrik: CGR009061, ban: WVGZZZ7PZBD046655, qara rəngli), **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən 20.000 manat məbləğində borcun, 12.015,9 manat cərimə məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 32.045,9 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ASC ilə fiziki şəxs alıcı Cavabdeh arasında nəqliyyat vasitəsinin alğı-satqısına dair 06-17/53 nömrəli, xx xxx 2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırılması protokolunda göstərilmiş nəqliyyat vasitəsini satmağı, alıcı isə həmin nəqliyyat vasitəsini qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş vaxtda dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilənin ümumi dəyəri müqaviləyə əlavə olan qiymətlərin razılaşdırması protokolunda qeyd olunan məbləğ, cəmi ƏDV daxil olmaqla 40.053 manat təşkil edir. Tərəflər arasında bağlanmış 06-17/53 nömrəli, xx xxx 2017-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırması protokoluna əsasən müqavilənin ümumi dəyəri üzrə ödənişlər 2017-ci ilin may ayından başlayaraq alıcı tərəfindən ödəniləcək aylıq ödəniş məbləği 500 manat, alıcı tərəfindən yalnız 2017-ci ilin avqust ayında ödəniləcək ödəniş dəyəri 10.000 manat müəyyən olunmuşdur və alıcı yuxarıda göstərilmiş aylıq ödənişləri hər növbəti ayın sonuncu həftəsi dövründə olmaq şərtilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC xx xxx 2017-ci il tarixində 06-17/53 nömrəli, xx xxx 2017-ci il tarixli müqaviləyə və “Euro Style” LTD tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli, 00006236-1 nömrəli təmir kartına əsasən nəqliyyat vasitəsini saz vəziyyətdə Cavabdeh təhvil vermişdir və sonuncu nəqliyyat vasitəsini təhvil almışdır. Lakin alıcı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Cavabdehə iddiaçı tərəfindən dəfələrlə müraciət olunsa da, bu günədək yaranan borc ödənilməmiş və avtomobil iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, “Volkswagen Touareg” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-yə məxsusdur. Tərəflər arasında xx xxx 2017-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqısına dair müqavilə bağlanmış, sözügedən avtomobil cavabdehə satılmış, cavabdeh avtomobilin dəyəri olaraq 40.053 manat pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Avtomobil saz vəziyyətdə cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq borcu tam şəkildə ödəməmişdir. Cavabdehə bununla bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsinə nəzər yetirərək iddiaçının iddia tələbinin əsasının alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təşkil etdiyini müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 747-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlansa da, həmin müqavilənin əsasını lizinq müqaviləsindən irəli gələn şərtlər təşkil edir. Odur ki, tərəflər arasında yaranmış mübahisənin həllində lizinq müqaviləsinə aid olan normalar tətbiq edilməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı mübahisəli avtomobil üzərində ödənişlərin tam başa çatmasına qədər mülkiyyət hüquqlarını saxlayır. Hazırkı iş üzrə cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə əgər ödənişlərdə gecikmə olarsa hazırkı iş üzrə iddiaçı avtomobilin geri qaytarılmasını tələb edə bilər. Bu zaman ödənilmiş vəsait geri qaytarılmayacaqdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəsinə ödənişlər etməyi götürsə də, öhdəliyi lazımınca icra etməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməkdə və gecikmə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin tutulması barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyib və öhdəliyin icrasını gecikdirib iddiaçı ondan dəbbə pulu tələb etməkdə haqlıdır. Lakin Mülki Məcllənin 467-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsində göstərilən 12.015,9 manat cəriməni tənasübsüz surətdə yüksək olduğuna istinad edərək həmin məbləğin 120 manat məbləğində müəyyən edilməsini ağlabatan sayır. Məhkəmə eyni zamanda iddia tələbinin avtomobilin geri qaytarılmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, avtomobil cavabdehin sahibliyində olduğundan, iddiaçı avtomobilin cavabdehdən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobilin cavabdehdən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia qeyd edilən hissədə əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, “Volkswagen Touareg” minik markalı, buraxılış ili 2011 olan, universal tipli, mühərrik nömrəsi CGR009061, ban nömrəsi WVGZZZ7PZBD046655 olan, qara rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməli, Cavabdeh 20.000 manat məbləğində əsas borc, 120 manat cərimə borcu olmaqla, cəmi 20.120 manat pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan cavabdehlərdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Volkswagen Touareg” minik markalı, buraxılış ili 2011 olan, universal tipli, mühərrik nömrəsi CGR009061 olan, ban nömrəsi WVGZZZ7PZBD046655 olan, qara rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində əsas borc, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla, cəmi 20.120 (iyirmi min yüz iyirmi) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar