Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5180/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı iddiaçının istifadəsində olan ünvan 1 yerləşən fərdi yaşayış evi üzrə əsassız olaraq cavabdeh tərəfindən hesablanmış 432 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı hal-hazırda ünvan 1 ailəsi ilə birlikdə yaşayır. ünvan 1 yerləşən fərdi yaşayış evi onun istifadəsindədir. Həmin evdə ailəsi ilə mövsümi olaraq ara-sıra yaşayırlar. Onu məlum olmuşdur ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları 2024-cü ilin oktyabr ayında ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borc olmamışdır. Bir müddət qazdan istifadə etmişlər. Lakin bir müddət sonra onlara məlum olmuşdur ki, 2024-cü ilin oktyabr ayına 432 manat cərimə borcları var. Qaz sayğacına smart kart vasitəsi ilə ödənişlərini vaxtı-vaxtında etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmişdir və plombuda üzərində olub. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Sayğacın mənfiyə işləməsi onun günahı deyil və ona əsassız olaraq yazılan - 963,36 manat məbləğində cərimə pulun silinməsi üçün ərizə ilə “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir lakin, nəticəsi olmayıb. O qaz sayğacına müdaxilə etməmişdir. O hesab edir ki, X1 işçiləri tərəfindən tərtib edilən cərimə borcları əsassızdır. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu qeyd edilmişdir. Abonent adına xx.xx.2021-ci il tarixli akta əsasən qalıq 432 manat məbləğində borc hesablanmışdır (abonentin saldosu **********11890). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 432 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 2 ünvanı üzrə (abonent kodu: **********11890) xx.xx.2021-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova