Məhkəmə qərarları › İş №2(011)-5185/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5185/2023

17.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5185/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ******* №-li və ******* №-li aktların ləğv edilməsi, həmin aktlardan irəli gələn 2.902,10 manat məbləğin onun hesab kodundan silinməsi və qeyri-qanuni borca görə tutulmuş 318.30 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2 küçəsi, ev 24 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2 küçəsi, ev 24 ünvanına, G4 markalı, X1 tipli, 1202AQ**********5 №li sayğac quraşdırılmış, plomb vurulmuş, **********20000 №li abonent kodu verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" akt tərtib edilməmiş və Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır, xx.xx.2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 4 gün sonra iddiaçının hesab koduna heç bir əsas olmadan 401.70 manat qeyri-qanuni borc yazılmışdır. 2015-ci il tarixə qədər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə təbii qazın fasilələrlə verilməsi, hətta verilməməsi səbəbindən qəsəbə sakinləri arasında narazılıqlar yaranmış və ödənişlər mütəmadi olmamışdır. Bu səbəbdən Cavabdeh İB tərəfindən külli miqdarda cərimə aktları tərtib edilmiş və şişirdilmiş borclar yaranmışdı. xx.xx.2015-ci ildə "Nardaran hadisələri”indən sonra kənd sakinlərinin qaza görə "Azəriqaz" İB-nə olan borcları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən silinmişdir. xx.xx.2015-ci il tarixdə Nardaran qəsəbəsində yenidən qaz sayğacları quraşdırılıb və o cümlədən "Azəriqaz" İB İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2 küçəsi, ev 24 ünvanında abonentin iştirakı ilə yeni G-4 elektron markalı, smart-kart tipli, 1202AQ**********4 №li sayğac quraşdırmış, plomb vurmuş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" akt tərtib etməmiş və İddiaçı ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq "Azəriqaz" İstehsalat Azəriqaz" İB-nin tərtib etdiyi - aktlara əsasən guya birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz sayğacına məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz sayğacına müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2 küçəsi, ev 24 ünvanında quraşdırılmış qaz sayğaclarına müdaxilə etməmişdir. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlərin iştirakı olmadan qaz sayğaclarını özbaşına dəyişir və istədikləri müdaxiləni etməklə, həmin müdaxiləyə uyğun aktlar tərtib edir və abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edirlər. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Hazırkı halda iddiaçı, cavabdehdən qaz sayğacına abonent tərəfindən müdaxilə olunmanı sübut edən faktları tələb edir. Belə ki, iddiaçının Məhkəməyə təqdim etdiyi aktlar birtərəfli qaydada tərtib edilmiş və iddiaçı həmin aktları imzalamamışdır. Abonent tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. Bundan əlavə, abonentlə heç vaxt «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlamayan cavabdeh gasrep və abonentin saldosunu iddiaçıya təqdim etmək istəməmiş və yalnız xx.xx.2023-cü il tarixdə AKX - 05468xx/xx-2023 № li müqaviləni imzalatdırdıqdan sonra tələb olunan sənədlərin surətini iddiaçıya vermişdir. xx.xx.2023-cü il tarixli gasrepdən məlum olur ki, abonent sərfiyyata uyğun olaraq 2022-ci ilə qədər hər ay ödənişlər etmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 16109 m3 qaz sərfiyyatına görə 2.312,60 manat ödəniş olmuş və qeyri-qanuni yüklənmiş borca görə abonetdən 318.30 manat pul tutulmuşdur. Göründüyü kimi, abonent 8 il ərzində 2.312,60 manatlıq qaz sərfiyyatı etmiş, lakin aktlar ilə onun hesab koduna 2.902,10 manat borc hesablanmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, mənzilə baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi və plomb yuvasının ətrafına əzik aşkarlanmışdır. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 518,40 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilə abonentin 518,40 manat borcu mövcuddur. İstinad olunan cərimə borcuna dair iddiaçının özünün bildirməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi mövcuddur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 mart 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, mənzilə baxış keçirilən zaman sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kəsilməsi aşkarlanmışdır. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1.555,20 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilə abonentin 1.555,20 manat borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hazırkı iddiaya qiymət verərək hesab edir ki, iddiaçının ərizədə silinməsini istədiyi 2.902,10 manat cərimə borcunun olmasını aşkar etmək mümkün olmamışdır. Belə ki, iddiaçının abonent hesabına 31 may 2022-ci il və 27 mart 2023-cü tarixlərdə müvafiq olaraq 518.40 manat və 1.555,20 manat məbləğlərdə cərimələr yazılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı izahatında abonent koduna hesablanmış 518.40 manat cərimə ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin mövcud olduğunu qeyd etdiyindən məhkəmə 1.555,20 manat məbləğində yazılmış cərimənin yazılmasının əsaslarını yoxlayır. İş materiallarından görünür ki, 1.555,20 manat məbləğində cərimənin yazılmasına əsas sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kəsilməsi olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddia tələbi itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.555,20 manat borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcla bağlı 318.20 manat tutulan pulun geri qaytarılması hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, abonent saldosunda abonentdən 318.20 manat vəsaitin borca görə tutulması göstərilsə də, hazırkı tutmaların tarixi 2020-ci ili əhatə edir. Halbuki 1.555,20 manat məbləğində cərimə 2023-cü ildə tətbiq edilmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abunə koduna hesablanmış 1.555,20 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 35.56 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abunə koduna hesablanmış 1.555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 35.56 (otuz beş manat əlli altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar