Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5191/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçınən vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi (bundan sonra – Fərdi yaşayış evi) iddiaçının mülkiyyətindədir və onun Fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Fərdi yaşayış evi üzrə **********02155 saylı abonent kodu ilə iddiaçı qeydiyyata alınmışdır.
2. İddiaçı Fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi üçün cavabdeh quruma müraciət etmiş, cavabdeh tərəfindən Fərdi yaşayış evinin qazlaşdırılması sxemi təsdiq edilmiş və həmin sxem əsasında “İntroduction of X1” MMC tərəfindən Fərdi yaşayış evinin qazlaşdırıması təmin edilmişdir.
3. Fərdi yaşayış evinə **********3 nömrəli qaz sayğacı quraşdırılmış və bu barədə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli qaz sayğacının quraşdırılması haqqında akt qəbul edilmiş, lakin sonradan həmin sayğac cavabdehin əməkdaşları tərəfindən, iddiaçının borcunun olması əsas gətirilərək çıxarılıb aparılmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Fərdi yaşayış evindən cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına çıxarılan **********3 nömrəli qaz sayğacının Fərdi yaşayış evinə quraşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Fərdi yaşayış evi onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Əmlakın alqı-satqısı zamanı notariat kontoru tərəfindən kommunal borcların olmaması yoxlanılmış, su və işıq sayğacları olduğu üçün həmin komunallara borc olmaması barədə arayış Notariat Kontoruna təqdim olunmuşdur. Evi satan şəxsin adına qaz sayğacı olmadığı üçün, həmçinin evin qaz xətti və qaz sayğacı olmadığı üçün notariat ofisində qaz borcuna dair heç bir sənəd verilməmişdir. Fərdi yaşayış evində qaz sayğacı olmadığı üçün o, cavabdehə müraciət edərək mülkiyyətində olan evə qaz sayğacının quraşdırılması üçün müraciət etmişdir. Əvvəlcədən cavabdehin işçiləri onun evinə baxış keçirmiş, layihə və sxem çəkmiş və daha sonra sənədləşmə işlərinə başlamışlar. Bir müddət sonra onun qaz çəkilişi və abunə kodunun verilməsi üçün rüsum ödəməsini bildirmişlər. O, qaz sayğacının çəkilişi və kodun verilməsi üçün rüsumu ödəmişdir. Bir neçə gün sonra cavabdehin işçiləri onun mülkiyyətində olan Fərdi Yaşayış evinə qaz sayğacının quraşdırılması üçün gəlmiş, xx.xx.2024-cü il tarixində ******* nömrəli akt əsasında cavabdehin işçiləri onun evinə **********02155 abonent kodu açaraq **********3 nömrəli qaz sayğacı quraşdırmışlar. Bir müddət qazdan istifadə etmiş, lakin 2024-cü ilin may ayında cavabdehin işçiləri qaz sayğacını qanunsuz çıxararaq özləri ilə aparmışlar. Bu barədə xəbər alan kimi, cavabdehə müraciət etmişdir. Sayğacın hansı səbəbdən çıxarıldığını soruşduqda ona bildirmişlər ki, guya ki, əvvəllər onun əmlakının qaz sayğacı olmuş, cavabdehin işçiləri yalnışlıqla, araşdırma aparmadan ünvanına yenidən sayğac qoymuşlar. Əvvəlki sayğacın üzərində borc olduğu üçün yeni sayğacı çıxarmışlar.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
11. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
12. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
13. 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qazpaylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
14. 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
“Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir.
16. Maddə 10.3 Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
23. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.
24. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.
25. İddiaçının yaşadığı Fərdi yaşayış evinə əvvəll və xx.xx.2024-cü il tarixdə qaz sayğacı quraşdırılmış və iddiaçıya abonnent kodu verilmişdir. Lakin, 2024-cü ilin may ayında həmin ünvanda quraşdırılmış qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılmış və yenisi quraşdırılmamışdır.
26. Məhkəmə qeyd edir ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alğı-satqısı müqaviləsinin bağlanması və s. ilə Cavabdeh məşğul olduğundan, iddiaçı qaz sayğacının quraşdırılması, ona məxsus ünvana təbii qazın verilməsi üçün təbii inhisar subyekti olan Cavabdehnə müraciət etməkdə haqlı olmuşdur.
27. Göründüyü kimi, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə təbii inhisar subyekti olan qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, həmçinin qanunvericiliyinin tələbinə əsasən təbii inhisar subyektlərinin təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqlarından cavabdeh istehlakçıya münasibətdə qanunsuz tələblər irəli sürməklə öz öz öhdəliyini pozmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, yaşayış evinə qaz sayğacı quraşdırılmş və iddiaçı olan abonentə abunə kodu verilmişdir. İddiaçıya məxsus sayğacın cavabdeh tərəfindən çıxarılması və yenisinin quraşdırılmasından imtina edilməsi yuxarıda qeyd edilən qanunvericilik normalarında təsbit edilmiş vəzifələrinin icrasından yayınması kimi qəbul edilməlidir.
28. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi məhz **********3 nömrəli qaz sayğacının Fərdi yaşayış evinə quraşdırılması hissəsində təmin edilməməlidir. Belə ki, həmin qaz sayğacının hal-hazırda istismara yararlı olub-olmaması, hansı vəziyyətdə olması və s. kimi hallar məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, məhz **********3 nömrəli qaz sayğacının Fərdi yaşayış evinə quraşdırılması barədə qərtnamə qəbul edildiyi təqdirdə həmin qaz sayğacı istifadəyə yararsız olduğu halda məhkəmə qətnaməsi formal olaraq icra edilmiş olsa da, iddiaçının tələbi mahiyyət etibarilə təmin edilmiş olmayacaqdır və nəticə etibarilə icrası mümkün olmayan qətnamə qəbul edilmiş olacaqdır.
29. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
30. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci (Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödəniləcək dövlət rüsumu 100 manat təşkil edir) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********02155) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərəfindən qaz sayğacı quraşdırılsın. İddia tələbi qalann hissədə təmin edilməsin. 100 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı