Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5226/2020 03.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 41, 110 saylı mənzilə (abonentin kodu: **********01100) əsassız olaraq “Cavabdeh” İB tərəfindən itirilmiş təbii qazın dəyərinin ödənilməsinə görə tələb olunan 1.853,06 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 41, 110 saylı mənzil xx xxxxxxx 2017-ci il tarixdən iddiaçının mülkiyyətində və istifadəsindədir. “Cavabdeh” İB-nin əməkdaşları ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar. İddiaçının köhnə qaz sayğacına borcu olmamışdır və sayğac dəyişdirilən zaman plombu üzərində olmuşdur. Yeni qaz sayğacını bir müddət işlətdikdən sonra iddiaçıya borc haqqında şifahi xəbərdarlıq olunmuşdur. “Cavabdeh” İB tərəfindən ona sayğaca müdaxilə edildiyi üçün cərimə olunduğu bildirilmişdir. Həmin evdə istifadə olunan qazın dəyəri vaxtlı-vaxtında ödənilmişdir və iddiaçının qaz sayğacına heç bir borcu olmamışdır. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər borla bağlı hər hansı mübahisə yaşanmamışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 41, 110 saylı mənzili hazırkı iş üzrə İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən əldə etmişdir. İş materiallarında olan saldoya əsasən həmin ünvana itirilmiş təbii qazın dəyəri olaraq 1.853,06 manat borc 2017-ci ilin sentyabr ayında yazılmışdır. Həmin borc yazılarkən hazırkı iş üzrə iddiaçı həmin evin mülkiyyətçisi olmamışdır. Cavabdeh təşkilat tərəfindən həmin ünvana aid olan abonent saldosu iddiaçı Naibə Allahverdiyanın adına keçirilməmiş, lakin onun abonent hesabından borca görə tutulmalar aparılmışdır.İddiaçı 1.853,06 manat borc məbləğinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan abonentin saldosuna əsasən 2017-ci ilin sentyabr ayına iddiaçının abonent hesabında 1.853,06 manat məbləğində borc olması qeyd edilmişdir. Həmin məbləğin hansı əsaslarla və hansı akt əsasında yazılması məhkəmə tərəfindən aşkarlanmamışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq hesablanmış borcun yaranmasına əsas olmuş sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə yuxarıda sadalananlara əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının abunə koduna hesablanmış 1.853,06 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********01100 saylı abunə koduna hesablanmış 1.853,06 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********01100 saylı abunə koduna hesablanmış 1.853,06 (bir min səkkiz yüz əlli üç manat altı qəpik) manat məbləğində borcu silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5226/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5226/2020
03.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver