Məhkəmə qərarları › İş №2(011)-528/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-528/2024

23.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-528/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB tərəfindən hesablanmış 4883.90 manat əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iclasın iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Ünvanda təbii qazdan sayğac vasitəsilə istifadə etmişdir. Həmin sayğaca kart vasitəsilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. İddiaçı bununla bağlı Cavabdeh İB-nə müraciət etdiyində ona sayğacdan kənar xətt vasitəsilə istifadə edilmişdir və 4883.90 manat məbləğində borc yazılıb. İddiaçı qaz sayğacına müdaxilə etməmiş və ya təbii qazdan kənar xətt vasitəsilə istifadə etməmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - İstehlakçı İddiaçı barəsində xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmiş, aktda təbii qazdan qeyri-qanuni xəttin aşkar edildiyi göstərilmişdir. İddiaçı barəsində 2018-ci il tarixdən 2020ci il tarixinədək aktlara əsasən 2648,3 manat məbləğində borc hesablanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/539 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırımış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yaranan bilən zadə, iz ( qaynaq izi) və əlavə xətt aşkar edilmədi. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarına nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2648,3 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə qaz sərfinə görə iddiaçıya hesablanmış 2648,3 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya qalan 2235,6 manat məbləğində borcun silinməsi hissəsində qiymət verərək qeyd edir ki, həmin borc məbləği istifadə edilmiş qazın dəyərinə görə hesablandığına görə, iddia bu hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 46,48 manat məbləğində dövlət rüsumu, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 65 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala Südçülük sovxozu ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********01250) hesablanmış 2648,3 manat (iki min altı yüz qırx səkkiz manat, otuz qəpik) manat məbləğində borc silinsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 46,48 (qırx altı manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. 65 (altmış beş manat) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar