Məhkəmə qərarları › İş №2(011)-5366/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5366/2022

05.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5366/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış 1686,52 manat məbləğində borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2020-ci il tarixdə cavabdeh “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulma müəyyən edilmiş və bu səbəbdən fərqli vaxtlarda aktlar tərtib edilmişdir. Həmin aktlara (xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 820,80 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 273,60 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 136,80 manat və xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 401,30 manat) əsasən 1837 manat borc hesablayaraq onu məhkəməyə vermişlər. Lakin Yasamal Rayon Məhkəməsinin 2(004)-4779/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və təbii qazdan qeyri-qanuni istifadəyə görə 150,48 manat məbləğində zərər və 2,50 manat dövlət rüsumunun ondan tutularaq "Azəriqaz" İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən görünür ki, onun qanunsuz qaz xəttinə qoşulması yalnız 2 gözlü qaz plitəsinə olmuş və qətnamənin əsaslandırıcı hissəsində buna dair ədalətli hesablama aparılmışdır. Cavabdehlə aralıarıda məhkəmə çəkişməsi 2020-ci ilin təqribi iyul aylarında başlamış və xx.xx.2020-ci il tarixdə yekun məhkəmə aktı qəbul olunaraq bitmişdir. Cavabdeh məhkəməyə verməmişdən əvvəl icazəsiz qaz xəttinə qoşulmanı ləğv etmişdir. Lakin cavabdeh “Azəriqaz" İB qanunsuz qoşulma xəttinin ləğv edilməsini, başqa belə bir xəttin olmamasını və həmçinin məhkəməyə qədər hesabladığı yekun məbləğ 1837 manat olmasına baxmayaraq məhkəmə çəkişməsi zamanı yenidən özbaşına cərimələr tətbiq etmişdir. Avqust 2020-ci il və sentyabr 2020-ci il tarixlərdə müvafiq olarq 820,80 manat və 273,60 manat borc hesablamışdır. Cavabdeh təşkilat qaz xəttinə qanunsuz qoşulma aşkar etdikdə xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmalı idi, lakin cavabdeh təşkilatın əməkdaşları hər ay sadəcə akt tərtib edərək uydurma rəqəmlərlə borc hesablamışdılar. Bundan başqa qanunsuz qoşulmuş xətti çəkdikdən sonrada məhkəmə gedən zamanda yenidən 2020-ci ilin avqust və sentyabr aylarında borc hesablamışdılar. Əgər belə bir hal var idisə məhkəmə zamanı iddia həcminin artırılmasına dair ərizə təqdim edə bilərdilər. Belə bir ərizə təqdim etməmələri onu subut edir ki, cavabdeh “Azəriqaz" İB vətəndaşları incidərək boş-boşuna borc hesablayır və işləri düz olsa idi məhkəmə gedə-gedə, həmçinin qanunsuz qoşulma olmaya-olmaya yenidən borc hesablamazdılar. Qeyd etdikləri ilə əlaqədar “Azəriqaz" İB-yə rəsmi müraciət etmişdir və ona cavab məktubu göndərilərək bildirilmişdir ki, ümumi 3245,30 manat dəymiş ziyan olmuş, xx.xx.2021-ci il tarixli məhkəmə qərarının icrası ilə əlaqədar olaraq 1686,52 manat borc silinmiş, xx.xx.2022-ci il tarixə 1309,85 manat borc qalmışdır. Cavabdeh İB məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olmasına baxmayaraq, yenidən eyni hala görə əsassız yerə 1309,85 manat borc hesablamışdır. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 149 ünvanında istehlakçı kodu İddiaçı adına olan mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə müxtəlif vaxtlarda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək ümumilikdə 3245,30 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2021-ci il tarixdə məhkəmə qərarının icrası olaraq İddiaçı hesabından 1686,52 manat silinmişdir. xx.xx.2022-ci il tarixə sayğac göstəricisi 639 m3 olmaqla borcu 1309,85 manatdır və onun tərəfindən ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4779/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və təbii qazdan qeyriqanuni istifadəyə görə 150,48 manat məbləğində zərər və 2,50 manat dövlət rüsumunun ondan tutularaq "Azəriqaz" İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə məhkəmə qərarının icrası olaraq İddiaçı hesabından 1686,52 manat silinmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçıya ünvanlanan məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə sayğac göstəricisi 639 m3 olmaqla borcu 1309,85 manatdır. Lakin bu borcun yaranmasına əsas olan və iddiaçının təqsiri üzundən baş verən halların mövcüdluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, təqsiri sübut olunmadığından,iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1309,85 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1.000 manatdan az olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00010 olan) hesablanmış 1309,85 (min üç yüz doqquz manat 85 qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar