Məhkəmə qərarları › İş №2(011)-5394/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5394/2021

18.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5394/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – ünvan 1 ünvanındakı fərdi yaşayış evinin divarında apardığı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin iddiaçıya vaxt itkisi və vurulmuş mənəvi zərərə görə 500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş MH seriyalı 138886 nömrəli Qeydiyyat vəsiqəsinin notarial təsdiq edilmiş surətindən müəyyən olunur ki, mübahisə predmeti Bakı şəhəri, Azadlıq prospektində yerləşən 13 nömrəli evin 2 nömrəli mənzilidir və həmin mənzil Bakı şəhəri Xətai rayonu inzibati ərazisində deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mövcud iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyətlə bağlı norması nəzərə alınmaqla, mübahisəli mənzilin olduğu yerə görə məhkəməyə verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar