Məhkəmə qərarları › İş №2(011)-5438/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5438/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5438/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Əhmədova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC-si Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2021-ci il tarixli MAS-3506 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA047018 ban nömrəli, ağ rəngli avtomobil 9006 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15 % hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.19 manat, ümumilikdə isə 10729 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 10729 manatın 9006 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil 10 may 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 24 aprel 2022-ci il tarixdə 30 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 05 aprel 2021-ci il tarixli MAS-3506 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 may 2022-ci il tarixə 1308.4 manat gecikdirilmiş əsas, 142.02 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 467.92 manat dəbbə pulu, cəmi 1918.34 manat borcu vardır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1, 552.2, 747.1, 748-1.8, 748-1.12, 748-7.11 və 748-7.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 05 aprel 2021-ci il tarixli MAS-3506 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 may 2022-ci il tarixə 1308.4 manat əsas, 142.02 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 467.92 manat dəbbə pulu, ümumilikdə 1918.34 manat borcun və ödənilmiş 39.59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, iddia tələbini dəbbə pulu hissəsində qəbul etmədiyini bildirmişdir. Bununla yanaşı, o, bildirmişdir ki, avtomobili vurmuşdular və onlar demişdirlər ki, avtomobili özü düzəltdirsin. O, 9000 manat pul xərcləmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2021-ci il tarixli MAS-3506 saylı “Daxili lizinq” müqaviləsinə əsasən məlum olur ki, 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA047018 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və Lizinq alanın Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 05 aprel 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə İddiaçı MMC-si ilə Cavabdeh arasında “Ravon Nexia R3” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. İş materiallarında olan İddiaçı MMC-si tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 05 aprel 2021-ci il tarixli MAS-3506 saylı “Daxili lizinq” müqaviləsi üzrə 10 may 2022-ci il tarixə 1308.4 manat əsas, 142.02 manat mükafat borcu, 467.92 manat cərimə borcu olmaqla, cəmi 1918.34 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-nin 748-1.12-ci maddəsinə görə Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.3. Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq və mükafat məbləğlərinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə mülki işdə olan sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən və bu işdə olan sübutlarla təsdiq edildiyindən Cavabdeh 10 may 2022-ci il tarixə 1308.4 manat əsas, 142.02 manat mükafat borcu alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehdən 47 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1308.4 manat əsas, 142.02 manat mükafat, 47 manat dəbbə pulu olmaqla, cəmi 1497.42 manat borc və 39.59 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar