Məhkəmə qərarları › İş №2(011)-5454/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5454/2025

22.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5454/2025 22.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi və tutulmuş borcun geri qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı – "Azəriqaz" İB tərəfindən iddiaçıya tətbiq olunmuş 3.110 (üç min yüz on) manat məbləğində cərimənin əsassız hesab edilərək ləğv edilməsi, əsassız cərimə üzrə sistemdə adına qalıq kimi göstərilən 2,050 (iki min əlli) manat məbləğin silinməsi, cərimə üzrə ödənilmiş 1,060 (bir min altmış) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu M.Kaveroçkin küçəsi 58, mənzil 218 iddiaçının xüsusi mülkiyyətindədir. Həmin ünvandakı yaşayış sahəsi Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır və X2 adına qeydiyyatdadır. Uzun illərdir ki iddiaçı həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmişdir və tərəflərindən qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. 2023-cü ildə bütün yaşayış binasında qaz sayğaclarının yenisi ilə dəyişdirilməsi prosesi baş vermişdir və onların da sayğacı "Azəriqaz" İB tərəfindən dəyişdirilmişdir. Həmin vaxt köhnə sayğacda da hər hansı bir problemin olması və ya tərəfindən nəyəsə müdaxilə edilməsi ona bildirilməmişdir. Bu yaxınlarda o, daha dəqiq desək, xx.xx.2025-ci il tarixində “Million” terminal vasitəsi ilə Cavabdeh-a ödəniş edən zaman məlum olmuşdur ki, onun naməlum səbəbdən cavabdeh orqana 2,050 (iki min əlli) manat borcu yaranmışdır. Bununla bağlı AR “Asan Xidmət” Mərkəzində yerləşən “Asan Komunal” xidmətin Cavabdeh şöbəsinə yaxınlaşarkən ona bildirmişdilər ki, bir neçə müddət öncə sayğacı dəyişdirilən zaman güya ki, sayğaca müdaxilə etdiyinə görə 3,110 (üç min yüz on) manat məbləğində cərimə edilmişdir. Ona məlum olmayan cərimə ilə bağlı heç bir akt imzalamamışdır və ona heç bir xəbərdarlıq olunmamışdır. Sayğacın sökülməsi ilə və ya dəyişdirilməsi ilə bağlı ona bildiriş gəlməmişdir. Həmçinin əsassız cəriməni tədbiq edərkən qərar və ya inzibati orqanlardan çağırılma və ya araşdırılma baş verməmişdir və ona hər hansı bir formada istər şifahi istərsə də rəsmi bir sənədlə həmin cərimə barəsində məlumat verilməmişdir. Yazılan 3,110 (üç min yüz on) manat məbləğində cərimə əsassız və qanunsuz olduğundan və adına olan qalıq abunə borcunu əsassız olduğuna görə silinməsinə köməklik göstərməsi üçün "Azəriqaz" İB-nə rəsmi məktubla müraciət etmişdir. Lakin inzibati orqan müraciətinə baxaraq hər hansı bir addım atmamış və adına olan əsassız cərimənin tətbiq olunması üçün müvafiq işləri aparmaqda (pulun silinməsi) davam edir. Hətta həmin orqanın məsul şəxsi ilə görüş keçirilmişdir, lakin nəticəsi onu qane etməmişdir. Cərimə hissə-hissə tutula bilməz, hətta burada pozuntu törədilir. Qeyd edilən cərimənin tətbiqi zamanı nə onun xəbəri olub, nə də aktlaşdırma prosesi zamanı iştirakı təmin olunub. Eyni zamanda, cərimənin əsaslandığı texniki və ya hüquqi arqumentlər ona təqdim edilməmişdir. Bu isə istehlakçının hüquqlarının pozulması, qanunvericiliyin tələblərinin pozulması deməkdir. Hesab edir ki, iş üzrə iddiaçıların hər hansı bir qanun pozuntusu törətməmişdir, sayğaca hər hansı bir müdaxilə etməmişdir və heç bir plombu kəsməmişdirlər. İnzibati orqan bununla bağlı hər hansı bir obyektiv araşdırma aparmamış və nəticədə qanunsuz və əsassız qərar qəbul edərək, vətəndaşı pis vəziyyətə salmışdır. Bu səbəbdən də onlara yazılan cərimə tam əsassızdır və hesab edir ki, bu qanunsuz hərəkətlə bir Azərbaycan vətəndaşının konstitusiyon hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus **********02180 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin aprel ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3.110,40 manat borcu mövcud olmuşdur. Həmin saldodan görünür ki, bu borcdan abonentin hesabından müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 2023-cü ilin oktyabr ayından 2025-ci ilin iyun ayınadək (bu ay daxil olmaqla) 1.060 manat pul tutulmuşdur. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, 14-2-2/3-5-4621/Q002 №-li MSF-yə əsasən 1602AZ**********05№-li sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2020-ci il tarixində “Alarm-1” rejimi aşkar olunub. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə MSK – 14-2-2/3-5- 4621/Q002 saylı, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2020-ci il tarixində “Alarm-1” rejimi aşkar olunub. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 25.920 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan 28 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əməl edilmədiyindən, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3.110,40 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş 25.920 m3 təbii qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyan olaraq 3.110,40 manat məbləğində borc hesablanmışdır. Həmçinin dövlət yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, ünvanda quraşdırılmış qaz sayğacı istismara yararsız olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, istismara yararsız qaz sayğacının düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 3.110,40 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən şübhədən kənar olan mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablanmalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə göstərilən sübutlar (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya yazılmış 2.050 manat məbləğində borc məbləği silinməlidir. Ümumi hesablanmış 3.110,40 manat borcdan qanunsuz tutulmuş 1.060 manat pul məbləği isə iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 51,10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. ünvan 1 ünvanı üzrə (abonent kodu: **********02180) İddiaçı 2023-cü ilin aprel ayı üzrə hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) borcun 2.050 (iki min əlli) manat hissəsi abonentin hesabından silinsin. Həmin borca görə Cavabdeh tərəfindən İddiaçı tutulmuş 1.060 (bir min altmış) manat pul məbləği Cavabdehndən alınaraq İddiaçı qaytarılsın. 51,10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar