Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5463/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanı üzrə **********30067 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvana quraşdırılmış sayğac sonuncu dəfə xx.xx.2008-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müraciətə baxılması barədə məktuba əsasən iddiaçının mənzildə xx.xx.2002-ci il tarixədək 359,42 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin ödənişi aparılmamışdır. Həmçinin, “Abunə haqqında” sənəddə iddiaçının ümumilikdə 359,42 manat borcun olması əks olunmuşdur.
2. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı ünvan 2 ünvan üzrə (abunə kodu **********30067) ondan əsassız olaraq tələb edilən 359,42 manat elektrik enerjisi haqqının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil şəhid ailəsi kimi ona 1992-ci ildə verilmiş və o, ailəsiylə birlikdə həmin ünvanda yaşamış, həmin mənzilə dair onun adına **********30067 nömrəli abunə kodu verilmişdir. O, şəhid ailəsi kimi ona verilən güzəştlərdən istifadə etmiş, bununla belə o, elektrik enerjisinin dəyərini də ödəmiş, onun mənzilinə dair hər hansı bir borcunun yaranması ona bildirilməmişdir. Lakin o, öz mənzilini satan zaman borc barədə arayış aldıqda cavabdeh tərəfindən **********30067 nömrəli abunə kodu üzrə onun 01 yanvar 2002-ci il tarixədək 359,42 manat borcumun olması bildirilmişdir. Onun heç bir zaman elektrik enerjisinə görə borcu olmamış, cavabdeh də heç bir zaman ona elektrik enerjisinə görə hər hansı bir məbləğdə borcumun yaranması barədə bildiriş verməmiş, həmin dövrlər isə şəhid ailələrinə verilən bir sıra imtiyazlar olmuş, şəhid ailələri bir sıra kommunal xidmətlərin ödənilməsindən azad edilmişlər.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
6. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
7. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
8. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
9. Maddə 551.1. əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
10. Maddə 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür.
12. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”
13. 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
14. 7.3-cü bəndinə əsasən, hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır.
15. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
16. 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2002-ci ilədək hesablanmış borcdur. Yuxarıda qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik öhdəliyin icrası üçün konkret müddətlər müəyyən etmişdir. Qanunun mənasına görə, bu müddətlər keçdikdən sonra tərəf öhdəliyini icra etməsə belə, kreditor tələb hüququnu itirmiş olur və borclunun kreditoru qarşısında hər hansı öhdəliyi qalmır. (§ 9, 10)
19. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan tələb etdiyi borc vaxtaşırı ödənişlər hesab edildiyindən və borcun yaranmasından 5 ildən artıq vaxt keçdiyindən, bununla da iddiaçının həmin borcu ödəməsinə dair öhdəliyinə xitam verildiyindən cavabdeh itirilmiş qaz sərfiyyatının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
21. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur.
22. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. "xxxx" ASC tərəfindən X2 (abonent kodu: **********30067) hesablanmış 359,42 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı
-