Məhkəmə qərarları › İş №2(011)-5466/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5466/2023

18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5466/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ona məxsus Bakı şəhəri Suraxanı Rayonu Hövsan qəsəbəsində yerləşən 1675 və 1675A saylı torpaq sahəsi üzrə Kondisioner Bağçılıq-Yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısında səhvən “Nəriman” kimi qeyd edilən ata adının “Pirməd” adı ilə eyni şəxsə məxsus olmadı faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin dəlillərini və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən 307.2-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizədə tələbini “Kondisioner Bağçılıq-Yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısında səhvən “Nəriman” kimi qeyd edilən ata adının “Pirməd” adı ilə eyni şəxsə məxsus olmadı faktının müəyyən edilməsi” müəyyən etsə də, nəticə etibarı ilə o, Kondisioner Bağçılıq-Yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısında Ərizəçi Nəriman qızının, təqdim edilmiş X1 Müşavirəsinin 03 nömrəli 15 mart 1996-cı il tarixli Çıxarışında göstərilmiş Ərizəçi olmasının məhkəmə tərəfindən müəyyən edilməsini istəyir. Belə ki, Kondisioner Bağçılıq- Yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısı həmin müəssisə tərəfindən tərtib edilmiş sənəd olmaqla, müəssisənin özünə aiddir və hüquqmüəyyənedici sənəd kimi tanına bilməz. Bu səbəblə də Ərizəçi ərizəsi üzrə mülki işə məhkəmədə baxılmalı deyil. Odur ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi ona məxsus Bakı şəhəri Suraxanı Rayonu Hövsan qəsəbəsində yerləşən 1675 və 1675A saylı torpaq sahəsi üzrə Kondisioner Bağçılıq-Yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısında səhvən “Nəriman” kimi qeyd edilən ata adının “Pirməd” adı ilə eyni şəxsə məxsus olmadı faktının müəyyən edilməsi tələbinə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar