Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-547/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 16.895,46 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda abonent kodu iddiaçının adınadır. Abonent kodu **********001110. Bu yaxınlarda abonent kodu üzrə adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, barəində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 ədəd akt tərtib edilmişdir. Həmin aktlara əsasən, guya mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2021-ci ildən etibarən təbii qazdan sayğacsız qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcıs qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Güründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Cavabdeh "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xata haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Həmin aktlar tərtib edilərken hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. Belə ki, abonent saldosuna əsasən mənzildə quraşdırılmış 1 ədəd PQ-4 cihazı 16 895,46 manat istifadə dəyərini yaza bilməz. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinın hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir Çünki bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdən görünür ki, barəsində cərimə borc məbləğləri hesablanarkən fərdi yaşayış evində PQ-4 məişət qaz qurğusu və QSQ və Radiator cihazlarından əlavə, dəmir soba və iran sobası üzrə də qanunsuz şəkildə əsassız hesablamalar aparılmışdır. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat müddətinə olmaqla 180, 60, 30 gün müddətləri üçün hesablanmışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, gecə yatarken də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 180,60,30 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Zərərin məbləği akt tərtib edildikdən sonra muvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyil. Yəni, dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 24, 12 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. İtirilmiş təbii qazın dəyəri hesablanarkan hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız aktlar ucbatından 16.895,46 manat borc yazılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında müxtəlif tarixlərdə tərtib edilmiş aktların surətindən görünür ki, abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, təbii qazdan sayğacsız istifadə etməsi əsas gətirilərək abonentə 2021-ci ildə 3.081,60 manat, 2022-ci ildə 7.218,72 manat, 2023-cü ildə 5.127,84 manat, 2024-cü ildə 1.468,80 manat olmaqla, ümumilikdə 16.896,96 manat borc yazılmışdır. Saldonun ayın sonuna borc qrafasından görünür ki, hazırda iddiaçının 16.895,46 manat borcu mövcuddur və iddiaçı da həmin borcun silinməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(011)-7945/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə trasoloji ekspertizası təyin edilmiş və iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(011)-7945/2024 saylı mülki iş üzrə ekspertiza keçirilməsindən imtina edilməsi barədə məlumatı 15 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2(011)-547/2025 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə trasoloji ekspertizası təyin edilmiş və iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(011)- 547/2025 saylı mülki iş üzrə ekspertiza keçirilməsindən imtina edilməsi barədə məlumatı 21 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən iddiaçının yaşadığı ünvana mütəxəssisin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı 1 mərtəbədən ibarət həyət evinə gedən boru xətlərinin üzərində vizual baxışdan müəyyən edilə bilən qaynaq izlərinin mövcud olduğu aşkarlanmışdır. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsi Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə həvalə olunmuş, Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin 05 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsaslanaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən evə (abonent kodu: **********00111) məxsus qaz sayğacından kənar təbii qaz xəttinin vaxtı ilə qaynaq izləri olduğu müəyyən edilir. Ümumi qaz xəttinin üzərində qaynaq işləri aparılan hissədən qaz sayğacından kənar daxili qaz kəmərində qaz kranının və şlanqın qoşulması üçün pilləli metal ştusserinin olduğunu nəzərə alaraq sayğacdan kənar qoşulması mümkündür. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuş, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2021-ci ilin aprelindən 2022-ci ilin aprelinə qədər cavabdeh tərəfindən tərtib edilmiş 8 akt üzrə hesablanmış 7008,48 manat dəymiş ziyan məbləğinin düzgünlüyünə rəy vermək mümkün deyil. 2022-ci ilin dekabrından 2024-cü ilin aprelinə qədər cavabdeh tərəfindən tərtib edilmiş 13 aktla aparılmış hesabatlar qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 9888,48 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iddia tərəfindən qaz xəttinə qanunsuz qoşulması mübahisəsiz şəkildə aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq sayğacsız təbii qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə iclasında qanunsuz qoşulma nəticəsində cavabdehə dəyən ziyanın məbləğini nə ekspert rəyi ilə, nə mütəxəssis rəyi ilə, nə də digər yanakı sübutlarla müəyyən etmək mümkün olmadığından, məhkəmə tərəflərə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün barışıq yolu ilə müzakirə etməyi təklif etmişdir. Məhkəmə iclasıda iddiaçı könüllü şəkildə 2000 manat məbləğ ödəməyə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə yazılmış cərimə borcunun məbləğinə münasibətdə qeyd edir ki, hazırkı hesablamanın hansı qaydada və hansı düsturla aparıldığını müəyyən etmək mümkün olmadığından, cərimənin 16.895,46 manat məbləğində tələb edilməsini ağlabatan hesab etmir. Nəzərə alınsa ki, cavabdehin nümayəndələri ayda bir dəfə istehlakçıların ünvanına baxış keçirməli və hər hansı qanunsuzluğun baş verib-vermədiyini aşkar etməlidir. Nə qədər ki, araşdırma zamanı iddiaçının təbii qazdan sayğacsız hansı müddət istifadə etməsini müəyyən etmək mümkün deyil, məhkəmə istinad olunanlara əsasən cərimənin də 2.000 manat müəyyən edilməsini zəruri hesab edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdehnə 2.000 manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 14.895,46 manat məbləğində borc iddiaçıya məxsus abonent hesabından silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan Cavabdeh İB-dən 134.68 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Həmçinin, hesabatdan görünür ki, Hüquq Əmlak Məsələləri Ekspertizası MMC tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı 300 manat təşkil edir. Nə qədər ki, iddia tələbi qismən təmin edilmişdir, mütəxəssisə ödənilməli olan 300 manatın 66 manatı İddiaçı, qalan 234 manatı Cavabdehndən tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdehnə 2.000 (iki min) manat məbləğində borcunun olması müəyyən edilsin, qalan 14.895,46 (on dörd min səkkiz yüz doxsan beş manat qırx altı qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya məxsus **********00111 saylı abunə kodundan silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı olaraq 300 manatın 66 (altmış altı) manatı İddiaçı alınaraq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə (VÖEN: **********, Hesab: AZ57AllB400500C**********211) ödənilsin. Cavabdehndən 134.68 (bir yüz otuz dörd manat altmış səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı olaraq 300 manatın 234 (iki yüz otuz dörd) manatı alınaraq Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə (VÖEN: **********, Hesab: AZ57AllB400500C**********211) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-547/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-547/2025
27.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver