Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5478/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 25.11.2019-cu il tarixli müqaviləyə əsasən 273 manat ödənilməmiş hissə, 94 manat cərimə borcu, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən 1013,8 manat ödənilməmiş hissə, 302,2 manat cərimə borcu, 09.04.2020-ci il tarixli müqaviləyə əsasən 564 manat ödənilməmiş hissə, 169 manat cərimə borcu, ümumilikdə 2416 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 25.11.2019-cu il, 01.02.2020-ci il və 09.04.2020-ci il tarixli müqavilələrə əsasən əşyalar almış və nəticədə 2416 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 25.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1900 manat olan Bosch kombi üçün ümumilikdə 367 manat olmaqla, ondan 273 manat ödənilməmiş hissə, 94 manat cərimə, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1354,8 manat olan LG paltaryuyan, Philips ütü üçün ümumilikdə 1316 manat olmaqla, ondan 1013,8 manat ödənilməmiş hissə, 302,2 manat dəbbə pulu, 09.04.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 604 manat olan X3 8 markalı telefon üçün ümumilikdə 733 manat olmaqla, ondan 564 manat ödənilməmiş hissə, 169 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh 25.11.2019-cu il tarixli müqavilə üzrə Bosch markalı kombini 05.04.2021-ci il tarixədək istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 1149 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2008 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, 25.11.2019-cu il tarixli müqaviləyə əsasən 273 manat ödənilməmiş hissə, 94 manat cərimə borcu, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən 1013,8 manat ödənilməmiş hissə, 302,2 manat cərimə borcu, ümumilikdə 1683 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, cərimə borcu ilə razılaşmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli, 01074844 saylı müqaviləyə əsasən "xxxx" MMC Bosch markalı kombi satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 158 manat məbləğində olmaqla və 4 manat ilkin ödəniş etməklə, cəmi 1900 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.02.2020-ci il tarixli, 20073279 saylı müqaviləyə əsasən "xxxx" MMC LG markalı paltaryuyan, Philips markalı ütü satmış və cavabdeh həmin əşyalara və qızıl zəmanətə görə 0 manat ilkin ödəniş edərək, ödəniş cədvəli üzrə 12 müddətində hər ay 112,9 manat məbləğində olmaqla, cəmi 1354,8 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.04.2020-ci il tarixli, 20216111 saylı müqaviləyə əsasən "xxxx" MMC X3 8 markalı telefon satmış və cavabdeh həmin əşyalara görə 40 manat ilkin ödəniş edərək,ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 47 manat məbləğində olmaqla, cəmi 604 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 20.05.2021-ci il tarixli 8176/2 nömrəli məktubdan görünür ki, cavabdehin 25.11.2019-cu il tarixli müqavilə üzrə Bosch-35 kombi öz razılığı əsasında 1149,99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. İş materiallarında olan 03.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 25.11.2019-cu il tarixli müqavilə üzrə 273 manat əsas, 94 manat cərimə, 01.02.2020-ci il tarixli müqavilə üzrə 1013,8 manat əsas, 302,2 manat cərimə, 09.04.2020ci il tarixli müqavilə üzrə 564 manat əsas, 169 manat cərimə borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından 25.11.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulunun 94 manat məbləğində deyil, 20 manat, 01.02.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulunun 302,2 manat deyil, 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 25.11.2019-ci il tarixli, 01074844 saylı müqaviləyə üzrə əsas borca görə 273 (iki yüz yetmiş üç) manat, cərimə borcuna görə 20 (iyirmi) manat, cəmi 293 (iki yüz doxsan üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 01.02.2020-ci il tarixli, 20073279 saylı müqavilə üzrə əsas borca görə 1013,8 (min on üç manat səksən qəpik) manat, cərimə borcuna görə 100 (yüz) manat, cəmi 1113,8 (min yüz on üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5478/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5478/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver