Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5478/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Məhərrəmova Aysel İsrafil qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü X1 anasıdır.X4 hal-hazırda xəstədir və 1-ci dərəcəli əlildir. Kənar şəxsin daimi ümumi qulluğuna ehtiyacı vardır.
Ərizəçinin tələbi:
2. Ərizəçinin qızı xx.xx.2007-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
3. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, qızı xx.xx.2007-ci il təvəllüdlü X1 əqli nitq geriliyi vardır və birinci dərəcəli əlildir. Məhkəmədən ərizəsinin təmin edilməsini və qızı xx.xx.2007-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
6. İİ-ИK 876072 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X1 anası Ərizəçi, atası X3r.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3132 №-li rəyinə əsasən, Nəticə hissəsi: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X2 "UŞAQ AUTİZMİ NƏTİCƏSİNDƏ YARANAN AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ" (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında "Uşaq autizmi. Kanner sindromu. Ağır kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2007-ci il təvəllüdlü X4 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: xx.xx.2007-ci il təvəllüdlü X2 "uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə" (F 72.1) aşkar olunur. 2-ci sual: xx.xx.2007-ci il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: xx.xx.2007-ci il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Onu fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
8. Digər sənədlər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
11. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
12. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü X1 anasıdır və qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.
13. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2007-ci il təvəllüdlü X1 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı, tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§7), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.
14. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmə xərcləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.2007-ci il təvəllüdlü, Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova