Məhkəmə qərarları › İş №2(011)-5503/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5503/2024

20.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5503/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə (abunə kodu: **********60051) əsassız olaraq borc kimi yazılmış 713.90 manatın "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evdə (abunə kodu: **********60051) yaşayıram. 18 mart 2020-ci il tarixində iddiaçı barəsində "xxxx" ASC tərəfindən qanunsuz olaraq akt tərtib edilərək iddiaçıya cərimə yazılmışdır. İddiaçı ailəsi ilə rayonda olduğu zaman "xxxx" ASC-nin əməkdaşları tərəfindən işıq sayğacının faza xətti kəsilmişdir. İddiaçı evə qayıtdıqdan sonra faza xəttini özü birləşdirmişdir ki, işıq enerjisindən istifadə edə bilsin. Onu birləşdirməyindən 4-5 saat sonra "xxxx" ASC-nin əməkdaşları gələrək fazanı səhv birləşdirdiyi üçün iddiaçıdan əsassız olaraq 713.90 manat borc yazılmışdır. İddiaçının "xxxx" ASC-yə heç bir borcu yoxdur. Əvvəllər də həmin evdə istifadəyə görə yaranmış borclar vaxtı-vaxtında ödənilmişdir. İndiyə qədər elektrik təchizatına görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. Çünki iddiaçı istehlakçı olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və istifadə etdiyi işığa görə dövlətə olan borcunu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış **********60051 abonent kodlu elektrik sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. 18 mart 2020-ci il tarixdə cavabdeh tərəfindən 018345 saylı akt tərtib edilmiş, aktda sayğacın alt qapağının məftilinin olmadığı qeyd edilmişdir. İş materiallarındakı abonent hesabından çıxarışdan görünür ki, iddiaçının 713.90 manat borcu mövcuddur. İddiaçı hazırda 713.90 manat borcun silinməsini tələb etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Elektrik enerjisindən istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunu: 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, istehkaçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri: dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək; müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək; paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması. İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, nəql edən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər. 11-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddiaçıya məxsus evdə elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının abonent hesabına 713.90 manat borc hesablanmış və həmin məbləğ iddiaçıdan tələb edilmişdir. Hazırda cavabdeh tərəfindən iddiaçıdan qeyd olunan borc məbləğinin tələb edilməsi əsassızdır. Belə ki, sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. Məhkəmə araşdırması zamanı sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı **********60051 saylı hesab koduna hesablanmış 713.90 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Odur ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********60051 saylı abunə koduna hesablanmış 713.90 (yeddi yüz on üç manat doxsan qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar