Məhkəmə qərarları › İş №2(011)-5503/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5503/2025

28.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5503/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.2007-ci il təvəllüdlü bioloji qızı X7 AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışa əsasən xx.xx.2025-ci ildə “uşaq autizmi” diaqnozu qoyularaq orqanizm funksiyasının 85 % pozulmuş və 1-ci (birinci) dərəcəli əlillik təyin edilmişdir. Ərizəçi qeyd edir ki, xx.xx.2007-ci il təvəllüdlü bioloji qızı X4 “uşaq autizmi” anadan gəlmədir. ünvan 1 ünvanında qeydiyyatdadır. Uzun müddət müalicə müəssisələrində müalicə alsa da, səhhətində heç bir irəliyiş olmamışdır. Halhazırda müalicə alır. Tərəflərin izahatları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: AZ-İ № 922895 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Ana adı qrafasında Ərizəçi, ata adı qrafasında X9 qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 qoyulan diaqnozdan görünür ki, uşaq autizmi qeyd olunmuş, birinci dərəcə əlilliyi müddətsiz olaraq, əmək qabiliyyətsiz kimi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 488 nömrəli həkim psixiatr komissiyasının rəyindnən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 qərarı ilə uşaq autizmi, Kanner sindromu, ağı kəmağıllılıq,ciddi nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X14 xx.xx.2025-ci il tarixli 2803 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən belə nəticəyə gəlinmişdir ki, öz psixi vəziyyətinə görə xx.xx.2007-ci il təvəllüdlü X8 uşaq autizmi, Kanner sindromu davranış pozuntuları ilə qeyd olunur, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X5 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X5 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X5 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar