Məhkəmə qərarları › İş №2(011)-5508/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5508/2023

26.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5508/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 206 saylı bağ evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********02060) ilə bağlı Cavabdeh İB tərəfindən hesablanmış 2.185,32 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 206 saylı bağ evi iddiaçıya məxsusdur. Zərurət olmadığı üçün iddiaçı uzun müddətdir ki, həmin evdə yaşamır. Yaşadığı vaxtlarda vaxtı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan sözügedən ünvana gəlmiş, heç bir əsas olmadan 2022-ci ilin iyul ayından başlayaraq hər ay akt tərtib etmişdirlər. Buna görə də Birliyin əməkdaşları bu ünvana görə 2022-ci il 1.807,81 manat, 2023-cü il üçün isə 377.51 manat olmaqla ümumilikdə 2.185,32 əsassız borc yazmışdırlar. İddiaçı sözügedən borcun yaranması üçün əsas olan sənədləri cavabdeh Birlikdən tələb etsə də, Birliyin əməkdaşları həmin sənədləri verə bilməmişdirlər. Borcun nəyin əsasında yaranması bu günə qədər məlum deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılmış, sayğacın hara aparılması barədə iddiaçıya məlumat verilməmiş, bununla bağlı cavabdeh təşkilata müraciət etdikdə iddiaçıya bildiriş təqdim edilmiş, yaşadığı ünvanda quraşdırılmış sayğacın dövlət yoxlamasına göndərildiyi bildirilərək yoxlama prosesində iştirak etməsi istənilmişdir. İş materiallarında olan “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31 yanvar 2023-cü il tarixli ******* saylı və 31 avqust 2023-cü il tarixli ******* saylı aktlardan görünür ki, qazdan sayğacsız istifadə halı aşkar edilmiş, 30 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2.185,32 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacın çıxarılmasından sonra 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər abonentin ünvanında qazın sərfiyyat göstəriciləri sıfır olmuşdur. Saldodan görünür ki, 2022-ci ilə abonentin 1.807,81 manat, 2023-cü ilə 377.51 manat olmaqla, ümumilikdə 2.185,32 manat cərimə borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşadırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğac çıxarılaraq dövlət yoxlamasına aparılmış, çıxarılmış sayğacın yerinə yenisi quraşdırılmamış, sayğacın olmadığı müddətdə iddiaçının sayğacsız qazdan istifadə etməsi halı əsas gətirilərək onun abonent koduna borc hesablanmışdır. İddiaçı yeni sayğacın quraşdırılması üçün Birliyə müraciət etsə də həmin ünvanda sayğac quraşdırılmamışdır. İş materiallarından görünür ki, iddiaçının qanunsuz olaraq qaz xəttinə qoşulması halı mövcud olmamış, sayğacın ünvanda olmadığı və qazdan istifadə edilmədiyi müddətdə iddiaçının abonent kodu üzrə sərfiyyatı sıfır olmuşdur. Bununla da iddiaçıdan əsassız olaraq borc tələb edilmişdir. Məhkəmə belə hesab edir ki, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 2.592 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********02060 saylı abunə koduna 2022-ci ilə hesablanmış 1.807,81 manat, 2023-cü ilə hesablanmış 377.51 manat olmaqla, ümumilikdə 2.185,32 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən cavabdehdən 41.86 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********02060 saylı abunə koduna 2022-ci ilə hesablanmış 1.807,81 manat, 2023-cü ilə hesablanmış 377.51 manat olmaqla, ümumilikdə 2.185,32 (iki min yüz səksən beş manat otuz iki qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 41.86 (qırx bir manat səksən altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar