Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5513/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “su borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “su borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2012-ci ildə Xətai rayonu, P.Həşimov küçəsi 37Q ünvanında yerləşən evinə su xəttinin çəkilməsi və su sayğacının quraşdırılması üçün Cavabdeh ASC-yə müraciət etmişdir. Su xəttinin çəkilmədiyi halda xx.xx.2013-cü il tarixində iddiaçının adına **********000 saylı abonent kodu açılmışdır və xx.xx.2013-cü il tarixində ona təqdim olunan bildiriş-xəbərdarlıq qəbzində artıq 230 manat borc olduğu göstərilmişdir. Bu barədə dəfələrlə Cavabdeh ASC-yə müraciət etməsinə baxmayaraq yalnız 2015-ci ildə bu işə baxılmışdır. Tərtib olunan aktda həyətində su xəttinin olmadığı öz əksini tapmışdır. Buna baxmayaraq 230 manat borc silinməmişdir. Onun mütəmadi olaraq Cavabdeh ASC-yə yazdığı ərizələrinin nəticəsi olaraq, su xətti yalnız xx.xx.2020-ci ildə çəkilmişdir və onun üzərində CSS-20 markalı, 20079075 nömrəli su sayğacı quraşdırılmışdır. Su sərfiyyatı üzrə bütün ödəmələr qanuna uyğun olaraq məhz sayğacın göstərişinə uyğun aparılmışdır. Qeyd edilənlərə baxmayaraq 2023-cü ilin may ayında "xxxx" ASC tərəfindən ona təqdim olunan hesab-faktura qəbzində 451 manat borcunun olduğu göstərilmişdir. Bunu əsas gətirən "xxxx" ASC-nin işçiləri su xəttini kəsiblər və su verilişini dayandırmışlar. Bu barədə "xxxx" ASC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Həmin təşkilat tərəfindən ərizəyə xx.xx.2023-cü il tarixli 13- 1601/4/01-10/2-Q-43xx-xx/7077/2023 nömrəli məktubla cavab verilmişdir. Cavabda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının 7,4-cü bəndinə uyğun olaraq müəyyən əsassız iddialar, fikirlər səsləndirilmiş və qarşı tərəfin fikirləri nəzərə alınmadan əsaslandırma aparılmışdır. 2013-cü ildən 2020-ci ilədək adı qeyd edilmiş su təchizatı ilə məşğul olan təşkilat və ya hər hansı bir, bu təşkilatla bu və ya digər şəkildə əlaqəsi olan təşkilat tərəfindən hər hansı bir xəbərdarlıq və ya bildiriş sənədi ona və ya yaşadığı ünvana təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh ASC tərəfindən ona təyin edilmiş 451 manat məbləğində yaranmış borcun qeyri-qanuni olduğu üçün ləğv edilməsi, onun Xətai rayonu, P.Həşimov küçəsi 37Q ünvanında su xəttinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, sözügedən ünvan bir otaqlı mənzildir, sudan sadəcə çay üçün və bəzən ağacları sulamaq üçün istifadə etmişdir. Ona əsassız olaraq borc yazılmış, həmin ünvana sayğac 2020-ci ildə quraşdırılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçı X4 əhali qrupu abonentlərinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemindən (texniki şərt olmadan qoşulma) suyun buraxılmasına və tullantı sularının axıdılması xidmətlərindən istifadə etmişdir. Su təchizatı və tullantı sularının xəttindən qeyri-qanuni istifadəyə görə xx.xx.2013-cü il tarixində 15941331 nömrəli müqavilə bağlanmış və abonent kodu **********000 açılaraq, ümumilikdə 252 manat məbləğində sərfiyyat verilmişdir. Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən 03.11,2020-ci il tarixində CSS -20 markalı, 20079075 nömrəli, xx.xx.2021 -ci il tarixində CSS-20 markalı, 21019642 nömrəli, xx.xx.2021-ci il tarixində CSS-115M-20 markalı, ********* nömrəli su sayğacı quraşdırılmışdır. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş verilmiş, lakin cavabdeh borcun ödənilməsini qismən təmin etmiş və istehlakçının xx.xx.2023-cü il tarixinə 451 manat ödənilməmiş borcu yaranmışdır. “Azərsu" ASC tərəfindən göstərilən xidmətlərin dəyəri əhali və qeyri-əhali qrupları üzrə ödənişlər tam şəkildə ödənilmədiyindən bunun nəticəsində yaranmış maliyyə çətinlikləri Cəmiyyətin digər dövlət qurumları qarşısında (vergi, sösial müdafiə fondu) öhdəliklərinin icrasını mümkünsüz edir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq əlavə dəyər vergisi ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC tərəfindən Müsaim Qonaqova ünvanlanmış 12 iyun 2023-cü il tarixli 13-16-01/4/01-10/2-Q-43xx-xx/7077/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları’nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçıların mənzillərinə su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsinə (STKM) təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Sözügedən ünvana xx.xx.2013-cü il tarixində **********000 saylı abonent kodu açılmış və həmin tarixdən xx.xx.2020-ci il tarixində sayğac quraşdırılan dövrə qədər normativə əsasən hesabat aparılaraq Xətai rayon Sukanal İdarəsinin nümayəndəsi tərəfindən hər ay aylıq ödənişi əks etdirən hesab fakturalar təqdim edilmişdir. Sözügedən ünvanda podratçı şirkəti tərəfindən yeni su xətti çəkilənə qədər su xəttinin olmaması və su təchizatından istifadəyə görə yaranmış borcla bağlı rəsmi olaraq heç bir müraciət müəyyən edilməmişdir. Hazırda sayğac göstəricisi 41 m3 olmaqla su təchizatından istifadəyə görə abonent hesabında 451,30 manat borc var. Qeyd edilən borc ailə tərkibinə və sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borcları su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəmək mümkündür. Bunun üçün Xətai rayon Sukanal idarəsinə yaxınlaşıb razılıq protokolu imzalamaq tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi Müsaim Qonaqovdan xahiş olunur. Əks təqdirdə “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci yarımbəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab fakturadan və Müsaim Qonaqova məxsus abonent kartından (abonent kodu: **********000) görünür ki, X3 451,30 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TT**********1691675 saylı orderin surətindən görünür ki, Müsaim Qonaqov tərəfindən sayğacın quraşdırılması üçün 167,5 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan müştəri (Müsaim Qonaqov) ilə işi icra edən (Sərvanov) tərəfindən imzalanmış Cavabdeh ASC-nin 14 sayğaclı abonentin yoxlanılması barədə aktdan görünür ki, Xətai rayonu, P.Həşimov küçəsi 37Q ünvanında çirkab su xətti yoxdur. Mənzildə tamamilə yaşayış yoxdur. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən suyun istehlak haqqına görə mütəmadi olaraq ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun 30- cu maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən, ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə və bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, İddiaçı Xətai rayonu, P.Həşimov küçəsi 37Q ünvanına 2020-ci il tarixdə su sayğacı quraşdırılmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən və abonent kartından görünür ki, 2020-2022-ci illər ərzində iddiaçı tərəfindən su sərfiyyatına görə mütəmadi ödənişlər həyata keçirilmişdir. Eyni zamanda iş materiallarında olan aktlardan müəyyən edilir ki, 2021-ci il tarixdə həmin ünvanda yaşayış olmamışdır. Hazırda cavabdeh tərəfindən 451,30 manat borcun ödənilməsi tələb edilsə də, borcun yaranmasının əsasları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh ASC iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni sudan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 451,30 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıdan tələb edilən 451,30 manat məbləğində borc silinməli, həmin ünvana su təchizatı bərpa edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında (abonent kodu: **********000) dair əsassız hesablanmış 451,30 manat borc məbləğini silmək vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına verilən su təchizatı bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5513/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5513/2023
13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver