Məhkəmə qərarları › İş №2(011)-5533/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5533/2024

19.07.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5533/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X19, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxslər X5 və X10, onların və digər üçüncü şəxs X6 nümayənədsi və vəkili Vəkil2, Üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “notariat hərəkətlərindən imtina edilməsinin qanunsuz hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən xx.xx.2014-cü ildə ölmüş iddiaçının babası X3 miras qalmış əmlaka dair iddiaçıya “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 saylı fərdi yaşayış evinin (evə dair hüququn) miras qoyan X7 məxsus olmasına dair Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 saylı Bakı Ərazi İdarəsinə məktub verilməsi barədə iddiaçının müraciətindən 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X27 tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X14 15 mart 2014-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 saylı fərdi yaşayış evində ölüb. Miras qoyan X4 birinci dərəcəli vərəsələri onun arvadı 1) X20, övladları 2) atası X15, 3) əmisi X16 və 4) bibisi X21r. Miras qoyan X4 arvadı yəni iddiaçının nənəsi X20 11 aprel 2001-ci ildə ölmüşdür. İddiaçının atası X15 24 avqust 1992ci ildə öldüyündən onun vərəsəsi kimi iddiaçı mirasın qəbulu barədə notariusa müraciət etmiş, lakin 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 15 fevral 2023-cü il tarixli 381/2023 saylı məktubu ilə onun müraciətindən imtina edilmiş, əsas kimi isə Mülki Məcəllənin 1246-cı maddəsinə istinad edilərək, mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan müddətin ötürülməsi göstərilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 mart 2014-cü il tarixdə ölmüş X7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 saylı fərdi yaşayış evinin onlar tərəfindən miras qismində faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə məhkəmədə baxılan zaman, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edilmiş, həmin Qərarla Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Eyni zamanda həmin Qərarda Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Məhkəməsinin həmin qərarı qüvvəyə mindiyi zaman iddia Sabunçu rayon məhkəməsinin icraatında olduğuna görə, Sabunçu rayon məhkəməsi həmin Qərarı bizim aramızda olan mübahisəyə şamil etmiş, ona münasibətdə artıq Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyinə görə, məhkəmə tərəfindən artıq onun iddiasına məhkəmədə baxılması mümkünsüz hesab edilərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı, X19 cavabdehlər X28ma, X11, X12 və X17 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1- ci maddəsinin tələblərinə uyğun olaraq, mübahisəli hüquq münasibətini tənzimləyən norma qüvvədən düşmüş hesab edildiyi üçün, xitam verilməlidir. Göründüyü kimi iddia tələbləri mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə olduğundan və iddia tələbləri Mülki Məcəllənin 1246-cı maddəsinə əsaslandığından, iddialara baxılan zaman isə artıq həmin norma iddiaçıya münasibətdə qüvvədən düşdüyündən, iddiaçı da öz növbəsində iddianın əsaslandığı halları sübut etmək vəzifəsindən azad olmuş, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinin əhəmiyyəti qalmamışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Yəni tələb edilən hüquqi fakt o zaman müəyyən edilə bilərdi ki, bu fakt özü-özlüyündə bir hüquqi nəticə yaratsın. Göründüyü kimi sözügedən Konstitusiya Məhkəməsinin qərarı artıq bizə şamil olduğu üçün, həmin hüququi faktın müəyyən edilməsi heç bir hüquqi nəticə yaratmadığına görə artıq iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı Sabunçu rayon məhkəməsinin 2(008)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsaslanaraq, 31 mart 2024-cü il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edib, miras əmlaka dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras əmlakın miras qoyan X7 məxsus omlası barədə Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X38 1 saylı Bakı Ərazi İdarəsinə məktub verilməsini xahiş etmiş, lakin 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 04 aprel 2024-cü il tarixli 661/2024 saylı məktubu ilə iddiaçının müraciətindən eyni əsaslarla təkrarən imtina edilmişdir. İddiaçı bildirmək istəyir ki, onun hazırki müraciətinə Sabunçu Rayon Məhkəməsinin 2(008)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını və miras əmlaka dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətini təqdim etmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ona münasibətdə Mülki Məcəllənin 1246-cı maddəsinin qüvvədən düşdüyünü, yəni iddiaçının mirası qəbul etmək üçün müddəti ötürmədiyinin məhkəmə qərardadı ilə müəyyən edildiyini göstərmişdir. Lakin notarius tərəfindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının əsasları nəzərə alınmamış, notarius yenə də iddiaçının mirası qəbul etmək üçün müddəti ötürdüyünü göstərmişdir. Halbuki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ona münasibətdə Mülki Məcəllənin 1246-cı maddəsinin qüvvədən düşdüyü artıq sübuta yetmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatlarında bildirmişlər ki, hazırda məhkəmədə mirasın bölgüsünün mübahisəsi getmir. Miras qoyan X14, ondan miras qalan əmlak isə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Mərhumun vərəsələri isə X15, X16 və X21r. Vərəsə Xaləddin vəfat etdiyindən onun uşaqları və həyat yoldaşı hazırda mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Miras əmlakı faktiki olaraq 3 nəfər qəbul etmişdir. Bundan başqa bildirmişdir ki, Xaləddin arvadı ilə boşanmışdır. Mirasqoyan Əliəşrəf ölən gün Xaləddin və qızı Vəfa Rusiya Federasiyasında olmuşdur. Buna görə də mərhum öləndə yanında iddiaçı və onun anası olmuşdur, dəfn mərasimində təşkil ediblər. Həmin vaxt üçüncü şəxslər başqa ünvanda yaşamışlar. Sadəcə olaraq Xaləddin atası vəfat edəndən sonra evə köçmüş və ailəsi ilə mərhumun qırx mərasimi və ondan sonra da orda yaşamışdır. Xaləddin özü narkotik istifadəçisi olub, bununla hökm ilə təsdiq edilmişdir. İddiaçının anası görmüşdür ki, belə bir mühitdə yaşamaq mümkün deyil, hər gün evə başqa-başqa adamlar gəlir, narkotik vasitələr satılır, iddiaçı və anası evdən çıxıb getmişlər. Nüşabə isə sonradan Xaləddin ilə yenidən nikaha daxil olmuşdur. O vaxta kimi isə Nüşabənin Xaləddin ilə nikahları pozulmuş və o, uşaqları ilə birlikdə çıxıb getmişdir. Biz hazırda onu mübahisələndirmirik ki, Xaləddin və ailəsi orda yaşayıb. Sadəcə hazırkı mübahisə ondan bağlıdır ki, onlara mirasın qəbul etmə müddətinin ötürülməsi ilə notariat hərəkətlərinin aparılmasından imtina edilir. Bununla bağlı bildirir ki, iddiaçı ilkin olaraq mirasın faktiki qəbulu ilə iddia qaldırmış, iş məhkəmədə gedən zaman Konstitusiya Məhkəməsinin Plenum Qərarı ilə AR Mülki Məcəlləsinin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edilmiş və Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin qərardadda qeyd edilmişdir həmiz zaman icaatda olan işlərə tətbiq edilsin. Buna görə də mirasın qəbul edilmə faktının müəyyən edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə prosesi gedən zaman qarşı tərəf mübahisələndirir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən ərizənin təmin edilməməsi iddiaçı tərəfindən işin hallarının sübut edilməməsi ilə bağlıdır. Buna cavab olaraq bildirir ki, mülki işə baxılan zaman artıq 1246-cı maddə yox idi, məhkəmə heç ərizəmi rədd də edə bilməzdi. xx.xx.2023-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarının onların mübahisəsinə tətbiq edilməsi Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə öz təsdiqini tapmışdır. Belə ki, hazırda artıq qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusuna müraciət etmiş, iddiaçıya mirasın qəbul edilməsi müddətinin ötürülməsi səbəbi ilə imtina edilmişdir. O, həmçinin izahatında bildirmişdir ki, iddiaçı notariusa müraciət edərkən əslində vərəsəlik haqqında şəhadətnamənin alınmasını deyil, hüququn ölmüş şəxsə məxsus olması ilə bağlı arayışın verilməsi üçün müraciət etmişdir. Bunun üçün isə notariusun məktubu vacib idi. Çünki hüququn ölmüş şəxsə məxsus olması ilə bağlı arayış alandan sonra vərəsəlik haqqında şəhadətnamə veriləcək. 04 aprel 2024-cü il tarixli məktubu ilə notarat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Biz notariusa ilkin etdiyimiz müraciət zamanı verdiyi imtina məktubunu haqlı hesab edirik. Çünkü mirası qəbul etməyimiz ilə bağlı sənəd yox idi. Lakin hazırda Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qərarı da vardır. İndi isə notarius iddiaçının mirası qəbul etmə müddətinin ötürülməsini əsas gətirərək, notariat hərəkətlərini həyata keçirməkdən imtina edir. Hesab edirlər ki, iddiaları əsaslıdır. Ona görə də təmin edilməlidir. Bundan başqa o, izahatına əlavə olaraq bildirmişdir ki, əmlaka dair mərhum Əliəşrəf Ağayevin adına texniki pasport ola-ola, heç bir səlahiyyəti olmadan Bilgəh Bələdiyyəsi torpaq sahəsinin alqı-satqını həyata keçirilmişdir. Torpaqsahəsinin alqı-satqısı barədə aktda və qərarda Nüşabə xanımın soyadı Babayeva yazılmışdır, halbuki həmin vaxt onun soyadı Əliyeva olmuşdur. Buna görə də hesab edirlər ki, həmin akt saxtadır. Lakin bu hal hazırkı mübahisənin predmenti deyildir. İddiaçının nümayəndəsi X29 iddia tələblərini müdafiə edərək, izahatında bildirmişdir ki, hazırkı məsələ ilə bağlı dəfələrlə danışıqlar olmuşdur. O, hazırda nə Vəfanın, nə də Nüşabənin haqqını istəyir. Nüşabə evə gəlin gəldikdən sonra Rusiya Federasiyasında yaşamışdır. Miras əmlakda hər üç nəfərin ayrıca yeri var. X44 vəfat edəndən sonra Nüşabə ilə razılığa gəlmişlər ki, ev və həyətyanı torpaq sahəsindən 12 sot torpaq sahəsi Nüşabəyə qalsın, torpaq sahəsindən 12 sotu Vəfaya, digər 12 sot torpaq sahəsi isə iddiaçıya qalsın. Onların razılaşması belə olmuşdur. Lakin iş məhkəməyə verildikdən sonra hərə başqa söz dedi. Bəzi şeyləri o, indi də açıqlaya bilmir. Olar miras əmlakdan Nüşabənin payının olmasını mübahisələndirmirlər. Üçüncü şəxs X24 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, Bilgəh balaca qəsəbədir, gəlin getmisənsə ölsən də, qalsan da orda qalmalısan. Xaləddin narkotik vasitələrin qəbulunu dayandırsın deyə onunla boşanmışdır. Lakin boşanandan sonra Xaləddinlə boşansa da, tez müddətdə onunla barışmışdır. Boşanmanı isə yoldaşı vərdişini tərgitsin deyə etmişdir. Faktiki olaraq barışsalar da, rəsmi nikaha bir müddət sonra yəni, 2016-cı ildə girmişlər. Qaynatası öləndə də o, evdə olmuşdur. Hətta həmi ərəfədə psixiloji xəstəxanada işləmiş, dəfn mərasiminin üçün 500 manat məbləğində pulu baldızına vermiş və baldızı da pulu almışdır. Baldızı qaynanası vəfat edəndən sonra evdən qızılları oğurlayıb getmişdir. Qaynanası sağ olan zaman ona danışmışdır ki, iddiaçı onlara qarşı ev ilə bağlı iddia qaldırmışdır. Halbuki mərhum qaynanası Əfidə xanımın dediyinə görə iddiaçının anası 1992-ci ildə evdən çıxarkən ona on min verilmiş, onlar öz payını almışlar. Lakin iddiaçı yenə də əl çəkməmiş, ev ilə bağlı onlara iddia qaldırmışlar. Qaynatası hamıya öz payını vermişdir. İddiaçı hazırda orda yaşayır, evi öz pulu ilə təmir etmişdir. İndi ondan ev tələb edirlər. 6 ay orda yaşayıblarsa göstərsinlər. İddia ilə razı deyil. Çünki onlar Xaləddini şərləyirlər. Onun əri narkotik vasitələr satmamışdır. Bundan başqa bildirmişdir ki, iddiaçının özünün də iki mərtəbəli evi vardır. Üçüncü şəxs X22 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, əvvəlki məhkəmə proseslərindən iddiaçı tərəfindən məhkəməyə gətirilmiş şahidlər də ifadə verərkən onların xeyrinə danışmışlar. İddiaçının iddiaları yalandır. Üçüncü şəxslər X5, X10, X6 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı tərəfin istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenum Qərarı həmin qərardan sonrakı mübahisələrə tətbiq edilməlidir. Hüquq müəyyənedici sənədlər olmadığından və həmin Plenum Qərarın 2024-cü ildə baxılan işlərə aid olduğundan, həmçinin torpaq sahəsi Nüşabə xanımın mülkiyyətinə verildiyindən notariusun notariat hərəkətlərinin aparılmasından imtina edilməsi əsaslıdır. Həmçinin bildirmişdir ki, hazırda torpaq sahəsini mübahisələndirmirlər, lakin gələcəkdə vərəsəlik işi açılanda torpaq sahəsinin ona aid olmasını mübahisələndirəcəklər. Həmin ünvanda yaşayan Nüşabə xanım olmuşdur, kommunnal xərcləri də o, ödəmişdir. Hazırda Bilgəh qəsəbəsində yaşayanların çoxunun evə dair sənədi yoxdur. O, həmçinin izahatına əlavə olaraq bildirmişdir ki, onlar da vərəsəlik ilə bağlı notariusa müraciət etmişlər, lakin notarius tərəfindən onlara notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil3 iddianı onlara aid olan hissədə qəbul edərək, izahatında bildirmişdir ki, miras əmlak təxminən 36-38 sot torpaq sahəsidir. İşin faktiki hallarından da görünür ki, iki gəlin və bir baldız həmin əmlakı mübahisələndirir. Real və qanuni şəkildə bölünsə o torpaq sahəsində hərəyə kifayət qədər pay düşür. Bugün onlarında Bilgəh Bələdiyyəsi tərəfindən X13 adına torpaq sahəsinin alqı-satqısına dair 2005-ci ildə akt verilmiş və Vəfa xanım tərəfindən həmin torpaq sahəsində tikiləcək evin eskiz layihəsi də vardır. Hər 3 vərəsəyə bərabər şəkildə miras əmlakdan pay alınsa tərəflər arasında olan bu münaqişəyə də son qoyulacaq. Belə bir şərait üçün iddiaçı belə bir təşəbbüs ilə müraciət edib. Üçüncü şəxs onlar da belə bir təşəbbüsüb tərəfdarıdırlar. Əslində hazırkı iddia hər üç vərəsənin xeyrinədir. Buna görə də onlar iddianın təmin edilməsinə etiraz etmirlər. Cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusuna məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 661/2024 saylı məktubunda qeyd edilmişdir ki, notariat ofisinin xx.xx.2023-cü il tarixli, 381/2023 saylı məktubunda, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılması və mirasın qəbulu faktını təsdiq edən sənəd, miras əmlakın miras qoyan X7 məxsus olması haqqında hüquqmüəyyənedici sənəd təqdim olunmadığından, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyrimümkün olması göstərilmişdir. Bundan sonra, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01,08.2023-cü il tarixli qərardadı ilə, İddiaçı babası X3 qalmış mirasın qəbul edilməsi müddətinin uzadılması barədə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Daha sonra, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər X26 və digərlərinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, iddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməsi və yaxud həmin müddətin bərpa edilməsi halı təsdiq olunmamışdır. Ərizədə qeyd edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 -ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarxili Qərarında, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1 -ci maddələrinin qüvvədən düşmüş hesab edilməsi həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilməsi göstərilmişdir. X2 xx.xx.2014-cü il tarixdə öldüyündən, iddiaçıya münasibətdə Mülki Məcəllənin 1246-cı maddəsi xx.xx.2023-cü il tarixədək olan redaksiyada tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığından və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmadığından, ərizədə qeyd edilən məktubun verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-411/2024 saylı qərardadından görünür ki, iddiaçılar İddiaçı, X19 cavabdehlər X23, X11, X12 və X17 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmeti olan məsələ, yəni mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin uzadılmasına dair mübahisə, Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1 -ci maddələri qüvvədən düşdüyü üçün mülki qanunvericilik tənzimlənməsindən çıxmış, bununla da mübahisəli məsələ olaraq öz aktuallığını itirmişdir. Belə olan halda sözügedən Konstitusiya Məhkəməsinin Qərarı ilə mübahisəli hüquq münasibətinin mövcudluğu aradan qaldırıldığı üçün artıq icraata qəbul edilmiş bu iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2014cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1992ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2001ci ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında arayışdam görünür ki, X14 və X18 xx.xx.1966-cı ildə nikaha girmişlər, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X15 xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ev sahibi X8r. İş materiallarında olan “Evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibinin kartoçkasından görünür ki, 20-ci Qurultay, ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X8r. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-1125/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadından görünür ki, iddiaçı X19 X7 qarşı istifadə hüququnun tanınması dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 381/2023 saylı məktubunda qeyd edilmişdir ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd, miras əmlakın miras qiyan X7 məxsus olması haqqında hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bu səbəbdən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyrimümkündür. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4804/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər X23, X11 və X17 qarşı xx.xx.2014-cü ildə vəfat etmiş babası X3 miras qalmış əmlakın – Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, XX Qurultay küçəsi, ev 18-in qəbul edilməsi müddətinin uzadılması barədə iddia ərizəsi geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 017 nömrəli xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsində yerləşən 3822 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) X13 mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 017 nömrəli xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində XX Qurultay küçəsi ev 18 ünvanında yerləşən 3731 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X16 harada yerləşməsindən və nədən ibarət olması haqda asılı olmayaraq bütün əmlakını Bilgəh qəsəbəsi XX Qurultay küçəsi ev 18 ünvanında qeydiyyatda olan X9 vəsiyyət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Həmin Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, 20-ci Qurultay, ev 18 ünvanında yerləşən fərdi yaşayış evi X1 olmuş, adıçəkilən fərdi yaşayış evi Əliəşrəf Əliyevin sağlığında onun adına dövlət qeydiyyatına alınmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının atası Saməddin Əliyev xx.xx.1992-ci ildə, iddiaçının nənəsi (mərhumun arvadı) Cabarova Əfidə xx.xx.2011-ci ildə, iddiaçının babası Əliəşrəf Əliyev isə xx.xx.2014-cü ildə vəfat etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Əliəşrəf Əliyevin oğlu olan Xaləddin Əliyev də vəfat etmişdir. Hazırkı mülki iş üzrə üçüncü şəxs qismində qoyulan Nüşabə Babayeva mərhum Xaləddin Əliyevin arvadı olmaqla, mərhum Əliəşrəf Əliyevin gəlini olmuş, digər üçüncü şəxslər Aytac Əliyeva və X45 Babayevanın övladlarıdır. Üçüncü şəxs Vəfa Əliyeva isə mərhum Əliəşrəf Əliyevin qızı olmaqla, iddiaçının bibisidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü ildə ölmüş babası X3 miras qalmış əmlaka dair iddiaçıya “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 saylı fərdi yaşayış evinin (evə dair hüququn) miras qoyan X7 məxsus olmasına dair Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 saylı Bakı Ərazi İdarəsinə məktub verilməsi barədə 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin onun müracətinə iddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığından və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmadığından, ərizədə qeyd edilən məktubun verilməsi mümkün deyildir. Buna görə də məhkəmə iddiaçının notariusdan tələbinə və notariusun notariat hərəkətlərindən imtina edərkən istinad gətirdiyi əsasları yoxlayır. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçı ilkin olaraq xx.xx.2023-cü ildə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. İşə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi hazırkı münasibətlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarını tətbiq edərək, öz qərardadında qeyd etmişdir ki, mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin uzadılmasına dair mübahisə, Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1 -ci maddələri qüvvədən düşdüyü üçün mülki qanunvericilik tənzimlənməsindən çıxmış, bununla da mübahisəli məsələ olaraq öz aktuallığını itirmişdir. Belə olan halda sözügedən Konstitusiya Məhkəməsinin Qərarı ilə mübahisəli hüquq münasibətinin mövcudluğu aradan qaldırıldığı üçün artıq icraata qəbul edilmiş bu iş üzrə icraata xitam verilməlidir. Məhkəmə cavabdehin X2nun xx.xx.2014-cü il tarixində vəfat etməsi, yəni vərəsəlik münasibətləri həmin qərardan əvvəl yarandığı üçün notariat hərəkətlərindən imtina edilməsi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, adıçəkilən Plenum Qərarında həmçinin qeyd edilmişdir ki, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilmiş müvafiq məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, məhkəmənin 2(008)-411/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. Hazırkı mülki işdə isə iddiaçının mirasdan imtina etməsi müəyyən edilməmişdir. Odur ki, vərəsə əmlakda payının vərəsələrin sayına münasibətdə müəyyən edilməsi üçün müvafiq notariat orqanına müraciət edə bilər. Məhkəmə həmçinin iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi 18 saylı fərdi yaşayış evinin X2na məxsus olmasına dair notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 saylı Bakı Ərazi İdarəsinə məktub verilməsi barədə dəlilinə münasibət olaraq bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, 20-ci Qurultay, ev 18 ünvanında yerləşən fərdi yaşayış evi X1 olmuşdur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab edildiyindən, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətlərin aparılmasından imtina etməsi qanunsuz hesab edilməsi, xx.xx.2014-cü il tarixində Bakı şəhərində vəfat etmiş Əliyev Əliəşrəf oğlundan qalmış əmlakın bölüşdürülməsi ilə bağlı vərəsəlik işi açılmalı, mübahisəli evə dair hüquqların ölmüş şəxsə məxsus olması barədə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməli və qanun üzrə vərəsələr müəyyən edildikdən sonra, onların payına uyğun olaraq miras əmlak bölüşdürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2014-cü ildə ölmüş X3 miras qalmış əmlaka dair iddiaçıya “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 saylı fərdi yaşayış evinin (evə dair hüququn) miras qoyan X7 məxsus olmasına dair Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 saylı Bakı Ərazi İdarəsinə məktub verilməsi barədə iddiaçının müraciətindən 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X27 tərəfindən imtina edilməsinin qanunsuz hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar