Məhkəmə qərarları › İş №2(011)-5557/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5557/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5557/2021 28.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdehya qarşı 22.10.2018-ci il tarixli müqaviləyə əsasən 80 manat ödənilməmiş hissə, 24 manat cərimə borcu, 11.12.2018-ci il tarixli müqaviləyə əsasən 1354 manat ödənilməmiş hissə, 387 manat cərimə borcu, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən 814 manat ödənilməmiş hissə, 246 manat cərimə borcu, ümumilikdə 2905 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 22.10.2018-ci il, 11.12.2018-ci il və 15.11.2019-cu il tarixli müqavilələrə əsasən əşyalar almış və nəticədə 2905 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 22.10.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 726 manat olan Samsung Led televizor üçün ümumilikdə 104 manat olmaqla, ondan 80 manat ödənilməmiş hissə, 24 manat cərimə, 11.12.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5308 manat olan Verona Alyans dolab, Verona Alyans termo, Verona Alyans çarpayı, 2 ədəd tumba, Adona mobilya Künc Rondo mebel əşyası, X3 jurnal masası üçün ümumilikdə 1741 manat olmaqla, ondan 1354 manat ödənilməmiş hissə, 387 manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müaviləyə əsasən alqı-satqı qiyməti 1682 manat olan Lenovo notebook, Samsung yaddaş kartı, Logitech Mouse, notebook çantası üçün ümumilikdə 1060 manat olmaqla, ondan 814 manat ödənilməmiş hissə, 246 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh 11.12.2018-ci il tarixli müqavilə üzrə X3 jurnal masasından 01.02.2019-cu il tarixində imtina etmiş və məhsul 892 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5468 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.10.2018-ci il tarixli, 00344323 saylı müqaviləyə əsasən "xxxx" MMC Samsung Led televizor satmış və cavabdeh həmin əşyaya və qızıl zəmanətə görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 40 manat məbləğində olmaqla və 6 manat ilkin ödəniş etməklə, cəmi 726 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2018-cu il tarixli, 00412176 saylı müqaviləyə əsasən "xxxx" MMC Verona Alyans dolab, Verona Alyans termo, Verona Alyans çarpayı, 2 ədəd tumba, Adona mobilya Künc Rondo mebel əşyası, X3 jurnal masası satmış və cavabdeh həmin əşyaya görə 148 manat ilkin ödəniş edərək, ödəniş cədvəli üzrə 24 ay müddətində hər ay 215 manat məbləğində olmaqla, cəmi 5308 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.11.2019-cu il tarixli, 00972312 saylı müqaviləyə əsasən "xxxx" MMC Lenovo notebook, Samsung yaddaş kartı, Logitech Mouse, notebook çantası satmış və cavabdeh həmin əşyalara görə 38 manat ilkin ödəniş edərək,ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 137 manat məbləğində olmaqla, cəmi 1682 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 20.05.2021-ci il tarixli 8175/2 nömrəli məktubdan görünür ki, cavabdehin 11.12.2018-ci il tarixli müqavilə üzrə X3 jurnal masasından 01.02.2019-cu il tarixində etdiyi imtinaya əsasən məhsul 892 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. İş materiallarında olan 28.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 22.10.2018-ci il tarixli müqavilə üzrə 80 manat əsas, 24 manat cərimə, 11.12.2018-ci il tarixli müqavilə üzrə 1354 manat əsas, 387 manat cərimə, 15.11.2019-cu il tarixli müqavilə üzrə 814 manat əsas, 246 manat cərimə borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından 22.10.2018-ci il tarixli müqavilə üzrə dəbbə pulunun 24 manat məbləğində deyil, 8 manat, 11.12.2018-ci il tarixli müqavilə üzrə dəbbə pulunun 387 manat deyil, 135 manat, 15.11.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulunun məbləği 246 manat deyil 81 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 22.10.2018-ci il tarixli, 00344323 saylı müqaviləyə üzrə əsas borca görə 80 (səksən) manat, cərimə borcuna görə 8 (səkkiz) manat, cəmi 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Cavabdehdan alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11.12.2018-ci il tarixli, 00412176 saylı müqavilə üzrə əsas borca görə 1354 (min üç yüz əlli dörd) manat, cərimə borcuna görə 135 (yüz otuz beş) manat, cəmi 1489 (min dörd yüz səksən doqquz) manat məbləğində pul vəsaiti Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 15.11.2019-cu il tarixli, 00972312 saylı müqavilə üzrə əsas borca görə 814 (səkkiz yüz on dörd) manat, cərimə borcuna görə 81 (səksən bir) manat, cəmi 895 (səkkiz yüz doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar