Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5576/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Caavbdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanı üzrə **********00012 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh tərəfindən 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə 3 dəfə akt tərtib edilmiş, aktlarda iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi qeyd edilərək, həmin aktlar üzrə, ümumilkdə 4518,72 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2022-ci il üzrə 4518,72 manat məbləğində borcunun olması qeyd olunmuşdur.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı onun adına açılmış **********00012 saylı qaz hesabına hesablanmış 4518,72 manat əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük sovxozu ünvanda özünə fərdi yaşayış evi inşa etdirir. Artıq xeyli müddətdir ki, yaşayış evimin tikintisi davam edir və hələdə ev tamamlanmadığından orada yaşayış yoxdur. Tikintidə elektrik enerjisindən istifadə olunduğundan tərəfindən "Azərenerji” ASCyə müraciət edilmiş və torpaq sahəsinə elektrik xətti çəkilərək adına işıq hesabı açılmış və sayğac quraşdırılmışdır. Fərdi yaşayış evinin tikintisi gedən müddət ərzində cavabdeh təşkilatın əməkdaşları ona məlum olmayan səbəbdən əsassız və qanunsuz olaraq adına qaz hesabı açmış və barəsində qanunsuz aktlar tərtib edərək ona ümumi məbləğdə 4518,72 manat məbləğində cərimə hesablamışlar. Cərimə barədə o, təsadüfən məlumatlanmışdır. Belə ki, yerli qaz idarəsinin əməkdaşı xidməti ərazində olarkən onu həyətin qarşısında gördükdə adına qazla bağlı cərimə yazıldığını demişdir. Bunun absurt olduğunu bildirsə də, o bu məsələni yerli idarədən aydınlaşdırmağını tövsiyyə etmişdir. Sözügedən məsələ ilə bağlı o, yerli qaz idarəsinə getdikdə ona bildirmişlər ki, guya o, fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar istifadə edir və bu səbəbdən onun adına məlumatı olmadan qaz hesabı açılmış və barəsində 2022-ci ilin yanvar, fevral və mart aylarında "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 0325910, ******* və ******* saylı aktlar tərtib edilərək ümumi məbləğdə 4518,72 manat cərimə hesablanmışdır. Cavabdehin bu əməlləri heç bir hüquqi məntiqə sığmır. Cərimə yazılmış sahədə hələdə tikinti işləri davam etdirilir və orada hər hansı yaşayış yoxdur. Tikinti işlərinin başa çatmadığına görə yaşayışın mümkün olmadığı əraziyə 3 ay müddətində 4518,72 manat təbii qazdan istifadə edilməsini iddia etmək heç bir məntiqə sığmır. Ona məxsus ərazidə tikinti işləri ilə əlaqədar yalnız elektrik enerjisinə ehtiyac vardır. Hamıya bəlli olan haldır ki tikinti işlərində təbii qazdan istifadə olunmur. O, təbii qaz istehlakçısı deyil. Bütün bunların absurd olduğunu, onun heç bir zaman təbii qazdan qanunsuz istifadə etmədiyini vurğulasa da, dediklərinə məhəl qoyan olmamışdır. Cərimənin hesablanmasına əsas olmuş sənədlərə baxdıqda o bir daha cavabdeh təşkilatın nə dərəcədə saxtakar olduğunu müəyyən etmişdir. Cavabdeh təşkilat saxta akt tərtib etdiyi azmış kimi cərimənin məbləğini də süni şəkildə şişirdmək üçün istifadəsində mövcud olmayan cihaz qeyd etmiş və bundan əlavə guya cihazlar 90 gün müddətində 24 saat işləmişdir. Ona məxsus tikilməkdə olan yaşayış evində təbii qazdan nəinki qanunsuz heç ümumiyyətlə istifadə etməmişdir.
6. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür.
15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
16. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
18. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.
19. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
20. Aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür (Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi). Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəaları da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır.
21. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.
22. Bundan başqa, cavabdehin nümayəndəsi akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq etmək üçün foto-şəkillər təqdim etsə də, müəyyən olunur ki, foto-şəkillər 2021-ci ilə aid olduğu halda, iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi ilə bağlı aktlar 2022-ci ilin yanvar, fevral və mart aylarında tərtib edilmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 4518,72 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.
24. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 4518,72 manat olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 65,19 manat təşkil edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00012) dair İddiaçı hesablanmış 4518,72 manat məbləğində borc silinsin. 65,19 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı
-