Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5594/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi azyaşlı uşağın öhdədə olma faktının müəyyən olunması tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18.07.2016-cı il təvəllüdlü X2 və 01.02.2018-ci il təvəllüdlü X1 onun öhdəsində olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, ərizə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədədir, ərizəçi ərizəsində özünün poçt ünvanı kimi ünvan 1sə də, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən, onun yaşayış yeri Cəbrayıl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 121A-dır. Bununla belə, ərizədən, ərizəçinin Bakı şəhəri Xətai rayon inzibati ərazisində yaşamasını təsdiq edən halları müəyyən olunmur. Beləliklə, ərizə qanunvericiliyə uyğun olaraq, Cəbrayıl Rayon Məhkəməsinə verilməli olduğu halda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir və həmin ünvanın yerləşdiyi ərazi Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Həmçinin, ərizə və ona əlavə olunmuş sənədlərdən, ərizəçinin dövlət rüsumunun ödənilməsi barədə sənəd görünmür. Məhkəmə qeyd edir ki, ərizəçinin dövlət rüsumundan azad olunması barədə hallar məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmadığından da ərizənin icraata qəbul edilməsi mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyətinə əməl olunmadan və qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət rüsumu ödənilmədən verildiyindən onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələblərinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2.2-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrə görə 10 manat dövlət rüsumu ödənilməlidir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il Tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Həmçinin, məhkəmə qeyd edir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalı olmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi azyaşlı uşağın öhdədə olma faktının müəyyən olunması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5594/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5594/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver