Məhkəmə qərarları › İş №2(011)-565/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-565/2022

15.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-565/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi qardaşı xx.xx.2003-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, X5 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur və ərizəçi onun bacısıdır. Ərizəçi hazırda qardaşı ilə birlikdə yaşayır. Ərizəçinin qardaşı hazırda müddətsiz, birinci qrup əlildir. O, ağır kəmağıllılıq, kəskin inbesillik, kobud nitq və davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, ağır kəmağıllılıq, kəskin inbesillik, kobud nitq və davranış pozuntusu xəstəsi olan qardaşına baxır. O, hərəkətlərinin mənasını başa düşmür, özünü idarə edə bilmir. Son vaxtlar əlləri də tutmur, ona görə də özü yeməyini yeyə bilmir. Daimi onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Qardaşı əmək qabiliyyətsizdir və daimi qulluğua ehtiyacı vardır. Qardaşının 18 yaşı tamam olsa da, bütün ehtiyaclarını o ödəyir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının müayinə barədə məlumatına əsasən, X5 xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, növbəti müayinə tarixi göstərilmədən, yəni müddətsiz olaraq ona qulluq və müalicə tələb edən ciddi davranış pozğuntusu. Ağır kəmağıllılıq, kəskin inbesillik, kobud nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 129 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik davranış pozunuları qeyd edilir. Müayinə zamanı aşkar olunan əlamətlər: zahirən çaşqın görünür. Bir yerdə qərar tutmur, səbəbsiz qışqırır. Bələdliyi zamana və məkana görə pozulub. Ünsiyyətə qeyri-adekvat tərzdə daxil olur. Sualların əksəriyyətini başa düşmür, nitq qüsurludur. Söz ehtiyyatı son dərəcə məhduddur. Təfəkkürü konkretdir. Abstraktlaşdırma və ümumiləşdirmə-ayırma funksiyaları inkişaf etməmişdir. Yaddaş və funksiyaların aşağı olması müəyyən edilir. Elementar biliklərə malik deyil. Maddi maraq dairəsi məhduddur. Emosiyaları şəraitə qeyri-adekvatdır. Davranışı üzərində nəzarəti zəifləmişdir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. xx.xx.2003-cü il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X5 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar