Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-565/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 1942,20 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 976 nömrəli fərdi yaşayış evi ilə bağlı mərhum atası X3 ilə Cavabdeh İB arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış, həmin ünvanda onun adına rəsmiləşdirilməklə qaz sayğacı quraşdırılmışdır. Atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh İB-nin əməkdaşları məlumatları olmadan yaşadıqları Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 976 nömrəli fərdi yaşayış evinə gəlmiş, onların təbii qazdan sayğacdankənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar etmişdirlər. Buna görə 2018-ci ilin dekabrından 2019-cu ilin oktyabr ayınadək (2019-cu ilin avqust və sentyabr ayları istisna olmaqla) hər ay akt tərtib edərək itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə ona ümumilikdə 1240,20 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan əlavə Birliyin əməkdaşları xx.xx.2017-ci il tarixdə yuxarıda qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəzlədikdən sonra əvvəlki sayğac dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamalarının nəticəsində sayğacda nasazlıqların olması müəyyən olunmuşdur. Buna görə akt tərtib olunmuş, həmin ünvana itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 702 manat məbləğində borc yazılmışdır. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil yaşadıqları fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə yaşadıqları ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Sözügedən ünvanda fasilərlə yaşamış, atasının səhhətində baş vermiş xəstəliklərlə əlaqədər 2018-ci ildən sonra həmin ünvanda demək olar ki, yaşayış olmamışdır. Yaşadıqları müddət ərzində isə təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdikləri təbii qazın dəyərini də ödəmişlər. Buna baxmayaraq Birliyin əməkdaşları yaşadığı ünvan üçün heç bir əsas olmadan təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı akt tərtib etmiş, bununla da ona əsassız olaraq 1942,20 manat məbləğində əsassız borc yazmışdırlar. Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə (tələbnamədə) sözügedən ünvanda istifadədə olan qaz cihazlarının adı və onların saatlıq sərfıyyatı göstərilməklə hesabat aparılmışdır. Reallıqda isə həmin cihazların qeyd olunan ünvanda mövcud olması və qaz sərfıyyatnın aktlarda göstərildiyi kimi olması ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - X3 barəsində xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı aktlarda mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi qeyd edilmişdir. - X1 xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat məbləğində borc hesablanmışdır. - İş materillarına əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli, 3-15-2-3/2-285/2025 saylı məktubuna əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı oğlunun Cavabdeh tərəfindən inzibati məsuliyyətə cəlb olunması ilə bağlı heç bir müraciət daxil olmayıb. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda istinadə edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İBnin əməkdaşları tərəfindən sayğaca müdaxilə və təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 manat, ümumilikdə 3759,48 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd edilən borc məbləğləri silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 57,59 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 976 nömrəli fərdi yaşayış evi üzrə X1 (abonent kodu: **********00000) xx.xx.2024cü il tarixli, ******* saylı akt əsasında 3110,40 (üç min yüz on manat qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 (iki yüz on altı manat otuz altı qəpik) manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 (iki yüz on altı manat otuz altı qəpik) manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 216,36 (iki yüz on altı manat otuz altı qəpik) manat məbləğində borc silinsin. 57,59 (əlli yeddi manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova