Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5650/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 3628,80 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, 17 mart 2023-cü il tarixində ünvan 2 ünvanına təbii qazın berilməsi məqsədi ilə cavabdeh tərəf Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti ilə təbii qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. 31 mart 2023-cü il tarixində isə iddiaçıya məlum oldu ki, Cavabdeh İb iddiaçıya məxsus ünvanın **********01000 nömrəli abonent hesab nömrəsinə 3628,80 manat məbləğində cərimə borcu yazılmışdır. ASAN Kommunaldan borcun yaranması əsasını maraqlandıqda iddiaçıya bildirmişdirlər ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus ünvana 15 mart 2023-cü il tarixində baxış keçirilmişdir. Baxış zamanı da sayğacdan kənar təbii qazdan istifadə edilməsi faktı müəyyən edilmişdir. Müəyyən edilmiş həmin fakta görə iddiaçıya məxsus ünvanın abonent hesabına 3628,80 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB tərəfindən 15 mart 2023-cü il tarixində ünvana baxış keçirilmiş, lakin akt 31 mart 2023-cü il tarixində qeyri-müəyyən şəraitdə birtərəfli qaydada tərtib edilmiş, akt və tələbnamə başqa bir şəxsin adına tərtib edilmişdir. Müqavilədən və abonent saldosudan iddiaçının istifadəsində ancaq PQ 2 növündə bir ədəd məişət qaz cihazının olduğu qeyd edilsə də, 31 mart 2023-cü il tarixli tələbnamədə ünvanda PQ4, QSQ və radiator növündə məişət qaz cihazları olmuş və hesabat həmin cihazlara görə aparılmışdır. İddiaçı təbii qazdan sayğacdan kənar istifadə etməmiş, cavabdeh təşkilata da zərər vurmamışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - X1 barəsində 31 mart 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, aktda “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” qeyd edilmişdir. Həmin akta əsasən “Dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, tələbnamədə istehlakçının adı X6 göstərilsə də, iddiaçıya məxsus **********01000 nömrəli abonent kodu qeyd edilmişdir. Bundan sonra iddiaçıya itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 30240 m3 qaza görə məbləğin ödənilməsi qərara alınmış, İddiaçı aid **********01000 nömrəli abonent hesabına 2023-cü ilin mart ayı üzrə 3628,80 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən isthelakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmiş, bununla yamaşı ziyanın hesablanması “Təbii qazdan istitifadə qaydaları” ilə müəyyən edilmiş normalarına uyğun aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən 31 mart 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında 3628,80 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 3628,80 manat məbləğində borc silinməlidir. Məhkəmə mərhəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 56,28 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu: **********01000) hesablanmış 3628,80 (üç min altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində borc silinsin. 56,28 (əli altı manat iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh İBdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova