Məhkəmə qərarları › İş №2(011)-570/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-570/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-570/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X10, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən E bloku, 692 nömrəli 1 otaqlı mənzilin cavabdehlərin müvəqqəti istifadələrinə verilməsinə dair 15.01.2018-ci il tarixli 692 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Komitəsinin Mənzil İstismar Departamentinin 15.01.2018-ci il tarixli 692 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Xətai rayonu, Telnov küçəsində məcburi köçkünlər üçün inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksində yerləşən E blok 692 nömrəli 1 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Sabunçu rayon Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yasamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir Sahə rəisi tərəfindən Cavabdeh1 692 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdirlər ki, iddia ərizəsinin heç bir əsası yoxdur və rədd edilməlidir. Belə ki, Quliyeva X3 rayonu 108 saylı MKİS-də süpürgəçi işləyir, iş yeri Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşir və işə vaxtında çatmaq üçün evdən səhər saat 06:00-da çıxır. Həmçinin axşam işdən çıxıb ancaq saat 20:00-da evə çatır. Quliyev X8 rayonu 108 saylı MKİS-də sahə nəzarətçisi işləyir, iş yeri Binəqədi rayonu , Həmzə Babaşov küçəsində yerləşir . İşlədiyi müddətdə işə vaxtında çatmaq üçün səhər saat 06:00-da evdən çıxır və axşam işdən çıxıb ancaq saat 20:00 evə gəlib çatır. Həmçinin sərt karantin rejiminin tətbiq edildiyi vaxtlarda metro işləmədiyi üçün əksər hallarda işdə qalırdı, taksi ilə gedib-gəlməyə imkanı yox idi. Bəzi hallarda bununla bağlı işdə gecələməli olmuşdur. Yaşlı adamdır, işini itirməmək və dolanacaq xərclərindən məhrum olmamaq naminə iş yerində bəzi hallarda gecələməli olmuşdur. Bəzi hallarda gecələməyə səbəb pandemiya ilə bağlı dezinfeksiya işlərinin aparılması olurdu və bu iş bir neçə gün davam edirdi. X1 ağır xəstə olduğu üçün bir müddət Bərdə şəhərində qalmalı olmuş və bacısı 04.01.2020-ci il tarixdə vəfat etmişdir. Həmçinin səhhətində ciddi problemlər olması səbəbindən və baxan olmadığı üçün (həyat yoldaşı işləyir) qardaşı X5 evində qalmaq məcburiyyətində qalmış və 02.10.2021 -ci il tarixdə əməliyyyat olunmuşdur. Lakin buna baxmayaraq mütəmadi olaraq mənzildə yaşamış, təsərrüfat aparmış və təsadüfi hallarda evdə olmamaları uzun müddətə yaşamamalarına dəlalət etmir və heç bir halda üç ay müddətində mənzil boş və istifadəsiz qalmamışdır. Həmçinin 2020 və 2021-ci illərdə məişət tullantılarının daşınması və lift xidməti ilə bağlı, su və qaz sərfiyyatı ilə bağlı ödənişlər həyata keçirilmişdir . Yəni istifadə etdiyi kommunal xidmət haqqlarını ödəmişdir. Başqa yerdə yaşayış yeri, mənzili yoxdur, bu mənzil daimi yaşayış yeridir, mənzili uzun müddətə heç bir vaxt tərk etməmiş, müvəqqəti bir neçə gün olmamaq yaşamamağa dəlalət etmir. Belə hesab edirlər ki, gündüzlər işdə olduqları vaxt Sabunçu rayonu Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları gələrək mənzildə heç kimin yaşamadığı qənaətinə gəlmişlər və əsassız olaraq Mənzil İstismar Departamentinə mənzilin istifadəsiz olaraq qalması barədə təqdimat vermişlər, lakin heç bir araşdırma aparmamışlar. Tərəflərindən “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2. bəndinin tələbləri pozulmamışdır, onlarla bağlanmış kirayə müqaviləsinə uyğun olaraq mənzildə yaşayır, istifadə edir və qanunun tələbləri pozulmamışdır. Kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları bizim birbaşa yaşayış yerindən məhrum edilmələri və küçəyə atılmaları ilə nəticələnəcəkdir. Digər yerdə yaşayış yerinin olubolmaması, müvəqqəti, yəni bir neçə gün mənzildə olmamalarının halları araşdırılmadan birbaşa məhkəmədə iddia qaldırılmışdır. Vətəndaşın xüsusi təyinatlı yaşayış sahəsində müvəqqəti, bir neçə gün yaşamamasına hər hansı bir məhdudiyyət qannuvercilikdə nəzərdə tutulmamışdır. Yuxanda göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 müvafiq qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tuturaq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir.. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kirayə verən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında bağlanmış 15.01.2018-ci il tarixli 692 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində məcburi köçkünlər üçün inşa edilmiş hündütmərtəbəli yaşayış kompleksində F blokunda yerləşən 692 nömrəli 1 otaqlı mənzil 1 nəfər ailə üzvü ilə birlikdə kirayəçinin istifadəsinə verilmişdir. İş materiallarında olan 20.08.2021, 20.09.2021 və 20.10.2021-ci il tarixli təqdimatların surətindən görünür ki, araşdırma zamanı məqsədi ilə mənzillərə baxış keçirərkən Xətai rayonu Telnov küçəsi, mənzil 692-də qeydiyyatda olan Cavabdeh1 və onun ailə üzvlərinin xeyli müddətdir həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Hal-hazırda həmin 1 otaqlı mənzil istifadəsiz olaraq qalır. İş materiallarında olan Sabunçu rayon Mənzil Kommunal istismar sahəsinin 12.01.2022ci il trixli aktından görünür ki, ünvan 1 ünvaninda məcburi köçkünlərə verilən mənzillərdən Cavabdeh1 aid olan 692 saylı mənzil 01.01.2021-ci il tarixdən ayliq yiğilan lift və zibil kommunal haqqının heç bir ödəniş etməmişdir. Cavabdeh1 mənzil 692-də yaşamadığı üçün 01.01.2022-ci il tarixədək heç bir ödəniş etməmişdir.. İş materiallarında olan "xxxx" MMC-nin 27.01.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 12.01.2022-ci il tarixindən 18.01.2022-ci il tarixinə kimi "xxxx" MMC-nin kardiologiya şöbəsində “Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİİ-İV f.s” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzinin 27.01.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 25.01.-27.01.2022-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində həkimuroloq yanında müayinədə olmuş, ona “Böyrək daşları. Sol tərəfli” diaqnozu qoyulmuş, “Sol tərəfli urospiralın çıxarılması və sol tərəfli Perkutan nefrolitotomiya” əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə olunmuş ünvan 2i ünvanında qeydiyyatda olan X7, ünvan 3nda qeydiyyatda olan X6 və ünvan 4vanında qeydiyyatda olan X12 tərəfindən tərtib olunmuş 06.02.2022-ci il tarixli ərizədən görünür ki, onlar Cavabdeh1 və X2 həqiqətən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/48 hündürmərtəbəli yaşayış kompleksi, E bloku, mənzil 692 ünvanında yaşadıqlarını öz imzaları ilə təsdiq edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə görə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə isə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Qaydaların 3.7-ci bəndinə görə məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Tərəflər arasında bağlanmış 15.01.2018-ci il tarixli 692 nömrəli xüsusi təyinatlı kirayə müqaviləsinin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə. 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən səxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əidə etdikdə. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinin tələbinə əsasən,mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə cavabdehlər tərəfindən gətirilmiş özünümüdafiə xarakteri dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillər əsaslandırılmadığından, mötəbər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla cavabdehlərin mübahisəli mənzildə ən azı 2021-ci ilin 3 ayı ərzində yaşamamaları müəyyən olunmasına baxmayaraq, cavabdehlər yalnız 2022-ci ildə müalicə müəssisələrində qısamüddətli müalicə almaları ilə bağlı sənədləri sübut kimi təqdim etmişdirlər. Həmçinin, cavabdehlərin mübahisəli mənzildə yaşamaları barədə təqdim olunmuş ərizəni tərtib etmiş şəxslərin harada yaşamaları, cavabdehlərin həmin mənzildə daimi yaşamalarının onlara haradan məlum olması iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən E bloku, 692 nömrəli 1 otaqlı mənzildə yaşamadıqı müəyyən edildiyindən iddia tələbi təmin edilməli, 15.01.2018-ci il tarixli 692 nömrəli xüsusi təyinatlı kirayə müqaviləsi ləğv edilməklə, cavabdehlər həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir . Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən E bloku, 692 nömrəli 1 otaqlı mənzilin cavabdehlərin müvəqqəti istifadələrinə verilməsinə dair 15.01.2018-ci il tarixli 692 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən E bloku, 692 nömrəli 1 otaqlı mənzildən çıxarılsınlar. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar