Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5713/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən yaşayış evinə (abonent kodu **********06320) itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır, qaz sayğacı onun anası X1 adına rəsmiləşdirilmişdir, anası 18.04.2010-cu il tarixdə vəfat etmişdir, buna baxmayaraq təbii qazdan istifadəyə görə tərəfindən vaxtlı-vaxtında ödənişlər aparılmışdır, istifadəsində olan qaz sayğacı 26.02.2021-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir, köhnə sayğac çıxarılarkın sayğacın üzərindəki bütün möhürlər yerində olmuşdur, yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra ona əlavə 216 manat borcun hesablanması məlum olmuşdur, bununla bağlı yerli qaz idarəsinə müraciət etdikdə ona bildirmişlər ki, istifadəsində olmuş qaz sayğacına guya tərəfindən müdaxilə olunduğu üçün, yəni sayğacın gövdəsi kənar təsir nəticəsində əzildiyi üçün 216 manat məbləğində cərimə hesablanmışdır, sayğac onun yaşayış evindən kənarda quraşdırılmışdır, sayğac çıxarılarkən bütün möhürləri üzərində olmuşdur, qaz sayğacına hər ay Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olunsaydı, dərhal xəbərləri olardı, bundan başqa tərtib edilmiş saxta cərimə aktı vəfat etmiş anasının adınadır və aktın “istehlakçının nümayəndəsi” bölümündə guya rəhmətlik imza etməkdən imtina etməsi barədə qeyd vardır, həmçinin cavabdehliyi Cavabdeh İB daşıdığı halda vəfat etmiş şəxsin adına 216 manat məbləğində cərimənin yazılması müəyyən deyil, cərimə aktı tərtib olunan zaman qarşı tərəfin iştirakı mütləq təmin edilməli idi, bu da cavabdehin əməllərinin qanunsuz olması qənaətinə gəlmək əsası verir. 10.08.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən bu iş üzrə bütün məhkəmə iclaslarına iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26.02.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, 29/1710-04783-1 saylı rəyə əsasən ******* nömrəli sayğaca baxış keçirilən zaman həmin sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, iddiaçının yaşadığı yaşayış evində “Elestr” tipli G4 markalı ******* nömrəli qaz sayğacı yeni “Zenner” tipli G-4 markalı **********6 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, **********06320 saylı abonent hesabına 216 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 20.03.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, **********06320 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üzrə 2160 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan ARDNŞ-nin Cavabdeh İB-nin 29/1710-04783-1 saylı rəyə əsasən ******* nömrəli sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsi nöqsanı barədə qeyd aparılmış, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir, çıxarılmış sayğac yoxlanılarkən, sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilmiş, onun abonent hesabına itirilmiş təbii qaz sərfiyyatına görə 216 manat borc hesablanmış və həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********06320 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən yaşayış evinə (abonent kodu: **********06320) itirilmiş qazın bərpası üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5713/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5713/2021
11.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver