Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5716/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı Anatolyevnanın, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Anatolyevnanın cavabdeh “xxxx” ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Anatolyevna cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2020-ci ildə “xxxx” ASC tərəfindən tərtib edilmiş RN: 196291 saylı saxta aktın ləğv olunması, xx xxxxxx 2014-cü ildən əvvəl saxta hesabatla hesablanmış elektrik enerji sərfiyyatına 878 manat saxta borcun ondan tələb olunması müddəti 6 il 8 ay təşkil olunduğundan və keçən müddətə görə tələb edilə bilmə baxımından onun hesabından silinməsi, evində yeni elektrik ölçən sayğacın dərhal quraşdırılması və evinin elektrik enerjisi ilə dərhal təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı evində xx xxxxxx 2001-ci ildə quraşdırılmış 11585379 saylı sayğacla xx xxx 2005-ci ilədək 610 kvt elektrik enerjisi işlətmişdir və borcu qalmamışdır. xx xxx 2005-ci ildən xx xxxxxx 2006-cı ilədək bu evdə yaşayış olmamışdır və elektrik enerjisindən istifadə olunmamışdır. xx xxxxxx 2007-ci ildən xx xxxx 2012-ci ilədək 15278917 saylı sayğacla işlətdiyi elektrik enerjisinə olan bütün borcunu iddiaçı ödəmişdir və heç bir borcu qalmamışdır. xx xxxx 2012-ci ildə quraşdırılmış sayğacla xx xxxxxxxx 2019-cu ilədək 2853 kvt 199 manat həcmində elektrik enerjisindən istifadə etmişdir. Belə ki, 15278917 saylı sayğacın göstəricisi xx xxxxxx 2014-cü ildə 2853 kvt olmuşdur və abunə haqqında vərəqdə xx xxxxxxx 2019-cu ilədək sərfiyyat 2853 kvt olaraq dəyişilməz qalmışdır. “xxxx” ASC tərəfindən xx xxxxxx 2014-cü ildən başlayaraq müntəzəm şəkildə hər ay sərfiyyata borc hesablanmışdır və bu borc xx xxxxxx 2014-cü ilədək 878.71 manat həcmində formalaşmışdır. xx xxxxxxxx 2020-ci ildə “xxxx” ASC saxta sənəd tərtib etmişdir. İddiaçı həmin aktın yazılmasında iştirak etməmişdir. İddiaçı xx xxxx 2012-ci ildən xx xxxxxx 2014-cü ilədək 23 ay ərzində 171 manat həcmində evində elektrik enerisindən istifadə etmişdir. “Abunə haqqında” vərəqdə xx xxxxxx 2014-cü ildən xx xxxxxxxx 2020-ci ilədək iddiaçının evində elektrik enerjisindən istifadə olunmadığı haqqında qeydlər vardır. xx xxx 2005-ci ildə evdə yeni sayğac quraşdırılmış və xx xxxx 2012-ci ildə çıxarılmışdır. Lakin həmin evdə xx xxxxxx 2007-ci ildən xx xxxx 2012-ci ilədək yaşayış olmamışdır, elektrik enerjisindən istifadə olunmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 1.091,73 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, S.Ə.Şirvani küçəsi, 3 saylı evin 96 saylı mənzilin qanuni sahibi Anatoliy Prixodiko olmuş, abunə kodu onun adına olmuşdur. İddiaçı Anatolyevna ilə X2 arasında nikah xx xxx 1992-ci ildə pozulmuşdur. İddiaçı Anatolyevna hazırda sözügedən ünvanda yaşayır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 196291 saylı aktın surətindən görünür ki, iddiaçının sahibliyində olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Həmin aktda həmçinin göstərilmişdir ki, mənzilə daxil olan elektrik xəttinin sxemdən kənarlaşdırılaraq paylayıcı xəttə birbaşa qoşulduğu müəyyən olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 221.55 manat pul tələb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx xxxxxxxx 2020-ci il tarixdə “xxxx” ASC tərəfindən 196291 saylı akt tərtib edilmiş, aktda mənzilə daxil olan elektrik xəttinin sxemdən kənarlaşdırılaraq paylayıcı xəttə birbaşa qoşulduğu qeyd edilmiş, iddiaçıya həmin akt əsasında 221.55 manat borc yazılmışdır. xx xxxxxxxx 2020-ci il tarixli akt “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunarkən iddiaçı həmin aktın yazılmasında iştirak etməmiş, aktda onun imzası olmamış, akt hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur. Bununla da həmin akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuş, həmin akt əsasında yazılmış cərimə borcu əsassız hesablanmışdır. Odur ki, xx xxxxxxxx 2020-ci il tarixli akt əsasında iddiaçıya məxsus mənzilə yazılmış 221.55 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Elektrik enerjisindən istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanununun 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iddia tələbinin 2014-cü ilə qədər iddiaçıya yazılmış enerji sərfiyyatına görə tələb olunan 878.71 manat pul vəsaitinin silinməsi ilə bağlı hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2012-ci ildən 2014-cü ilin fevral ayınadək iddiaçının sahibliyində olan ünvana hər ay işıq sərfiyyata görə borc hesablanmışdır. İddiaçının sahibliyindəki mənzilin abunə koduna “xxxx” ASC tərəfindən yazılmış son borc xx xxxxxx 2014-cü il tarixdə olmuşdur. Həmin tarixdən cavabdeh təşkilat tərəfindən iddiaçının abunə koduna yazılmış borc məbləği tələb edilməmiş, vaxtaşırı ödənişlərlə bağlı borcun tələb edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş beş illik müddət ötürülmüşdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxx” ASC tərəfindən İddiaçı Anatolyevnanın **********30096 saylı abunə koduna hesablanmış 1.091,73 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı Anatolyevnanın **********30096 saylı saylı abunə koduna hesablanmış 1.091,73 (bir min doxsan bir manat yetmiş üç qəpik) manat məbləğində borc silinsin. Cavabdeh “xxxx” ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5716/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5716/2020
19.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver