Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-573/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanı üzrə **********00170 saylı abonent kodu ilə qeydiyyata alınmış, onun mənzilinə quraşdırılmış sayğac xx.xx.2020-ci il tarixində yenisi ilə əvəz edilərək, bu barədə ******* saylı akt tərtib edilmişdir.
2. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında A008008 saylı akt tərtib edilmiş, aktda 3 ay müddətinə hesablanmış qaz sərfinin həcmi 1224 m3 qeyd edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2020-ci ilin avqust ayı üzrə 122,40 manat məbləğində borcunun olması qeyd olunmuşdur.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Nizami rayonu, Çobanzadə küçəsi, ev 2, mənzil 17 (abonent kodu: **********00170) ünvanına hesablanmış 122,40 manat borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bir müddət öncə cavabdehin nümayəndələri onun evində qeyri-qanuni, yəni sayğaca müdaxilə edilməsini bəhanə edərək cərimə yazmışlar. Onun evində sayğaca heç bir kənar müdaxilə olmamışdır. Sübut kimi ona heçnə təqdim edilməmiş yalnız abonentin saldosu və aktın surəti verilmişdir. Həmin evdə yaşadığı müddətdə kifayət qədər qaz istifadəsinə görə vəsait ödəmişdir. Cavabdehin əməkdaşları tərəfindən köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat vermişlər ki, sayğacda problem olub və o, bununla bağlı borc ödəməlidir. Qaz İdarəsinin əməkdaşları ona qaz sayğacının zədələndiyini və bu səbəbdən də əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. Həmin evdə təbii qazdan istifadəyə görə heç zaman problem olmamışdır. Bu səbəbdəndə əlavə sərfiyyat haqqı kimi borcun silinməsini xahiş edirəm.
6. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən, habelə cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür.
14. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
15. Maddə 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
16. Maddə 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
17. Maddə 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, iş materiallarında olan qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması barədə aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilərkən cavabdehin əməkdaşlarının imzası olsa da, iddiaçının adının qarşısında “imtina” qeydi yazılmaqla akt onun tərəfindən imzalanmamışdır.
20. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirkı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Həmçinin qaz sayğacının işləmədiyi dövr üçün əvvəlki aylar üzrə orta sərfiyyat nəzərə alınaraq borcun hesablanması barədə aktda qeyd edilən sayğacın ikiyə parçalanması barədə qeydin əsaslandığı rəy verilməsi üçün keçirilmiş yoxlamada iddiaçının iştirak etməməsi onun qanuni və əsaslı olmasını mübahisələndirməyə imkan verir.
21. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli A008008 nömrəli akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən qanunsuz hesab edilməlidir.
22. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həm də sayğacın işlək vəziyyətdə saxlanılmasına istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir.
23. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni cavabdehin üzərinə düşür.
24. Bundan başqa, cavabdeh iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində qeyd edilən borcun nəyin əsasında hesablanması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.
25. Məhkəmə belə qənaətə gəlir edir ki, borcun hansı əsasla hesablanması barədə sübut olunmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borcu iddiaçıdan tələb etməsi əsassızdır.
26. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
27. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur.
28. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinə (abonent kodu: **********00170) dair İddiaçı hesablanmış 122,40 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı
-