Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5741/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğvi, borcun silinməsi və pulun geri qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* və ******* nömrəli aktların ləğv edilməsi, həmin aktlardan irəli gələn 4.259,78 manat məbləğin iddiaçının hesabından silinməsi və qeyri-qanuni borca görə tutulmuş 1.131,90 manatın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 2 ünvanında yaşayır. 29 avqust 2011-ci il tarixdə ünvan 2 ünvanına, küçədə G4 markalı, İTRON SMART PAYMENT tipli, 1102AQ**********2 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, **********00000 nömrəli abonent kodu verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" akt tərtib edilməmiş və Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır, 30 may 2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 9 ay sonra iddiaçının hesab koduna heç bir əsas olmadan 477.10 manat qeyri-qanuni borc yazılmışdır. Halbuki, abonent sərfıyyata uyğun olaraq mütəmadi olaraq ödənişlər etmişdir. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan abonentin iştirakı olmadan Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsi, ev 18 ünvanında küçədə quraşdırılmış G4 markalı, İTRON SMART PAYMENT tipli, 1102AQ**********2 nömrəli qaz sayğacına baxış keçirilmiş, guya sayğacın çıxış plastmas borusu deşilmişdir. Bu barədə abonentin iştirakı olmadan ******* nömrəli akt tərtib edilmiş, lakin aktın ikinci nüsxəsi abonentə təqdim edilməmişdir. Sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmiş, həmçinin qaz sayğacının istismar müddəti bitdiyi üçün 1802AZ**********38 nömrəli sayğac ilə əvəz edilmiş, 11598957 nömrəli plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş və yenə də iddiaçı ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. Bundan əlavə ******* nömrəli akta əsasən abonentin hesab koduna 972 manat borc yazılmışdır. 14 noyabr 2022-ci il tarixdə Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsi, ev 18 ünvanında quraşdırılmış 1802AZ**********38 nömrəli qaz sayğacına abonentin iştirakı olmadan baxış keçirilmiş, guya sayğacın qaz sərfiyyatını qeyd etməməməsini, 5 rəqəmli hissədəki çarxlardan 2-ci çarxın boş rejimdə işləməsi faktını aşkar etmiş və bu barədə yenə də abonentin iştirakı olmadan ******* nömrəli akt tərtib edilmiş, lakin aktın ikinci nüsxəsi abonentə təqdim edilməmişdir. Sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 15 noyabr 2022-ci il tarixdə sayğacın sərfiyyatı qeyd etməməsi səbəbindən ZENNER G4T SMART tipli, **********408 nömrəli sayğac ilə əvəz edilmiş, 12729016 nömrəli plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" ******* nömrəli akt tərtib edilmiş və nəhayət ki, abonent ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-04855xx/xx-2022 nömrəli müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan 15 gün sonra Cavabdeh İB ünvan 3 ünvanından çıxarılmış 1802AZ**********38 № li qaz sayğacı abonentin iştirakı olmadan dövlət yoxlamasından keçmiş və Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli “X1 dair tələbnaməyə əsasən "itirilmiş qazın bərpası” məqsədi ilə 34560 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 4.393,30 manat borc yazılmışdır. Abonent tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmişdir. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğacın daxilinə müdaxilə etmək üçün plomb qırılmalı idi. Lakin plombun qırılması barədə heç bir qeydiyyat aparılmamışdır. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə nə iddiaçının, nə də ki, ailə üzvlərinin həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Akt tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. “Azəriqaz" İB-nin tərtib etdiyi - ******* nömrəli akt və ******* nömrəli akta əsasən guya birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz sayğacına məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz sayğacına müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. İddiaçı ünvan 2 ünvanında quraşdırılmış 1102AQ**********2 nömrəli və 1802AZ**********38 nömrəli qaz sayğaclarına müdaxilə etməmişdir. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlərin iştirakı olmadan qaz sayğaclarını özbaşına dəyişir və istədikləri müdaxiləni etməklə, həmin müdaxiləyə uyğun aktlar tərtib edir və abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edirlər. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Hazırkı halda iddiaçı, cavabdehdən qaz sayğaclarına abonent tərəfindən müdaxilə olunmanı sübut edən faktları tələb edir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi aktlar birtərəfli qaydada tərtib edilmişdir və iddiaçı həmin aktları imzalamamışdır. Abonent tərəfindən imzalanmamış həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. Bundan əlavə 13 iyul 2023-cü il tarixli gasrepdən məlum olur ki, abonent sərfiyyata uyğun olaraq 2022-ci ilə qədər hər ay ödənişlər etmişdir. 29 avqust 2011-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək 20355 m3 qaz sərfiyyatına görə 3254.60 manat ödəniş olmuş və qeyriqanuni yüklənmiş borclara görə abonetdən 1131.90 manat pul tutulmuşdur. Göründüyü kimi, abonent 12 il ərzində 3254.60 manatlıq qaz sərfiyyatı etmiş, lakin iki akt ilə onun hesab koduna 4259.78 manat borc hesablanmışdır. Cavabdeh İB-nin saxtakarlığı 13 iyul 2023-cü il tarixli abonentin saldosunda öz əksini tapmışdır. Təqdim edilmiş saldoda borca görə tutulma 2012-ci ildən 2018-ci ilə qədər və 2018-ci ildən 2022-ci ilə qədər dövrlər qeyd edilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək onun abonent koduna hesablanmış 4.259,78 manat məbləğin silinməsi və qeyri-qanuni borca görə tutulmuş 1.131,90 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə Cavabdeh İB-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2018-ci il tarixli ******* saylı və 30 noyabr 2022-ci il tarixli ******* saylı aktlardan görünür ki, abonentin sayğacının çıxış plastmas borusunun deşildiyi və sayğacın sərfiyyatı qeyd etmədiyi, sayğacın boş rejimdə işlədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə ümumilikdə 5.119,20 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2018-ci ilin oktyabr ayına 972 manat, 2022-ci ilin noyabr ayına 4.147,20 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş abonentin Gasrep sistemindən əldə edilmiş hesabdan çıxarışından görünür ki, 2018-ci ilin dekabr ayından 2022-ci ilin noyabr ayınadək borca görə abonentin hesabından ümumilikdə 655 manat məbləğində tutulmalar aparılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hakim verilmiş iddia tələbinin həcmində işə baxır. İş materiallarında olan saldodan görünür ki, iddiaçının abonent hesabına 2018-ci ilin oktyabr ayında 972 manat, 2022-ci ilin noyabr ayında 4.147,20 manat borc hesablanmışdır, lakin iddiaçı hazırda 4.259,78 manat borcun silinməsini tələb etdiyindən, məhkəmə də həmin məbləğə münasibətdə qətnamə qəbul edilməsini məqsədəmüvafiq hesab edir. Daha sonra məhkəmə qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddia tələbi itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 4.259,78 manat məbləğində pulun iddiaçının hesabından silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcla bağlı tutulmuş 1.131,90 manat pulun geri qaytarılması hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, abonentə borcun yazıldığı müddət ərzində onun hesabından ümumilikdə 655 manat tutulmalar olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehin iddiaçının abonent hesabından tutduğu 655 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 4.259,78 manat məbləğində borc silinməli, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 655 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 69.15 manat məbləğində rüsum tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 4.259,78 (dörd min iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 655 (altı yüz əlli beş) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Cavabdehndən 69.15 (altmış doqquz manat on beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5741/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5741/2023
16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver