Məhkəmə qərarları › İş №2(011)-5784/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5784/2024

13.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5784/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu. Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262K saylı bağ sahəmə daxil olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apardığı tikinti işlərinin onların öz hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılması, gələcəyində onunla bu sahəyə görə mübahisə yaratmaq üçün əkdiyi ağacların onun mülkiyyətimdəki sahədən çıxarması, ona məxsus hörgü daşlarından istifadə etməklə özləri üçün istifadə etmələri nəticəsində ona vurduqları 6000 (altı min) manat zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi və cavabdehlərin bütün tikililərinin özünün hesabına sökülərək onun mülkiyyətimdəki ərazidən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi daşınmaz əmlakla bağlı tikilinin sökülməsi, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması və s. barədədir ki, həmin daşınmaz əmlak da Bakı şəhəri Sabunçu rayonunda olmaqla həmin ünvanının yerləşdiyi ərazilər Bakı şəhəri Xətai rayonu Məhkəməsinin yurisdiksiyasına daxil deyil. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələbə münasibətdə analoji qaydada müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilməklə, mübahisə predmeti olan əmlaklar məhkəmənin yurisdiksiyasına daxil olmadığından ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “tikilinin sökülməsi, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması və s.” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar